“Bir gün qadın, xəyanətin qurbanı olur...”

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 305
Səs ver:
(səs: 1)
Bizi-birimizə bağlayan bir ülvi hiss var: sevgi... Sevginin coğrafiyasını təyin etmək mümkün deyil. Biz təkcə əks cinsə qarşı bu hissi duymuruq, doğmalarımıza, doğulduğumuz ölkəyə, işimizə, sənətimizə və s. sevgi ilə yaşayırıq. İnanclı insanlar bu hissi ilk öncəyə Tanrıya yönəldərlər...

İki cinsin bir-birinə olan sevgisindən söz açacam sizlərə..."Sevməyən ürək süni çiçəyə bənzər: ömrü uzun olsa da, ətri olmaz” -mavi gözlü dev-Nazim Hikmət sevginin aliliyini bu cür ifadə edirdi.
Öncə baxışlarımızda oxunar, sonra qəlbimizə, daha sonra ruhumuza hopar sevgi. Bizi yaşadar, həyata bağlayar, özünün xoşbəxtlik deyilən zirvəsinə çatdırar bəzən... Beləcə sevgi dolu bir ömür yaşayarıq. Əsrlərdir sevgi haqda yazılır, əsrlərdir sevgi tərənnüm olunur. Həyatın labirintlərindən, hər ağrı-acısından keçib xoşbəxtlik zirvəsinə qədər qoşa addımlamaqdır sevgi... Yaşadıqca bizi yaşadır, həyata daha da çox bağlayır. Xoşbəxtliyə qovuşmayan ailələrin çoxu sevgini dadmadığı üçün ömürləri yarıda qırılır.

***
Platon sevgini bir hiss kimi ən yuxarı zirvədə görürdü.: "Hər cür Eros gözəl deyildir, ancaq gözəl sevməyə təhrik edən Eros tərifəlayiqdir. Ruha nisbətən bədəni daha çox sevən bayağı aşiq alçaqdır. O, həm də vafasız adamdır. Çünki onun sevdiyi şey, yəni vücud dəyişkəndir.” Demək ki, o ali hiss ruhumuza hakim kəsilibsə, həqiqətən seviriksə, bizi yolumuzdan heç nə döndərə, sevdiyimizdən heç bir maneə ayıra bilməz. Demək ki, zahiri görünüş, var-dövlət sevginin yanında ümumiyyətlə, gözə görünmür.
Ramiz bəylə Mahnur xanım bir-birlərini dəlicəsinə sevərək evləniblər. İkisi də tələbə imişlər. Mahnur evdə çörək bişirib qonşulara satmaqla, Ramiz isə mağazalar yük daşımaqla, fəhlə işləməklə dolanırmışlar. Kirayələrdə, bir qarnı ac-bir qarnı tox çətinliklə yaşayırmışlar. Bununla belə elmdən də ayrılmamış, gecələrini gündüzlərinə qatıb oxuyurmuşlar. Ən çətin günlərində bir-birlərinə xoş söz deməklə, yaman günün ömrünün az olacağına özlərini inandırmaqla sevgilərinin kölgəsinə sığınırmışlar. Qadın, "Evimizdə yeməyə heç nə olmayanda bir-birimizin ruhunu xoş sözlərlə qidalandırırdıq”,-deyir. İki övladları dünyaya gəlir. Əyinlərindən, boğazlarından kəsib pul yığmağa başlayırlar. Övladlarını əməyə, çətinliklərə öyrədirlər. Bu gün Ramiz bir şirniyyat fabrikinin rəhbəridir, ər-arvad ikisi də universitetlərin birində dərs deyirlər. Övladları xoşbəxt yaşayır. Hər kəsə örnək ola biləcək ailə modeli qurublar... Mahnur xanım özü danışır: "Sevgi qədər müqəddəs ikinci bir hiss tanımıram. Həyat yoldaşım rəsmən nökərçiliklə pul qazanırdı. Axşamlar evə gələndə vedrədə su qızdırırdım ki, çimsin, üst-başı toz-torpaq içində olurdu. Yemək bişirəndə ən yaxşı payı ona çəkirdim. Elə olurdu ki, özüm ac qalırdım, yalandan deyirdim ki, səndən bir az əvvəl yemişəm. O, çox vaxt bir qəpiksiz evə gəlirdi. Sevgilim,-deyirdim,-pis olma, mənim həyatımda sən varsan, sənin sevgin var və bu, ikimizin də xoşbəxt olmağımıza yetər. Elə olub günlərlə yavan çörək yemişik. Amma bu, sevgimizin azalmasına zərrə qədər təsir etməyib. Köhnə paltarlarımı yamayıb geyinmişəm, bir dəfə də ondan geyim-kecim tələb eləməmişəm. Bir Allah şahiddir ki, sevgimizi qorumaq, aradan pərdəni götürməmək, daim bir-birimizə hörmətlə yanaşmaq üçün necə fədakarlıqlar göstərmişik. Bəzən mənə deyirlər ki, ömrün-günün, gəncliyin ehtiyac içində keçib, mənsə cavab verirəm ki, sevgi insanı heç vaxt qocaltmır... ”

"Sevgi qarın doyurmur” - həyatın labüd fəlsəfələrindən biridir. O da var ki, həqiqi sevgilər bütün dolanbacları keçməyə, maneələri dəf etməyə qadirdir. Kişilik və qadınlıq tək fiziki anlayışlar deyil, həm də psixoloji anlayışdır. Yuxarıda misal göstərdiyim ailənin başçıları bu gün hər kəsə nümunə ola biləcək bir sevgi hekayəsinin qəhrəmanlarıdır həm də.

***
Elşadla Aynur yeddi il öncə ailə qurmuşdu. Hər ikisini ailə məcburən evləndirmişdi. Elşadı sevdiyi qızdan ayırmaq üçün, anası hər vasitəyə əl atır. Oxşar hal Aynurun ailəsində də baş verir. Onu da sevdiyi oğlandan zorla ayırırlar. Evlilikdən sonra ailədə söz-söhbət yaranır. Gənc ər-arvad yola getmirlər. Elşad seksual ehtiyacını başqa qadınlarla ödəyir. Dəfələrlə hər iksi bu həyatdan bezdikləri üçün boşanmaq üçün razılığa gəlsələr də, valideynlər buna imkan vermir. Ər, arvadının yanında telefonla başqa qadınlarla danışır, yazışır. Tədricən xoşbəxtliyini içkidə, narkotikada tapır. Qadın isə o evdə olmadığı zamanlarda əvvəlki sevgilisi ilə görüşür. Bir gün qadın, xəyanətin qurbanı olur. Elşada arvadının başqası ilə görüşdüyünü deyirlər. Narkotikanın təsiri altına düşən ər, arvadını bıçaqla qətlə yetirir. Cinayət, təbii ki, cəzasız qalmır.

Beləcə, iki gəncin hisslərini anlamayan valideynlər indi peşmançılıq çəkirlər. Aynurun anası əri ilə bir-birini sevib ailə qurduğunu deyir. "Niyə qızınızı da öz sevdiyi insanla xoşbəxt olmağa qoymadınız” sualına özü deyil, göz yaşları cavab verir... Odu söndürüb külü ilə oynadığının fərqindədi-"Biz onun xoşbəxt olmasını istədik”,-deyir. Amma artıq sevginin nəyə qadir olduğuna da inanır. Elşadın anası isə əksinə, özünün də sevmədən evləndiyini deyir: "Ərə gələndə 16 yaşım vardı. Yoldaşımın üzünü toy günü gördüm. Xoşbəxt olmadım? Nə sevgi? Boş şeydi hamısı”,-deyir. Amma boş olmadığının fərqindədi. Oğlunu sevmədiyi biri ilə evləndirdiyi üçün peşmançılıq hissi keçirir. Artıq gecdir. Tək övladının ən gözəl illəri dəmir barmaqlıqlar arasında keçəcək...

***
İki ailə haqda söz açdım. Biri sevgi üzərində qurulmuş, digəri sevgisini kənarda tapdığı üçün bədbəxt sonluqla nəticələnmiş... Baş psixiatr Gəray Gəraybəyli məhəbbətsiz yaşayan insanların ruhi cəhətdən sağlam olmadığı qənaətindədir: "Sevgi insanda əminlik və yaşamaq həvəsi yaradır.” G. Gəraybəyli intiharların çoxunun sevgi səbəbindən bəxti gətirməyən insanlar tərəfindən edildiyini bildirir: "Bəzən məhəbbəti puç olan qadın, yaxud kişilər aqressiv və qəddar insana çevrilir. Bu zaman insan psixoloji sarsıntılara məruz qalır. Onlarda nifrət və ətrafındakılara inamsızlıq yaranır.” Doktor, bu cür xəstələrin şəfasını yalnız sevgidə görür. Yazıçı Marqaret Düras cəmiyyət tərəfindən qəbul olmayan homoseksuala sevgisindən həvəslə danışırmış, sevginin sərhəd tanımadığını deyirmiş: "Məni arzulamayan bir homoseksuala ehtiraslı məhəbbətlə bağlı idim. Bu, bir həqiqətdir ki, biz bir-birimizi dəlicəsinə sevirdik. Lakin insanlar, bizim bir-birimizə olan bu gözəl və dolğun münasibətimizi qəbul etmir, anlaya bilmirdilər. Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, nə inkar edə, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, mənə oğlum Janı bağışladı.” Təbii, məqsədim "üzdəniraq” kimi dəyərləndirilən təbəqəyə sevgi aşılamaq deyil, bu hissin aliliyinii, həqiqətən sərhəd tanımadığını deməkdir... Görürsüzmü, xoşbəxtlik sevgidən, yalnız sevgidən yaranır!!! Madam Düras sevmədiyi kişini sadəcə övladının atası kimi xarakterizə edir. Sevdiyi kişi haqda isə o qədər xoş sözlər deyir ki! Sevdiyi kişinin mənsub olduğu "təbəqə”ni belə düşünmədən, insanların onun bu sevgisinə necə istehza ilə yanaşacağını belə dərk etmədən...
...İlk öncə baxışları bizi ovsunlayar, sonra müqəddəs bir hissi-sevgisi ilə ürəyimizi fəth edər, ruhumuza hakim kəsilər... Bu zaman onsuz yaşaya bilməyəcəyimizi dərk edərik. Bütün xəyallarımız onunla bağlanar, arzularımız onun ürəyindən su içər. Sevgi bununun adı, dostlar, sevgi!... Ürəyinizdən sevgi əskik olmasın!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 305
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri