Ölüm sevinci (3-cü bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 376
Səs ver:
(səs: 1)
Arzu uzanıb pəncərəyə tərəf baxdı. Gözlərindən yaşlar axırdı. O sevgiyə, qayğıya möhtac idi. Arzu insanlardan heç bir yaxşılıq gözləmirdi. O yaxşı insanların necə olduğunu unutmuşdu. Həyat onunla amansız rəftar edirdi. Deməli hələ də yaxşı adamlar varmış. Arzuya da kimsə xeyirxahlıq edərmiş. Elə bir az keçmişdi ki, qaynanası tələsik içəri girdi.Yasəmənlə Nərgizi görüb təəccübləndi.
-Xoş gəlmisiz, ay qonşu. Xeyir ola, qapının ağzında niyə dayanmısız? Arzu haradadı?
-Xoş gününə gələk, Fəridə xanım. Arzu nasazdı. Yenə ürəyindən ağrılar qalxıb. Cavan gəlindi, bu yaşında ürəyi xəstəlik tapıb. Onu niyə həkimə aparmırsız?Allah göstərməsin demirsizmi başına bir iş gələr.
Fəridə özünü sığortalamaq üçün ərini ortaya saldı.
-Eh, ay Yasəmən, neçə ildi özün görürsən, kişi xəstə, salamat günü olmayıb. Mən yazıq hansı birinin qeydinə qalım? Şükür Allaha əri var, aparsın yoxlatsın, müalicə də elətdirsin. Nəyimə lazım. Daha mənim o yaşım keçib. Nə işlərinə qarışıram nə bir söz deyirəm. Cavandılar, qoy istədikləri kimi yaşasınlar. Arzuya deyirəm, a bala dilini bir az şirin elə. Yenə də kimə deyirsən, öz bildiyini eliyir.
Fəridə kiminsə eşidəcəyindən ehtiyatlanırmış kimi səsini yavaşıdıb başını Yasəmənə sarı uzadaraq dedi:
-Zalımın qızının dili elə bil bibərdi. O uşağı da evdən didərgin salıb. Samir deyir iti görüm, qurdu görüm bircə Arzunu görməyim. Qulluğunu da mən eliyirəm gəlin gətirən bir gündən. Elə bil evimizə gəlin yox, bəla gəlib.
-Bıy başıma xeyir, ay Fəridə o nə sözdü danışırsan? Gül kimi uşaqdı Arzu. Mən neçə ildi onu tanıyıram, onun ağzından nə nalayiq söz eşitmişəm, nə də bir tərbiyəsiz hərəkətini görmüşəm.
Fəridə Yasəmənin sözlərindən alındı.
-İndi deyirsən mən boyda adam yalan danışıram?
Yasəmən istədi desin ki, hə, elə sən ifritənin, azğının birisən ki, bu evdə hamının gününü qara eliyibsən. Arzuya da böhtan deyirsən, özünü gözə soxmaqçün oğlunu da fitnələyib salırsan o yazıq gəlinin canına. Sözlər onun boğazına kimi gəldi, amma geri qaytardı. Düşündü ki, yazıq qızı döyüb öldürəcək. Onları da bura gəlməyə qoymayacaq. Arzu yazıqdı. Yenə Nərgiz gəlib onunla hal-əhval tutur, dərdləşir. Yasəmən Fəridənin söylədiklərinin hamısının ağ yalan olduğunu bilə-bilə ona heç bir şey deyə bilmədi. Həkim gəldi. Fəridə özünü canıyanan kimi göstərdi. Əl-ayağa düşdü. Həkim Arzunun ürək döyüntülərini, qan təzyiqini yoxladı. Ürək döyüntüləri sürətli, qan təzyiqi isə yüksək idi. Həkim xəstənin vəziyyətinin ciddi olduğunu söylədi. Onun keçirdiyi psixoloji gərginliyin də şahidi oldu. O Fəridəyə yaxınlaşıb dedi:
-Xanımın həyat yoldaşı hanı? Onunla söhbətim var. Bəzi şeyləri ona izah etməliyəm.
Fəridə mənalı-mənalı həkimin düz gözlərinə baxdı.
-Evdə yoxdu işdədi. Nə sözünüz var mənə deyin. Həkim Arzunun ümidsiz gözlərinə baxdı və heç də hər şeyin ürək açan olmadığını anladı.
-Arzu xanımla söhbət etdim. Çox gözəl və mədəni xanımdı. Olduqca həssasdı. Tamamilə sakit olmalıdı. Ona toxunan söz, ya onu narahat etməyən hadisə olmasa daha tez sağalar. Çoxdandı onda bu hallar baş verir. Gecikdirmisiniz. Sağalma prosesi onun əhvalından asılıdır. Təbiətdə çox olsun, gəzsin. Yenə də deyirəm ona gərginlik qətiyyən olmaz. İnfarkt riski ola bilər. Bu resepti də götürün, dərmanların hər birini gündə üç dəfə yeməkdən sonra qəbul etsin. Qurtarandan sonra mütləq müayinəyə gəlsin. Çalışın gecikdirməyin. Dediklərimi həyat yoldaşına mütləq çatdırın. Mənə elə gəlir ki, bu xanım bu yaxınlarda kiçik infarkt keçirib. Gəlin ürəyinin kardeoqrammasını çıxaraq. O tutmalar ona görədir. Müalicə almasa tutmaların sayı çoxalacaq.
Həkim "Allah şəfa versin” deyib getdi. Arzuya elə gəldi ki, həkimlə birgə onun ümidləri də getdi, dərdinə yanan bir qəlb də getdi. O gedişiylə onu sanki qaranlıq quyuya atdı. Arzu o quyudan xilas olacağına ümid etmirdi. Kaş onun atası sağ olaydı. Onda o da Arzunu qoruyardı, qayğısını çəkərdi. Arzu elə halsızlaşmışdı ki, hərəkət etməyə taqəti yox idi. Nərgizlə Yasəmən onun yanına gəldi. Nərgiz onun əlindən tutub təsəlli verirdi. Amma o özü də heç bu təsəllilərə inanmırdı. Nərgiz bilirdi ki, hər şey nəsə pis bir şeylə nəticələnəcək. Çünki Arzunun mübarizə qüvvəsi tükənmişdi. Ona elə gəlirdi ki, insan kimi onun heç bir gün də yaşamağa qüvvəsi çatmayacaq. Bu həqiqətən də beləydi. O istəmirdi Nərgiz yanından uzaqlaşsın. Arzu uzanıqlı qaldı. Nərgizlə Yasəmən isə sağollaşıb getdilər. Yan otaqdan Samirin səsi gəldi. Fəridə olanları elə qapının ağzındaca ona çatdırdı.
-Xəbərin var, arvadın özünü yenə qoyub artistliyə? Qonşu həkim çağırıb.
Samir təəccüblə soruşdu:
-Nolub ki?
-Eh, ay bala, can bala. El-aləmə var-dövlət qismət olanda bizə də yetim-yesir, xəstə-xüstə qismət olur. Əvvəldən bilsəydim bu qızın ürəyi xəstədi bu işə qol qoymazdım. Nə bildim içi çürük imiş. Yaraşığına, boy buxununa aldandım. İşləməyə də qoymadın heç olmasa pul qazansın. Nə qədər pul lazımdı yaşamaqçün. O da bəxtəvər başına oturub hazır yeyənlərdəndi də. Nədən xəbəri var pul necə gəlir?
-Ay ana, özün demədin ki, işləsə bəs evin işlərinə, atama kim baxacaq?
Fəridə sözü dəyişdi:
-Həkim də yamanca qorxutdu məni. Dedi çox təhlükəlidi. Cəhənnəmə ki. Onun canı it canıdı. Ona heç bir şey olmaz. Başıma bəla olacaq axırda. O gələndən günüm güzaranım yoxdu. Elə bil evimizin ruzi bərəkəti də yoxa çıxıb. Bütün günü pis niyyətliyinə salıb ağlayır. Atasının dağılmışı olsaydı göndərərdik getsin. Xəstələnib eləsə bir də evdən qovacam, qoy hara gedir getsin. Mən xəstəyə baxmaq üçün gətirməmişəm onu. Hara gedir getsin.
Samir anasının bu sözlərindən heyrətə gəldi. Ona elə gəldi ki, anası dünyada ən dəhşətli cinayətləri törətməyə qadirdi. O bu haqda yalnız indi dərindən düşünürdü. Fəridə özünü ”nüfuzdan salmamaqçün” Arzunu evdən qovmurdu. Həm də düşünürdü ki, ev işlərini kim görəcək, paltarları kim yuyacaq, yeməyi kim hazırlayacaq. Amma Arzu xəstədirsə onsuz da bu işləri görə bilməyəcək. Fəridə necə qaçacaq hər işin dalıyca? Amma o bu niyyətlərini oğluna açıqlamırdı. Çünki Samir elə bilirdi ki, evin bütün işlərini anası görür. Anasının bütün gün dükanları, gözəllik salonlarını, rəfiqələrinin evini gəzib özünü kübar və alicənab göstərməyindən xəbərsizdi. Samir Arzunun ağrımağından çox pis oldu. Anasının yanında özünü laqeyd göstərməyə çalışdı. Lakin resepti götürüb dərmanları almaqçün aşağı düşdü. Yarım saat sonra gəldi, stəkana ilıq su töküb Arzunun yanına getdi. O Arzunun rəngini görüb dəhşətə gəldi. Elə bil yuxudan ayıldı. Əslində Samirin Arzuya rəhmi gəlirdi. Onunla sevib evlənmişdi. Amma bəzən onu görməyə gözü olmurdu. Arzu Samiri görəndə sevinmədi, üzündə heç bir dəyişiklik olmadı. Bu Samirin nəzərindən yayınmadı. Samir ona yaxınlaşıb üzündən öpdü və astaca dedi:
-Əzizim,al dərmanını iç.
Arzu heç bir söz söyləmədən ona itaət etdi. O bir kəlmə də danışmaq istəmirdi. Arzu yorğun və zəif idi. Samir ona çay gətirdi. O tərəddüd etmədən çayı içdi. O biri otaqdan Fəridənin səsi gəldi:
-Abır yox, həya yox. Hələ kişiyə çay gətizdirir. Bir azdan önlük də taxarsan ev işlərini görərsən. Sən də kişisən? Mənim oğlum qorxaqdı. Arvadın sözüylə oturub durur.
Bu sözləri eşidən Arzu üzünü yana çevirib daha da hönkürdü. Samir başını aşağı salıb susdu.
Arzu yorğun-yorğun dilləndi:
-Heç olmasa bircə dəfə cəsarətin olsun, özünü müdafiə elə. Sən özünü müdafiə edə bilmirsən, məni qorumağa gücün yetərmi? Aciz olma, Samir, kişiyə acizlik yaraşmaz.
Bu sözlər Arzunun ağzından o qədər kəskin çıxdı ki, Samir heç bir cavab verə bilmədi. Görünür o da anlamışdı hər şeyi, o da bezmişdi bu qədər alçaldılmıqdan, qanmaz yerinə qoyulmaqdan.

Müəllif: Aygün
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 376
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri