QARAQAN - "A" Romanı ( Bölüm 24)

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 268
Səs ver:
(səs: 0)
Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa.
Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir.
Dindarlar deyir ki, görmədiyinə inan.
Alimlər deyir ki, görmədiyinə inanma.
Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır.
Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı düşünün.
Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır.
MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al.
Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir.
Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir.
Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş.
Xeyriyyəçilər deyir ki, ömrün boyu başqalarına kömək elə.
Eqoistlər deyir ki, ancaq özünü düşün.
Hippilər deyir ki, narkoman ol, həyatın dadı bundadır.
Vegetarianlar deyir ki, başqa canlıları öldürmə.
Şairlər deyir ki, səhər açılanda günəşin çıxmasına bax.
Astroloqlar deyir ki, günəş közərmiş ulduzdur, burda qeyri-adi heç nə yoxdur.
İngiltərə kraliçası deyir ki, siqareti alışqanla yox, kibritlə yandırın.
Diana deyirdi ki, necə istəyirsiniz elə də yandırın.
Kürdlər deyir ki, azad olmaq istəyirik.
Türklər deyir ki, kürdlər qələt eləyir.
Ben Laden deyir ki, Amerika qələt eləyir.
Amerika deyir ki, İran qələt eləyir.
İran deyir ki, İsrail qələt eləyir.
İsrail deyir ki, hamınız qələt eləyirsiz.


Həyətdə Azad məni gözləyirdi. Mən avtomobilə minib psixoloqla söhbətimi danışdım. Bir az güləndən sonra mənə təzə xəbərləri dedi.
- Anar, qəribə şeylər olur. Bizim qərargahda sakitçilikdi. Amma o biri qərargahlardan birində A üzə çıxıb. Təsəvvür eləyirsən? Hamının qarşısında çıxış edib. HOST-çular az qala dəli olmuşdular. Qızlar ağlayırdı, oğlanlar titrəyirdi. Abbas indi ora gedib ki, hamını sakitləşdirsin.
Mən inana bilmədim:
- A çıxıb? Axı o gizlənirdi ki, üzdən onu heç kəs tanımasın? 
- Hə, əvvəl elə eləyirdi. Amma bu gecə gəlmişdi. Gedək Qərargaha görək Abbas gəlib çıxıb ya yox. O bizə hər şeyi danışar.
Qərargahda basabas idi. Hamı A-nın gəlişindən danışırdı. Aysel mənə yaxınlaşmaq istəyirdi. Amma başa düşürdü ki, indi camaat bizim danışacağımızı, açıqlama verməyimizi gözləyir. Azadla bir yerdə Abbasın otağına daxil olduq. Abbas küncdə qısılıb oturmuşdu. Bizi görüb başını yellədi.
Azad dedi:
- Danış görəy o yanda nə baş verib?
Abbas baxışını yerdən qaldırmayıb dedi:
- Uşaqlar danışırlar ki, gecə saat 3-də həmişəki kimi söhbətləşirmişlər. Birdən Qərargahın işığı sönüb. Otağa hündürboy bir adam daxil olub. Qaranlıqda üzünü seçə bilməyiblər. O özünü təqdim edib. Sonra çıxış edib. O biri otaqdakı uşaqlar da bu nəriltili çıxışın səsinə yuxudan oyanıblar. Hamı ağlayırmış. Elə şeylər danışıb ki. Uşaqlara yeni hədəflər verib. Xəritələr, planlar. Nə bilim nələr. Sonra pəncərəni açıb aşağı tullandı. 9-cu mərtəbədən.
Mən dedim:
- Necə yəni 9-cu mərtəbədən?
- Vallah heç özüm də bilmirəm. Axır vaxtlar A-nı tanıya bilmirəm. Elə bil içində hansısa bir heyvan oyanıb. Pəncərədən tullanıb. Uşaqlar tez onun dalınca baxıblar. Asvalta uzanıbmış. Bir az sonra ayağa qalxıb qaçmağa başlayıb..
- Yox. yox... Ola bilməz. Gic-gic danışma. Necə yəni tullanıb? Bəlkə gözlərinə görünüb. Ola bilməz. Nağıldı..
Abbas ayağa qalxıb qapını açdı. Qapının ağzından o biri uşaqlar qulaq asırdı. Onlar da Abbasın dediyinə inana bilmirdilər.
- Necə yəni gözlərinə görünüb. Ən azı 7 şahid var. Qızlar hələ də özlərinə gəlməyiblər. Camaat onun seçilmiş olduğundan danışır. Deyirlər ki, müqəddəsdir. Uça bilir.
Azad dedi:
- Yaxşı tutaq ki, belədir. Amma axı biz bilirik ki, o adi oğlandır. Sənin kimi, mənim kimi.. Uşaqlıqdan tanıyırıq bir-birimizi.
Mən dözə bilməyib dedim:
- Bəlkə siz axır A haqqında nə isə danışasınız. Harada doğulub? Kimdi, nəçidi? Neçə yaşı var? 
Digər uşaqlar da mənə dəstək verdilər: "Düzdü danışın. Biz bilmək istəyirik ki, başçımız kimdi. Danışın. Danışın!”
Abbas Azada baxdı, Azad Aslana. Sonra Abbas danışmağa başladı.
"A”-nın Nağılı
A ilə həyətdə tanış olmuşdum. Lap uşaqlıqdan biz bir yerdə oynayardıq. O bizim həyətə qonşu binadan gəlirdi. Uşaqlıqdan bir az qəribə uşaq idi. Biz oynayanda qıraqda oturardı. Novruzda tonqaldan tullanmazdı. Qar yağanda qar topu oynamazdı. Gəlib həyətimizdəki pişikləri yedizdirirdi. Bir neçə il bizim həyətə gələndən sonra deyəsən onların evlərində yanğın baş verdi. Bütün ailə yandı. Təkcə A-dan başqa. Onun da bu hadisədən sonra dili tutulmuşdu. Deyəsən ağlını da itirmişdi. Ona görə onu dəlixanaya qoydular. Şayiələr gəzirdi ki, evi özü yandırıb. Ondan sonra A-dan xəbər çıxmadı. Bir də 10 il sonra mən məktəbi bitirəndə A ilə görüşdüm. Tamam dəyişmişdi. Uşaq vaxtı eybəcər uşaq idi, indi yaraşıqlı oğlan olmuşdu. Bir az söhbət elədik. Mən özüm dərslərimi yaxşı oxuyurdum. Amma onunla söhbətdə özümü lap 5 yaşlı uşaq kimi hiss edirdim. Hər şeydən xəbəri var idi. Bir kitabın adını mən çəkirdimsə beş kitabın adını o çəkirdi. Nədənsə xəbəri olmayanda da bir gün içində onu öyrənə bilirdi. Soruşanda ki, bəs o evin yanması ilə bağlı nə deyə bilər? Deyirdi ki, "Mən onları yandırmamışam, onlar özləri özlərini yandırdılar”. Sonra dəlixanadakı xəstələrdən, xəstə dostlarından danışırdı. Deyirdi ki, əslində onlar dəli deyil. Sadəcə beyinləri başqa nisbətdə işləyir. Əslində onlar çox ağıllıdılar. Tez- tez gedib dostlarına baş çəkirdi. Hərdən mən də onunla gedirdim. Bir dəqiqə dəli ilə üzbəüz oturandan sonra başını tutub qışqırırdı. Mən deyirdim ki, yəqin onda da az-maz dəlilik qalıb. Yanğının travması. Amma sonra gülə-gülə otaqdan çıxırdı. Yolda mənə dəli ilə olan söhbətini danışırdı. Deyirdi ki, filan dəli bu gün mənə o qədər şey öyrətdi ki, gəl görəsən. Mən də deyirdim ki, yəqin zarafat eləyir. Bir qəribə xüsusiyyəti var idi. Bütün qızlar onu sevirdi.Vəziyyət elə alınmışdı ki, onunla heç bir qız rəfiqəmi tanış eləmək istəmirdim. Bilirdim ki, bir günə A-ya vurulacaq. Bir gün A xahiş elədi ki, gedib onun əsl valideynlərini tapaq. Sən demə onu saxlayanlar ögey imişlər. Nə isə getdiy lazım olan yerlərə, məlum oldu ki, filan uşaq evindən götürübmüşlər. Amma uşaq evinə gedəndə orada bizə məlumat verən olmadı. Dedilər ki, onu elə uşaq evinin qabağına atmışdılar. Xanımlardan biri səsini eşidib bayıra çıxıb. Görüb ki, zibil yeşiyinin içində uşaq var. Nə adı bilinirdi, nə soyadı. Bircə boynundan A medalyonu asılmışdı. Mən soruşanda, bəs niyə orada sənə adi ad qoymayıblar deyirdi ki, ad qoymuşdular amma səsləyəndə cavab vermirdi. Uşaq olandan ancaq A adına cavab verirdi. O vaxtdan da elə A çağırırdılar. Tələbəlik illərimdə onunla lap yaxın olmuşdum. Mənə həyat haqqında düşüncələrini danışırdı. Dərslərimdə kömək edirdi. Amma özü heç yanda oxumurdu. Vəsiqəsi olmadığından nə tələbə ola bilirdi, nə əsgərliyə aparırdılar, nə də ki bir şey. Elə həyətdəki pişikləri yedizdirirdi. Pulu isə həmişə bol idi. Soruşanda pulun haradandı. Deyirdi ki, pul haradan olar? Allah verir dəə. Day dərinliyə getmək istəmirdim. Mən MTN-də işləyəndə aramız bir az dəydi. Amma sonra. Çıxandan sonra yenidən düzəldi. Son 3 ildə o mənə tez-tez planlarını danışırdı. Deyirdi ki, belə bir dəstəmiz yaranacaq. O hər şeyi qabaqcadan ölçüb biçmişdi.

Bu hekayə bizi bir az rahatladı. Axır ki, heç olmasa kiçik bir təsəvvürümüz yaradı. Amma yenə də başa düşə bilmirdim ki, keçən gecə o biri qərargahda nə baş verib. Söhbətimizin şirin yerində otağa Araz daxil oldu.
- Tez eləyin gəlin bura. Uşaqlar, A-nın yeni planı. Bu səhər üçüncü qərargahda üzə çıxıb. Uşaqlara göstəriş verib. Şəhər dağılır. HOST-çular vəhşi kimi hər yerə hücum edirlər. Alkoqol dükalarını yandırırlar, barları yandırırlar. Əmrindən 4 saat keçib, artıq 17-ci dükan yanır.
Abbas yerindən sıçradı. Necə yəni? Bu nə məsələdir? Hamımız çaşıb qalmışdıq. Azad uşaqları səslədi:
- Hamı dağılışsın, yol verin biz keçəy. O biri qərargaha getmək lazımdır.
Uşaqlar yolumuzu açdılar. Azadla həyətə düşdük. Aslanla Araz Qərargahda qaldı. Abbas isə dedi ki, gedir A-nı axtarmağa. Maşın az qala işıq sürəti ilə gedirdi. Şəhəri xaos bürümüşdü. İnsanlar küçəyə tökülüşmüşdülər. Hər addım başı bir HOST-çuya rast gəlirdik. Qərargaha çatanda bir neçə Oğlanla görüşdük.Onlar A-nın yeni planı haqda məlumat verdilər. Əllərində xəritə vardı. Üzərində müxtəlif işarələr. Biz yuxarı qalxdıq. İçəridə gənclər şənlənirdilər. Biz soruşanda ki, nə baş verib onlardan biri dedi: 
- A deyib ki, bütün lazımsız və xeyirsiz yerləri yandıraq. Uşaqlar da onun dediyini edir. Siz belə düşünmürsüz ki?
Əslində biz də elə düşünürdük. Amma bu təhlükəli ola bilərdi. Kimsə ölə bilərdi. Biz qatil deyilik. Amma oğlan deyəsən fikirimizi oxuyub cavab verdi:
- Yox, narahat olmayın.Yandırılan yerlərin hamısı boşdu. Bir insan da zərər çəkmir. Özü də ancaq varlı biznesmenlərin zərərli müəssisələri yandırılır. Bu dünyanın nəzərini cəlb edəcək. Əslində bu reklamdır.

Həmin gün çox qarmaqarışıq keçdi. Sonrakı günlər də elə onun kimi. Gündə bir yer yanırdı. Xarici kanallar Bakıdakı bu qəribə aksiyaları işıqlandırıdı. Xaricdə bu xəbər işıqlandırılan kimi, bir həftənin ərzində Bakıya Borçalıdan, Türkiyədən, Güney Azərbaycndan, Rusiyadan gənclər axışmağa başladı. Onlar qərargahlara gəlib bizim sıralarımıza qoşulurdular. İndi biz sevinirdik. Çünki gücümüz elə artmışdı ki, heç nə bizim qarşımızı ala bilməzdi. Xaricilər gələn kimi birdən birə pulumuz on qat artdı. Hansısa gizli qüvvələr bizə yardım edirdilər. Abbas dedi ki, A onların bizə qoşulmasını alqışlayır. HOST millətçilərin, vətənpərvərlərin, ya da islamçıların cəmiyyəti deyil, HOST azad insanların, fərqli insanların birliyidir. Hər kəs eynidir. Bu sözdən sonra pul bir az da artdı. Artıq bu bizə şəxsi mühafizəçi dəstələri tutmağa imkan verirdi. İndi bizim qərargahları muzdlu 20 cangüdən qoruyurdu. Maliyyəmiz 10 milyonu keçmişdi. Hər həftə bu qədər də artırdı. Deyəsən bizə yardım edənlər çox varlı şirkətlər idi. Biz yığışıb böyük bir yer tikdirmək qərarına gəldik. Adını da EPİSENTR qoyduq.
HOST zəlzələsinin episentri. Bu nəhəng tikili iki aya hazır oldu. 4 mərtəbəli yuxarıdan içi ulduzlu dairəni xatırladan bir formada idi. Böyük zirzəmisi vardı. EPİSENTR-in üzərində peyklə bir başa kontaktda olan antennalar, böyük internet şəbəkə. Otaqlar Qərargahlardan qat-qat geniş, rahat və səliqəli idi. Ayrıca uzun bir dəhliz Episentrin tam mərkəzinə - A-nın otağına gedirdi. Bu otağın divarları da qalın dəmirdən idi. Əsl bunker. Episentrin ürəyi bu otaq idi. Ora heç kəs buraxılmırdı. Evdəkilər artıq mənə heç nə demirdilər. İndi saysız-hesabsız internet səhifələrimiz yaranmışdı. Türkiyə, Rusiya, Ukrayna, İran və Gürcüstana dəstə-dəstə uşaq göndərmişdik. Onlar bizim ideyaları yayırdılar. A haqqında danışırdılar. Bir neçə aydan sonra xaricdən yaxşı xəbərlər gəldi. ”Əziz dostlar biz Ankarada ilk Qərargahımızı yaratmışıq. Sayımız 100-ə çatıb”.
"Moskvada işlər pis gedir, amma Peterburqda 70 nəfər tərəfdarmız var”, "Sayımız artır, bizə bir az pul göndərin”, "Salam uşaqlar, burda işlər əladır, 200 nəfərik”. Abbas HOST-u artıq qanuni partiya kimi rəsmiləşdimək istəyirdi. Bir neçə gün o işlərlə məşğul oldu. Azad Türkiyəyə getmişdi. İndi bütün seminarları Aslan aparırdı. Bütün ideoloji söhbətləri o yayırdı. Onun səsi cd-lərə yazılır, iclasları videoya çəkilirdi. Amma ən qəribəsi mənim başıma gəldi. Gücümüzün çox vaxtında məni heç nə təəccübləndirə bilməzdi. Amma ən inanılmaz şey baş verdi. A məni otağına çağırdı. Son vaxtlar o hamıyla yalnız kompüter vasitəsi ilə əlaqə saxlayırdı. Amma niyəsə məni görüşə çağırdı. Tir-tir əsirdim. Bilmirdim nə deyəcək. Hamı məni təbrik edirdi.

Ardı var...
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri