QARAQAN - "A" Romanı ( Bölüm 4 )

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 5 161
Səs ver:
(səs: 1)

 

-Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm. İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin.
Kişi ikimizə də baxıb dedi:
- Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa çıx meydançadan.
Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel, fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O gülümsəyib dedi: 
- Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim saxlayır?
Mən fikirləşmədən cavab verdim:
-Hər kim saxlayır. Hər bir şahzadənin dizində yatan div olur.
Operator da qəhqəhə çəkib dedi :
- He-he-he, şahzadə, div. Bəs sən kimsən, Məlikməmməd? He-he ..Allah səni güldürsün.. Lap yerinə düşdü. Səhərdən bir zibili çəkə bilmirik bezmişəm lap.
Operatorun yanındakı daşda oturdum. Çəkiliş meydançasına uzaqdan bir ağ atlı gəldi. Qıza yaxınlaşdı və qucaqlaşdılar. Yenə də kök rejissor bağırmağa başladı:
-Aysel, nə olub sənə? Qucaqlamaq yox, öpmək lazımdır, öpmək. 
Aysel rejissora yaxınlaşıb:
-Mən onu öpməyəcəyəm,- dedi.
Rejissorun gözləri kəlləsinə çıxdı:
- Necə yəni öpməyəcəksən?
- Görmürsən nə gündədi? Necə öpüm ee onu..Sifəti gör nə iyrəncdi.
- Ay qız, sən onun sifətini nəyləyirsən. Kameraya düşmür sifəti. Heç kəs görməyəcək.
- Nə olsun ki, heç kəs görməyəcək. Mən ki görürəm. Sonra hər klipə baxanda bu sifət yadıma düşəcək.
Şahzadənin bu danışıqlarından niyəsə xoşum gəlirdi. Həm də məni öpmüşdü axı. Deməli məndən xoşu gəlmişdi. Mənə tərəf işarə edib sakitcə rejissora nə isə dedi. Sonra çəkilib kölgəlikdə oturdu. Rejissor ona baxdı, mənə baxdı, dərindən "fufff " eləyib atlı oğlana yaxınlaşdı. Sonra məni çağırdı.
- Oğlum, sənin adın nə oldu?
- Anar.
- Anar, hmmm...Anar sən klipə çəkilmək istəmirsən? Bu qız deyir ki, səninlə çəkilmək istəyir. Əlavə heç nə eləmək lazım deyil. Elə bayaqkı kimi gəlib öpəcəksən.
Sözsüz ki, mən də razılaşdım. Kim razılaşmaz ki? Bu dəfə mənə təmiz paltar və ağ at verdilər. Artıq şahzadə ilə şahzadə görüşürdü. Yenə də eyni şey təkrar olundu. Mən atla yaxınlaşdım. Sonra onu öpdüm. Bu dəfə daha möhkəm və uzun öpüş oldu. Elə bil hiss etmişdim ki, onunla çox uzun müddətə ayrılacağıq. Öpüşümüz bitmişdi. Amma gözlərimiz ayrıla bilmirdi. Mən dəqiq bilirdim ki, o oynamır. İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub. Ola bilməz? Ola bilərdi. Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq. Amma bu ola bilərdi, olmuşdu. Rejissor uzaqdan əli ilə işarə etdi ki, əl-ələ tutub çəmənlikdə gəzişək. Onun incə, yumşaq, isti əllərindən yapışdım. Bu mənim şahzadəm idi. Mən 21-ci əsrin ortasında şəhzadə axtardım, nağıl axtardım. Allah da mənim arzularımı ürəyimdə qoymadı. Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti – heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim - mənim Ayselimin, mənim şahzadəmin.
Çəmənliyin qırağında mənim qara atımın yanında dayandıq. Çəkiliş qurtardı. Rejissor gəlməyimizi işarə etdi. Amma Aysel gözünü məndən ayırmırdı. Nə isə soruşmaq istəyirdi. Yəqin ki, adımı soruşacaqdı. Mən də hazırlaşdım. Gözlərini gözlərimə zilləyib soruşdu:
-Sən məni sevirsən?
Bunu heç gözləmirdim. Amma çox da fikirləşməyə dəyməzdi. Cavabım qəti idi.
-Hə. Bəs sən?
-Mən də.
Onda vəziyyətin çətinliyini başa düşdüm. Bu baş vermişdi. İlk baxışdan məhəbbət.
Amma bayaqkı operatorun sözü də ağlımdan çıxmırdı. Onu kimsə saxlayır. Kim ola bilərdi? Bəlkə hansısa varlı bir kişi? Bəlkə hansısa vəzifəli adam? Bəlkə hansısa cinayətkar, bankir, ya narkobaron? Mən xoşbəxtliyimin əlindən tutmuşdum. Onu buraxmaq istəmirdim. Sağ tərəfə baxdım. Rejissorun başı operatorla söhbətə qarışmışdı. Sonra sola baxdım. Mənim qara atım məni gözləyirdi. Sonra düz baxdım. Uzun bir yol vardı. Cığır dağların arasından keçib gözdən itirdi. Bu mənim yolumun davamı idi. Ayselə baxıb dedim:
-Gəl gedək.
- Hara?
Dedim:
-Düz.
Sonra atın belinə qalxdım. Əlimi uzatdım, o da oyan-buyana baxıb əlimdən yapışdı. Rejissor hələ də söhbət edirdi. Biz isə atın belində yaşıl təpələrin arasıyla get-gedə gözdən itirdik.

Ardı var

 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri