Ölüm sevinci (1-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 264
Səs ver:
(səs: 5)
---Aman Allah buna nəolub görəsən? Arzu, Arzu, Arzu!
Qonşu qız Arzunun çarpayıda hərəkətsiz qalmağından qorxuya düşdü. Nə edəcəyini bilmədi. Evdə heç kim yox idi. Nərgiz qapı bir qonşuluqda yaşayan cavan gəlin Arzuya mehrini yaman salmışdı. Tez-tez oturub söhbətləşər, dərd-sərlərini bölüşərdilər. İndi də Nərgiz Arzuya baş çəkməyə gəlmişdi. Qapı açıq olduğundan içəri girmiş amma evdə tamamilə sakitlik olduğundan evdə kimsənin olmadığını yəqin etmişdi. Geri qayıtmaq istəyirdi ki, hansısa bir qüvvə onu saxladı. O birbaşa Arzunun otağına girdi. Arzunun rəngi ağappaq idi, o çarpayıda uzanmışdı. Nərgiz büsbütün özünü itirdi. Ata, anası da evdə deyildi. O yataq otağındakı telefonla təcili yardıma zəng vurdu. Nərgiz elə bil yuxuda idi. O nələr baş verdiyini, Arzunun niyə bu vəziyyətdə olduğunu, evdə niyə kimsə olmadığını başa düşə bilmirdi. Arzunun sarı saçları yastığa dağılmış, əllərini çarpazlayıb sinəsinin üstə qoymuşdu, elə bil yatırdı. Nərgiz diqqətlə onun nəfəsini dinlədi və ona elə gəldi ki, Arzu ölüb. Çünki nəfəs almağı eşidilmirdi. Nərgiz cəsarətini toplayıb onun nəbzini yoxlaya bilmirdi. Qəflətən onun gözləri Arzunun yastığının altından görünən dərman şüşəsinə sataşdı. Şüşə boş idi. Nərgiz bir anın içində buza döndü, nəfəsi təngidi, dodaqları əsdi. O hiss elədi ki, ayaqları tutulub tərpədə bilmir. Təcili yardım maşınının həyəcanlı siqnalı eşidildi. Maşın binanın qarşısında dayandı. Həkimlə birlikdə bir neçə qonşu özünü içəri dürtdü. Həkim və tibb bacısı bu səhnədən heyrətə gəldilər. Elə bil Arzu yatmış, Nərgiz də heykəl kimi onun ayaqucunda hərəkətsiz qalmışdı. Nərgiz elə bil heç gözlərini də qırpmırdı. Tibb bacısı Nərgizin qolundan tutub onu çarpayıya uzatdı, sakitləşdirici iynə vurdu. Həkim Arzunun nəbzini yoxlayıb başını yellədi.
-Artıq gecdir, xəstə keçinib. Xəstənin yaxınları gəlsin.
Heç kimdən səs çıxmadı. Həkim yan-yörəsinə baxıb bir də dedi:
-Bu evin yiyəsi kimdi?
Həkimin sözünə bəndiymiş kimi qonşu Nərminə irəli keçib:
-Ay doxtur, bu gəlinin qonşularıyıq. Nə sözün varsa bizə...
Həkim Nərminənin sözünü ağzında qoyub:
-Ay xanım, nə ağlınıza gələni danışırsız? Xəstə keçinib deyirəm. Kimdi bu evin yiyəsi? Hanı bu qızın əri?
Həkim əsəbi halda səsini qaldırdı.
Nərminə udqunub yenə çəkinə-çəkinə dilləndi:
-Vallah bilmirik hardadı. Həmişə bu gəlini beləcə evdə tək qoyub gedir. Mən bilən çox vaxt gecələr də evə gəlmir. Qaynanasıyla, qaynatası da var.
-Zəng vurun onları təcili çağırın bura.
Həkim sonuncu cümləni kədərlə söylədi.
Ay doxtur, onlar da bu evdə yaşayır. Amma Türkiyəyə qızıgilə qonaq gedəsiydilər bugün. Yəqin yola çıxıblar.Eey onlara nə var eyy. Deyirəm...
Həkim tərs-tərs Nərminəyə baxdı. Ona elə gəldi ki, bu ortayaşlı qadın zərrə qədər də ölən adama acımır. Bura da yeni məlumatlar əldə edib orda burda qeybət eləmək üçün gəlib. O Nərminənin gözlərinin içinə diqqətlə baxdı. Orada nə mərhəmət, nə də narahatlıq gördü. Onun üzündə insana xas olan heç bir ifadə yox idi. Onun simasında yalnız nadanlıq varıydı.
Həkimin ona diqqətlə tərs-tərs baxmağından özünü itirən Nərminə başını aşağı saldı. Qonşuların bəzisi sakitcə göz yaşı axıdır, bəzisi isə təəccüb və heyrətlə ”uzanan” Arzuya baxırdı. Nərgiz hələ də özünə gəlməmişdi. Həkim ona yaxınlaşıb nəbzini yoxladı.
-Görünür,bu qız şok keçirib. Çox qorxub. Yəqin elə təcili yardımı çağıran da bu qızdır. Həkim balışın altdan görünən boş dərman şüşəsini götürdü. Dərman ürək dərmanıydı. Belə dərman reseptsiz satılmır. Yəqin həkim yazıb. Bəlkə də xəstənin ürəyilə bağlı problemlər varmış. Yaxud ailə vəziyyətindən görünür ki, ola bilsin o, özünə qəsd etmiş olsun. Dəqiq bilmək olmur, o neçə həb içib. Amma doza yüksək olduğuna görə o dünyasını dəyişib. Həm də onun vücudu soyuyub. Təzə ölənə oxşamır. Ola bilsin ki, o gecədən keçinib. Bu suallar həkimin beynini qurcalayırdı. O polisə zəng vurmuşdu. Bir az keçmişdi Nərgiz özünə gəldi. O bu qarmaqarışıqlıq içində özünü itirdi. O Arzunu yataqda hərəkətsiz görəndə hər şeyi xatırladı. Qonşulardan biri onu ayağını sürüyə-sürüyə evlərinə apardı.
Polis nəfərləri evə doldu. Qonşuları və tibb bacısını çıxardılar. Həkimlə müstəntiq Arzunun yanında qaldı. Polis nəfərləri o biri otaqlarda araşdırma aparırdı. Müstəntiq həkimlə ətraflı söhbət etdi. Həkim hər şeyi necə gördüyünü, qonşuların bəzisinin verdiyi qısa məlumatları müstəntiqə söylədi. O özü üçün qeydlər aparırdı. Həkim xəstənin intihar etmə ehtimalını da vurğuladı. Müstəntiq dərman şüşəsini salofan torbaya qoydu. Həkim isə artıq onu əlinə alıb baxdığını söylədi.
Müstəntiq:
-Eybi yox, barmaq izlərinizi götürərik. Araşdırarıq görək başqa kimin barmaq izləri var. Müstəntiq otaqdakı hər şeyi nəzərdən keçirdi. Hər şey səliqəli və təmiz idi. Arzu isə o qədər gözəl idi ki, onun üzünə hələ ölüm rəngi çökməmişdi. Onun cəsədini xərəyə qoyub ekspert üçün apardılar. Müstəntiq evin qapısını xüsusi kilidlə bağlatdırıb qonşulardan bəzisini şöbəyə çağırtdırdı. Qonşu Çimnaz xala Nərgizi yatağına uzadıb üstünü örtdü. Nərgizin anası Yasəmənə zəng vurdu. Yazıq Yasəmən işdən başı alovlu gəldi. Gözyaşları içində qızının başı üstə dayanmışdı. Nərgiz anasının doğma nəfəsini duydu və gözlərini açdı. O göz yaşlarını saxlaya bilmirdi. Məntiqsiz sözlər danışırdı:
-Ana, ana, məni tək qoyma. Mən... Ana... Qorxuram. Arzu... Arzu ölüb, ana.Nərgiz sözünü sonacan söyləyə bilmədi. Qəhər onu boğurdu, o boğulub tez-tez öskürürdü,sonra yenidən sözünə davam edirdi.
-Mən onu ölü tapdım. Onlar onu öldürdülər. Axırına çıxdılar. Mən buna inanmaq istəmirəm, ana. İnanmıram olanlara. Yasəmən qızını qucaqlayıb onu sakitləşdirməyə çalışırdı. Yasəmən Arzuya olunan haqsızlıqlardan xəbərdar idi. Nərgiz anasının qucağında hönkürürdü. Arzunun bütün keyfiyyətləri o qədər gözəl idi ki. O həzin və mülayim, utancaq və fağır idi. Onun yüksək keyfiyyətlərinə görə Yasəmən qızının onunla yaxın olmasını dəstəkləyirdi. Nərgiz Bakı Dövlət Universitetində təhsil alırdı. Gələcəyin jurnalisti olacaqdı. Arzu da o vaxtlar jurnalist olmaq niyyətindəydi. Tələbə vaxtı qəzetdə məqalələri çıxırdı. Amma ailə qurduqdan sonra bütün arzuları ürəyində qaldı. Arzu Nərgizə dərslərində, işlərində kömək edirdi. Nərgiz isə ona təsəlli verib deyərdi:
-Arzu, mən inanıram, elə bir vaxt gələcək ki, sən istəklərinə nail olacaqsan. Elə bir gün mütləq gələcək. Sənin istedadına heyranam. Səndə olan qabiliyyət kimdə olsaydı indi çoxdan tanınmış bir jurnalist idi. Həyat necə dəhşətlidir. Necə olur ki, sənin kimi qız Samirə ərə gəlmisən? İncimə ey vallah, mən hələ də mat qalmışam. Sən onu tanıya bilməmisən. Bu ailə sənin arzularını zəncirləyib, buxovlayıb. Mən görürəm sən onların yanında necə sıxılıb kədərlənirsən. Onları heç vecinə də alma. Onlar az qanır, sən də özünü qoy qanmaz yerinə. Başqa cür mümkün deyil. Elə bilirsən sən onları dəyişə bilərsən? Bu mümkün olan iş deyil, əzizim.
Arzu gözləri dolmuş halda:
-Görürsənmi, Nərgiz, əgər onları dəyişmək mümkün deyilsə, bəs mən necə dəyişim? Mən dəyişib onlar kimi nadan, cahil, dar düşüncəli, insafsız ola bilərəmmi? Deməli mənim xilasım yalnız ölümdü.

Müəllif: Aygün
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 7 264
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri