QARAQAN - "A" Romanı ( Bölüm 29)

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 513
Səs ver:
(səs: 0)

 

Bəzən Məğlubiyyət qələbədən yaxşı olur 

Abbasın ölümündən sonra kütləmiz daha da aqressivləşdi. Mən kitabı Abbasın ölümü və A-nın qəbirstanlıqda ağlaması ilə bitirdim. Kitabı A-ya apardılar. Bir neçə gün sonra kitab artıq əllərdə idi. HOST-un kitabı çörəkdən də çox satılırdı. Ən maraqlısı o oldu ki, bu kitab çıxan kimi Episentrə müxtəlif adamlar gəlib qəribə-qəribə şeylər deyirdilər. 
Bəziləri deyirdi ki, A başqa planetdən gəlib. Bəziləri deyirdi ki, A - növbəti peyğəmbərdi. Bəzi müsəlmanlar deyirdi ki, bu, Imam Mehdidir. Bəzi xristianlar deyirdi ki, İsa peyğəmbərdi.
Buddistlər deyirdi ki, Krişna məhz A çıxan vaxtda çıxmalı idi. Katoliklər A-nı Antixrist adlandırırdılar. Deyirdilər onu uşaq evinə Şeytanın özü gətirib. Kitabımız iyirmidən çox dilə tərcümə olunub başqa ölkələrdə dərc olunurdu. HOST ideologiyasına qoşulanların sayı milyonu keçmişdi. Belə qısa vaxtda bu qədər yayılmaq mümkün deyildi. Amma mənim də şübhə etdiyim bir şey vardı. Deyəsən A təkcə Azərbaycanda olmurdu, tez-tez xaricə gedirdi. Hər ölkədə onun xüsusi adamları vardı. Onlara tapşırıqlar verirdi. Ən çətini bu fəlsəfənin Avropaya yayılması idi. Çünki orada insanlar o qədər pozulmuşdu ki, onları bir də geriyə normal hallarına qaytarmaq çox çətin olardı. Avropadakı dəstələrin də öz müsbət halları var idi. Maddi imkan yaxşı olduğundan bizim hələ də bacarmadığımız işi görmüşdülər, bir həftəyə televiziya açmışdılar. Onlar bizdən daha yaxşı silahlanırdılar. Amma mənə ən pis təsir edən o idi ki, Abbasın ölümü bizim uşaqlardan heç kəsin vecinə deyildi. Üç gün keçməmiş hamı yenə öz işindəydi, heç bir dəfə də olsun Abbasın xatirəsini yad etmirdilər. Elə gedib-gəlib çevrilişdən danışırdılar. Çevriliş, çevriliş. Başqa söhbətləri yox idi. Özümə yer tapa bilmirdim. Bəlkə də Ayselin məni yarı yolda atması ürəyimi sıxırdı. Amma yox, nə isə başqa bir şey. Elə bil hər şey aydınlaşdıqca məlum olur ki, sən ümumiyyətlə əvvəldən heç nə bilmirsən. Aradan bircə ay da vaxt keçdi. Dünyaya qarışqa kimi səpələnmişdik. Hamı nəyisə gözləyirdi. Mən də tam başa düşə bilmirdim. Episentrin otaqlarında qaynaşan camaata baxırdım. Hamı nə isə bir iş görür, hesabat yazır, tapşırıqları yerinə yetirirdi. Ondan sonra isə "Qəribə gün” gəldi. Bu gün mənim həyatımda ən qəribə gün kimi qalacaq.

Qəribə Gün!!!
Mən, Aslan, Azad, Araz Episentrin baş zalında dəyirmi masa arxasında oturduq. Aslan telefonun dəstəyini qaldırıb dedi:
- Biz hazırıq...
Sonra Azad dedi:
- Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab gözlədiyimizdən də güclü alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı və həqiqi olacağına inana bilməzdik. Aslan, sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər Milli Məclisi tuturlar. Sonra Prezident Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey hazırdı. Onlarda da hər şey hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı Anarın kitabı ilə dəyişəcər...
Mən dözməyib onun sözünü kəsdim.
- Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə konstitutsiya? Nə danışırsız?
Azad dedi:
- Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən. Amma indi sən də bilməlisən. Biz Azərbaycanı dağıdırıq..
Mən dedim:
- Necə yəni?
Azad davam etdi:
- Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq. Amerikanın kəşfi kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə siyasətçilər, nə viza, nə sərhəd, nə dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə. Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya birliyi başa düşürsən? Dünya birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib onları İslam adı altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox, gənclərin əlində olacaq.
Mən qışqırdım:
- Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad cəmiyyətik. Azad cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir saatın içində məhv edərlər. Bu sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki? Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar, tanklar. Elə bilirsiniz ki, bu dəfə də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan uşaqlardı, onları tankın qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da növbə bizə çatanda qaçaq xaricə? Ağıllı olmaq lazımdır. Partiya yaradaq seçkilərdə iştirak edək. Çevriliş olmaz, dövləti məğlub edə bilmərik. Buna gücümüz çatmaz...
Mən danışırdım. Amma uşaqlar üzümə elə baxırdılar ki, elə bil mən nağıl zad danışıram. Onlar mənə balaca uşağa, heç nədən xəbəri olmayan uşağa baxdıqları kimi baxırdılar. Bir dəqiqə sakit durandan sonra Aslan dedi:
- Yaxşı, Anar, sənə bir şey deməliyik. Hmmm. Səncə bəs indiyə qədər biz fahişələri yandıranda, camaata hədə-qorxu gələndə, universitetlərdə qarışıqlıq salanda, dükanları dağıdanda dövlət bunu görmürdü? Səncə dövlətin xəbəri yox idi ki, biz hansı binanın hansı mənzilində yığışırıq? Səncə bilmirdilər ki, neçə nəfərik? Dövlət bu qədər zəifdir ki, indi episentri mühasirəyə alıb hamımızı qıra bilməsin? Get küçədə HOST köynəyini geyinməyib bir mağazadan çörək oğurla, o dəqiqə polislər səni tutacaqlar. Amma get HOST köynəyində həmin dükanı yandır. Heç kəs heç nə etməyəcək..
- Nə demək istəyirsən? Bu niyə belədir ki? Doğrudan niyə indiyə qədər dövlət bizə heç nə etməyib?
Aslan ayağa qalxıb gülümsədi:
- Çünki dövlət elə bizik. Biz dövlətik. Abbas MTN-dən heç vaxt çıxmamışdı. Bizim bütün maddi dəstəyimizi Prezident şəxsən dövlət büdcəsindən ayırırdı. Mühafizəçilərimiz Daxili işlər Nazirliyinin işçiləridir.
- Siz məni dolayırsız?
Azad dedi:
- Bu böyük bir gizli plan idi. Dövlət özü bunun üzərində illərlə baş sındırırdı. Azərbaycan Avropalaşır. Dünya çirklənir, neftimiz batır, rüşvət, əxlaqsızlıq, haramçılıq. Bunun qarşısını Prezident tək ala bilməzdi. Çünki onu bir dəqiqənin içində daha böyük qüvvələr - Amerika, Rusiya kimi fiqurlar məhv edərdi. Ona görə dövlət belə bir priyom işlədir. Güya ki, normal demokratik bir ölkədir. Amma onun içində gizli, radikal qruplaşmalar var. Özü də onlar dünyanın ümumi sisteminə qarşı çıxıblar. Yuxarıdan Amerika bunu görüb Prezidenti sıxışdırır ki, bunların qarşısını al. O da ondan kömək istəyir. Amerika müəyyən miqdarda pul ayırır. Həmin pul bizə qarşı işlənməli idi. Amma bu pul da bizim güclənməyimizə sərf olunur. Biz dörd nəfərdən başqa bunu heç kəs bilmədiyindən, xarici casuslar da bizim dövlətlə əlaqəmizdən xəbər tuta bilmirlər. Hansı HOST-çuya yaxınlaşırlarsa hamısı ancaq yeni gəlmiş peyğəmbərdən danışır. Hansı polisə yaxınlaşırlarsa hamısı bizim Vəhhabilər, ya da Amerika tərəfindən idarə olunduğumuzu deyir. Xaos. Heç kəs heç nə bilmir. Bu dəyirmi masa və Prezidentin xüsusi 4 nəfərlik komandasından başqa heç kəsin heç nədən xəbəri yoxdur.
- Yox ola bilməz ? Siz qəsdən elə deyirsiz ki, inanım. Lap tutaq ki, elədir. Lap tutaq ki, dövlətin öz işidir. Bəs niyə dövlət özünü dağıtmaq istəsin ki? Kim istəyər ki, dövlət dağılsın?
- Dövlət dağılmır ki? Dövlət öz idarəçiliyini davam etdirir, sadəcə başqa bucaq altından. Təsəvvür edirsən bu Azərbaycan üçün nə deməkdir. Boş bir yer yaranır. Tarixin sınma nöqtəsi. Gürcüstan, Türkiyə, digər ölkələr hamısı birləşir boşluqda. Bəs bu boşluğun mərkəzi haradır? HOST-un mərkəzi haradır? Episentr. Episentr haradadır? Bakıda. Çox sadə bir siyasi oyun. Bakı haranın baş şəhəridir? Azərbaycanın!
- Siyasi oyun? Siyasi oyun? Deməli mən sevgilimi hansısa bir siyasi oyuna görə atmışam?! Deməli bütün ideallarımız, bütün arzularımız hamısı siyasi oyundur? Hava, Od, Su, Torpaq. Bunlar hamısı siyasi oyundur. Elə bilirsiniz sizin məni bu qədər aldatdığınızı bağışlayaram? Mən bir dəfə hər şeyə tüpürüb getmişdim. Bunu ikinci dəfə də edə bilərəm. Siyasi oyun. İndi buradan çıxıb hamıya deyəcəm hər şeyi. "Eyy camaat, fərqlilərin birliyi, İlahi ordu, HOST, bunlar hamısı siyasi oyun imiş. Qayıdın evinizə boş-boş vaxtınızı nəyə gəldi sərf etməyin. Gedin uşaqlarınızın, valideynlərinizin yanına. Hamısı siyasi oyun imiş. Sizə nə, siyasi oyunlarla qoyun siyasətçilər məşğul olsun. Siyasi oyun”...
- Kəs səsini!!! – Azad əlini masaya çırpıb qışqırdı - bəsdir özünü uşaq kimi apardın. İndi ən vacib anda bircə sənin paranoyan çatışmırdı. Özünə gəl. Beş dəqiqəyə çıxıb hücumu elan etməliyik. Milli Məclis də artıq boşaldılıb. Xüsusi qrimlənmiş yaralılar, yalançı tapancalar hamısı bizim hücumumuzu gözləyir. Sən də burada isterikaya düşmüsən. Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə arzularımız var və onlara çatacağıq. Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas nəticədir.
-Tüpürdüm sizin vasitənizə də, nəticənizə də. Mən gedirəm hamıya deməyə.
Qapını açıb çıxmaq istəyirdim ki, arxadan Azad nə iləsə başımdan ilişdirdi.

Ardı var...

 

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 513
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri