QARAQAN - "A" Romanı ( Bölüm 22)

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 3 399
Səs ver:
(səs: 0)

 

Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- " bütün x-lər y - ə bərabərdir”
Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir.
Kart oyunundan A tuzu bildirir.
Siyasətdə A anarxizmin işarəsidir.

Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar sönmüşdü. Ayselə başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa bilirlər. Oğlanın səsində həyəcan hiss olunurdu:
- Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara bilmirdim. Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox qəşəng idi. Mən də kasıb oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O da az maz maaşla yeməyimizi güclə təmin edirdi. Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi gün ad günüdür. Nə isə alıb axır ki ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə dəstə gül olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa bilmirdim. Yolda bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb söyməyə başladı. Mən də maşının sağına baxdım ki, görüm nə olub. Heçç. Boş bir şey bir az palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı ki, elə bil dünya dağılıb. Sonra mənə baxıb dedi :
- Qaqaş burda bilmirsən harada moyka var?
Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal tərəfə gedəsən. O da saatına baxıb dedi:
- Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb silsin də burda nə var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki. 
O gülümsədi:
- Yoox, mən durum maşın silim? Dəli olmusan? Ayıbdı.
Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10 dəqiqən var. Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində oturub açığ pəncərədən tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir. Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı 18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –a ..Cavanlıqdı daa.
Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki:
- Pul lazım deyil. 
Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu götürdüm. Tez cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə gedirdim. Universitetdə dərslər 5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə həyətə düşdüm. Orada da yox idi. Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu harda gördüm . Həmin oğlanın maşınına minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi tanımırdım o vaxtlar. Özümü öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa cındırın əlində oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər. Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki, yəqin səhv düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt olacaq. Heh... Amma o heç mənim adımı da bilmir... Hmm. Başqa heç nə danışmaq istəmirəm. Bağışlayın. Özümü pis hiss eləyirəm.

Qaranlıqda kimsə qışqırdı. "O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi. "İstəyirsən mən sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - "Qardaş sən tək deyilsən, özünü öldürməyi ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. İşıqlar yananda Ayseli Aynurla tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini görürdüm. Ona bütün bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan artıq 5 ay keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim. Belə başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür. Yəqin istəmir ki, onu üzdən çox adam tanısın. Bəlkə elə bu dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli kameralardan bizi izləyir? Hər halda o çox ağıllı idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya bilmişdi. Bütün şəhər ondan danışırdı.

Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez Qərargahda qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı. Uşaqlarımızın öz mahnıları, öz rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının mədəniyyət aləmində vacib simalardan birinə çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və incəsənət idi. Biz bir pislik edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər baş vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda bütün şəhər qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq işarəsi var idi. Bu mübarizənin və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi. Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi.
Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam göz yaşlarını silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki doğrudan da anamı sevə bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi yox, həm də tarixin bir hissəsi kimi baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. Əgər bir dəfə atam mənim yanımda ağlayıb desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o deyirdi ki, bala ağlını başına yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara gedirsən? Bəlkə narkomansan? Bəlkə cinayətkarsan? 
Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas üzvlərindən biri idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan qaçırmağımız haqda hekayələr yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox, bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 qərargah. Pullar haradan gəlirdi? Düzü heç bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. HOST-a daxil olanlar hər ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə yaxın pul gəlirdi. Həm də disk satışları, jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq deyil. Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq. Özlərini də çırpışdırırdıq. Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik ki, hə bu səhvdi. Amma yenə də bildiyimizi edirdik. Müəyyən bir hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri qəşəng qızlar donlarını çıxaranda məlum olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. Sonradan bu adamlara məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları alandan sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də deyirdik ki, hə əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər bunları içi boş qadınlar taxıb özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə bilərdi. Soyuq gündə ata daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa su tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib dadlı şirin portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə portağalla tanış olardı. Amma indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil. Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma ədalətin özü də ədalətli deyil.
Aysel Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap edirdilər. Bu jurnalda daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun burunu əməliyyatla kəsdirmək yox, uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi. Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım deyildi. Sadəcə hərdən öz eviniz təmiz olandan sonra qonşuya da otağlarını təmizləməkdə xalçalarını yumaqda kömək etmək kifayət edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs olmayacaq. Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq əminəm ki, biz dünyanı dəyişə bilərik.

Abbas da elə bunu deyirdi.

Uşaqlar Bakı bizim əlimizdədir. Sayımız artıq günlə yox saatla artır. Hər bir sivilizasiyanın inkişafında bir dayanma nöqtəsi olmalıdır. Artıq dünyada hər kəsin xoşbəxt yaşaya biləcəyi qədər texnologiyalar kəşf olunub. Biz bu gün buradan səsimizi dünya çatdırırıq. Və deyirik. Bəsdir. STOP.
Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o böyüyüb sizi öldürəcək.

Sonra Araz çıxış edirdi.

Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou verilişlərə baxır. Televiziyaların da günahı yoxdur. Tamaşaçı nəyi tələb edirsə onu da göstərir. Amma 10 il əvvəl bu cür proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı? Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün qədər çox əlaqə qurun. Ən əxlaqsız şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək.

Sonra Aslan deyirdi.

Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə qoşulanlara verilir. Biz hər yerdə birliyimizi saxlamalıyıq. Əgər küçədə bir HOST-çu digər HOST-çunu görürsə onunla salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir. Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər bizi tapmasaydız bəlkə bu dəqiqə depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz bilmirik bəlkə onlar elə bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün.

Ardı var...

 

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri