QARAQAN - "A" Romanı ( Bölüm 5 )

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 076
Səs ver:
(səs: 1)
Göydən üç alma düşmədi

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır.
Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim:
- Soyuq deyil?
-Yox , soyuq deyil. Olar bir sual verim?
-Ver.
- Sən yaxşı insansan?
Mən bir az duruxdum:
-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan?
Aysel gözlərini qaçırtdı:
- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım.
- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? Niyə bu qədər qorxursan?
- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə qorxu. Bir müddət sonra onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm.
Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil itirilmiş bir dostunu tapırsan və xəbər tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən bilməmisən. Bəlkə mən əvvəllər Ayseli görsəydim heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim.
Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq. 

Ardı var

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri