Yaşanmış bir sevgi hekayəsi (1-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 8 866
Səs ver:
(səs: 1)
Dayanacaqda marşrut gözləyən Arzu yenə  də gecikirdi. Dolu gələn marşrutları ötürdükcə əsəbiləşirdi. Yəqin idi ki, yenə marşrut taksisi ilə gedəcəkdi. Elə də oldu.
Taksinin arxa oturacağında yeniyetmə bir oğlan oturmuşdu. Yerini rahatlayan Arzu mobil telefonunu çıxardı. Rəfiqəsi Gülərə bir kəlmə ilə "Gecikirəm”-  deyib, telefonu bağlayıb çantasına qoydu.
Sürücü arxadakı bir boş yerə işarə ilə "Gözləyək, yoxsa gedək” – soruşdu.
Oğlan:
- Sür gedək eee, onsuz da yubanırıq – dedi və Arzuya baxıb gülümsədi.
Arzuya elə gəldi ki, oğlanın tələffüzündə nəsə şirinlik var. Hansısa hərfi düzgün demir...
Pəncərədən bayıra baxan Arzu yol boyu mənzərələrə fikir vermədən düşünürdü.
"... 30 yaşı da belə arxada qoydum. Vaxt necə sürətlə geçir, sanki hər şey dünən idi, qəbul imtahanlarının həyəcanı, universtet illəri, magistratura və nəhayət neçə illik işi... Və birdən də indiyə qədərki, həyatının necə maraqsız olduğunun fərqində oldu.
"...Aman allah, mənim nəyim var, neyçün yaşayıram, kim üçün yaşayıram?”- fikirləşərək köksünü ötürdü.
Uzun-uzadı siqnal verib onları geridə qoyan maşına baxıb fikirləşdi: "Bəlkə mən də özümə maşın alım?”...
Öz fikrinə gülümsədi bir anlıq... Ona elə gəldi ki, yanında əyləşən oğlan tez-tez ona baxır.
"... Nə olub, balaca, nə diqqətlə baxırsan?”- deyə fikirləşdi və anında üzündəki ifadə dəyişildi.
Bir müddətdən sonra Arzu hiss elədi ki, onlar nədənsə tez-tez rastlaşırlar. Ya səhər işə gedəndə, ya da axşam işdən qayıdanda... Amma xəyalına belə gəlmirdi ki, xəyalında "balaca” adlandırdığı oğlan artıq aylardır onu izləyir.
"Balaca” dediyi bu oğlan orta boylu, yaraşıqlı bir oğlan idi. Amma üzündə həmişə saf bir təbəssüm dolaşırdı. Bu təbəssüm onu yaşından uşaq göstərirdi. Gözlərində hər şeyi öyrənməyə çalışan, cəhd edən maraqlı bir ifadə var idi.
Bir gün işdən çıxıb rəfiqəsi Gülər ilə marketdən bazarlıq edib çıxanda Gülər  gülə-gülə Arzuya dedi:
- Arxamızca bir körpə gəlir.
Arzu ixtiyarsız dönüb geri baxdı. Xəyalındakı "balaca” idi.
- Axşamınız xeyir – deyə oğlan gülümsədi.
- Salam – deyib Gülərə sarı döndü. – Bizim qəsəbədə yaşayır- dedi.
- Uşşş, nə şirin baladı bu- deyib, oğlana sarı çöndü. – Axşamın xeyir, beş də artıq, balaca, nəsə sözün var? – soruşdu.
- Yooooxxx – deyə oğlan pörtmüş halda – eləcə salamlaşmaq istədim – dedi.
Qızlar gülüşdülər.
- Yaxşı elədin, balaca, adın nədir? – deyə Gülər  demək olar ki, onlarla yanaşı addımlayan oğlanı sınayıcı baxışla  süzdü.
- Mənə balaca demə, bibican, adım Arazdır. Özüm də tələbəyəm.
Onun şirin danışığına ürəkdən gülən Gülər dedi:
- Həm də, 17 yaşın var, 1 ci kursda oxuyursan....
- Siz məni tanıyırsız ki? – Araz da güldü.
"...İşə düşdük ki” – deyə Arzu dönüb Araza acıqlanmaq istədi. Amma Arazın sonsuz bir istəklə parlayan gözlərindəki ifadə onu çaşdırdı.
Dayanacaqda Gülər sağollaşıb onlardan ayrıldı. İkilikdə sakitcə dayandılar. Araz Arzunun əlindəki paketi aldı.
- Avtobusu gözləyirsən, ya taksi ilə gedək?-  dedi.
Onun belə ərkyana müraciəti Arzunun xoşuna gəldi. Təbəssümlə: - Necə istəyirsən – dedi.
Maşının arxa oturacağında demək olar ki, Araz ona sığınıb oturmuşdu. Onun bu yaxınlığı, təması Arzuda qəribə hisslər yaradırdı. Və bu hisslər onun xoşuna gəlirdi. Heç vaxt belə hisslər keçirməmişdi...
Taksidən düşəndə hava qaralırdı. Arazın onunla gəlmək istədiyini görən Arzu əlini uzadıb paketi aldı və sağollaşdı. Araz acizliklə onun gözlərinə baxdı.
- Adını deməyəcəksən?
- Arzuyam- deyib gülümsədi Arzu. – Hələlik, mən getdim.
- Arazın Arzusu...
- Nə dedin?
- Arazın Arzusu- deyə Araz yerində fırlanıb jest edərək uzaqlaşdı.
Sonrakı günlərdə də belə lazımmış kimi hər səhər görüşüb bilikdə şəhərə gedir, axşamlar da birlikdə qayıdırdılar. Arazın bitib – tükənməyən söz- söhbətini, bəzən mənasız görünsə belə Arzu səbrlə dinləyir və hiss edirdi ki, onu bir gün görməyəndə, eşitməyəndə darıxır.  Bəzən duyduqları, hiss etdikləri onu qorxudurdu. Arazla ciddi münasibəti ağlından belə keçirmək istəmirdi. Həm aralarındakı yaş fərqi, həm də Arazın uşaqxasiyyət, ərköyün davranışı onu çəkindirirdi. Əslində heç ondan heç nə istəmirdi də...
Sadəcə Araz öz gəlişi ilə onun həyatına bir rəng, maraq qatmışdı.  Çox səbrli idi Arzu. Arazın nə vaxtsa soyuyacağına ümid bəsləyirdi. Amma Araz haqqında bunu demək olmazdı. Günü-gündən Arzuya bağlanırdı.  Bir yerdə olduqlarında ancaq körpə uşaq kimi ona sığınmaq, onu hiss etmək, toxunmaq arzusuyla yaşayırdı. Amma Arzunun ciddi rəftarı onun əl-qolunu bağlayırdı. Bəzən Araza elə gəlirdi ki, Arzu onun anası xasiyyətdədir. Arzuya isə elə gəlirdi ki, Araz onun uşağıdır.
Aylardır davam edən bu münasibətlərdə açıb ağartmasalar da ikisi də israrlı idilər. Birlikdə gəzməyə gedir, bir yerdə nahar edir, özəl günlərini birlikdə qeyd etməyə çalışırdılar.
Bir gün nahar vaxtı Araz Arzuya zəng edib, onu şirkətin girişində gözlədiyini deyəndə Arzu təəccübləndi. "....  Xeyir olsun, görəsən nə olub?” – fikirləşərək, həyəcanla aşağı düşdü.
Aşağıda rəngi boğulmuş halda dayanan Arazı görəndə ürəyi düşdü.
- Nə olub sənə?
- Çıxa bilərik?
- Axı nə olub, desənə...
- Sözüm var sənə, çıxaq.
Onlar yaxınlıqdakı parka gəldilər. Arzunun gözü Arazın üzündə qalmışdı.
- Ürəyim çəkildi axı, nə olubdu?
- Sənin ürəyin indi çəkilir, amma bilmirsən ki, mənim ürəyim səni gördüyüm gündən çəkilibdi. Mən səndə yaşayıram, Arzu.
- Və?.... – deyə Arzu onun nə deyəcəyini gözlədi.
- Gəl evlənək, Arzu. Evdə də demişəm.
Arzu ürəkdən qəhqəhə ilə güldü.
- Ehhh , heç səndən belə evlənmək təklifi gözləməzdim. İndi deyirsən ki, bu yaşıma qədər oturub belə bir sıxıcı evlənmək təklifinə razılıq verim? Heç vaxt...
- Mən ciddiyəm, Arzu. Mamagil də razıdılar.
- Nəyə razıdırlar, Araz, sənin özündən 12 yaş böyük qızla evlənmək istəyinə?...
- Nə dəxli var eee – deyə Araz mızıldandı.
- Dəxli var, Araz. Gördün ki, uşaqsan. Qulağını aç və eşit, bizim bir yerdə olmağımız heç vaxt mümkün deyil. Buna nə sənin ailən, nə də mənim ailəm razı olmaz. Heç mənim də münasibətlərimizi ciddiləşdirmək fikrim yoxdu. Bəyəm bizə belə pisdi? Birdə ki, birdən birə niyə bu fikrə düşdün?
- Mən səni istəyirəm, Arzu. Sənin həyatında olmaq istəyirəm. Həyatımda olmanı istəyirəm.
- Və çıxış yolunu da evlənməkdə görürsən. Sən nə istədiyini özün də bilmirsən. Bilə -bilə ki, mən razı olsam belə, sənin valideynlərin məni tanıyanda hökmən etiraz edəcəklər... Sən sadəcə böyüdüyünü, kişiləşdiyini sübut eləmək istəyirsən...
- Dedim ki, mən səni istəyirəm... -  Araz Arzunun əlini əlinə aldı. – Mən çox ciddiyəm.
Arzu onun gözlərinə baxdı. Amma bu gözlərdə vəhşi istək və yalvarış görüncə deyəcək bir sözü olmadı.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri