Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 300
Səs ver:
(səs: 1)
Birinci Dəftər
3

 
Ən çox bəyəndiyim, yaxası, qolları ağ xəzli sürməyi yun paltarımda qara tuflilərimi geymişəm. Bu qiyafədə sanki lap qəşəngləşmişəm. Həm də hündürboy olmuşam. Dünəndən intizarını çəkdiyim görüşün vaxtına hələ xeyli qalıb. Ancaq mən indidən hazıram. Bu axşam anama, ömrümdə ilk dəfə yalan satdım:
—Ma, bizim fakültədə bir qızın ad günüdür, onlara gedirəm,—dedim.
Şübhələnmədi. Lakin soruşdu:
—Əliboş niyə?
—Yolüstü, mağazalardan bir hədiyyə alaram,—söylədim.
Uşaq vaxtlarımdan dilim belə öyrənib: mən anama "ma,” atama isə "pa” deyirəm.
Yanaqlarımın istiləndiyini hiss etdim: yəqin, yalan danışdığım üçün qızarmışdım. Bunu gizlətməyə çalışdım. Üzü divara çevrildim. Önümdə atamın foto şəkli durdu. Çatılmış enli, pırpız qaşları altdan zəhmli, iti gözləri mənə dikildi. Doğrudan da heç fikir verməmişəm, nə böyük alnı vardı atamın. Ovurdları çökmüşdü. Qalın bığları dodaqlarının üstünü örtmüşdü. Yaman qaşqabağlı kişidir. Barı şəklini çəkdirəndə bir balaca gülümsəyəydi...
Anam soruşdu:
—Saat neçədə gələcəksən, Könül?
—Bilmirəm, ma. Nə vaxt qurtarsa.
—Telefonları varmı?
—Yoxlarıdır. Geciksəm, düşüb avtomatdan sənə zəng çalaram.
—Çölə paltosuz çıxmayasan ha, Könül, soyuqlarsan.
—Ma, nigaran qalma, uşaq deyiləm ki. Bir neçə gündən sonra mənim də on doqquz yaşım tamam olur, iyirmiyə keçirəm...
Anam çox mənalı tərzdə qımışaraq o biri otağa keçdi. Gözlərinin ifadəsindən duydum ki, qızını boya-başa çatdırdığı üçün qürrələndi. Görəsən, Dərya ilə mənim təzəcə başlanan bu macəramızdan xəbər tutsa sevinərmi? Əlbəttə. Anam zəmanə ilə ayaqlaşan qadındır. O bilmirmi əvvəl-axır bir qız bir oğlanın qismətidir? Şübhəsiz ki, bu məsələdə Dəryanın kim, necə adam olduğu onu hər şeydən artıq maraqlandırır.
Anamı çox sevirəm. Gözəl xasiyyəti var, həlim arvaddır. O da məni az istəmir. Hələ bir yol üzümə kəc baxmayıb. Ancaq atam… tündməcaz kişidir. Illah, bu işdən duyuq düşsə… həşir-qiyamət qoparar. Axı niyə?! Mən un çuvalı deyiləm ki, evin bir küncündə qalam. Dərya məgər ləyaqətsiz oğlandır? Cavan...istedadlı heykəltəraş… Neçə-neçə əsərin müəllifidir. Özünü tanımırdım, ancaq adını çoxdan eşitmişdim. Nəhayət, qismət elə gətirdi ki, həyatda bir-birimizlə qarşılaşdıq, görüşdük. Dərya mehrini mənə saldı… Mən də ona vuruldum. Burda qəbahət naminə nə var ki? Atamdır da… Iş yerində adı-sanı... hörməti… Mədəndə neftçilər başına and içirlər, hamıya ağıl öyrədir, evdə isə… köhnə adətlərindən əl çəkmir...
Eh! Insanların təbiəti çox mürəkkəbdir.
Bayırda soyuq külək əsirdi. Həyətimizdəki çılpaq ağaclar, elektrik məftilləri vıyıldayanda, adamın canına üşütmə dolurdu. Dərya belə havada məni hara aparacaqdı. Keçmə Bakının da bu küləyindən.
Saat altının yarısı idi. Dəhlizə gedib paltomu geydim. Dovşan dərisindən olan yumşaq tüklü papağımı qoydum. Aynada özümə nəzər saldım. Şərfimlə papağımın rəngi yaxşı uyuşurdu—ikisi də boz idi. Ancaq dünən gecə pis yatmışam, gözlərimə balaca qızartı çökmüşdü.
—Ma, mən getdim.—Qapını açanda dönüb anama eşitdirdim.
—Yaxşı yol, qızım, çalış, çox ləngimə.
Məni gülmək tutudu. Fikirləşdim: "O, Dəryanın insafından asılıdır.”
Daş pillələri endikcə tuflilərimin dabanından çıxan səslər divarlarda tıqqıldayırdı. Yoldaşlarım haqlı imiş. Neçəsi mənə demişdi: "Könül, sən becid gedəndə dabanlarını yerə elə bərk vurursan ki, üzünün əti titrəyir.” Qızların sözündə həqiqət varmış. Axı niyə tələsirəm.Vaxta hələ xeyli qalır ki. Küçəyə çıxcaq qonşumuz Qönçəbəyimin oğlu ilə rastlaşdım. O, bu fürsəti çoxdan gözləyirmiş kimi sevincək ayaq saxladı:
—Salam, Könül...
—Salam.
—Kefin necədir?
Dinc durmadım. Şıltaqlıqla:
—Əladan da bir az o yana.—Dedim və qəhqəhə çəkib güldüm. Qönçəbəyimin oğlu belə dil-dil ötdüyümə heyran qaldı:
—Təki olsun...
Qolumdan tutub məni qırağa çəkdi.
—Könül, nə vaxtdır səninlə məxsusi bir söhbətim var. Ancaq...bura yeri deyil. Özüm də görürəm tələsirsən. Eləmi?
—Bəli. Səhv etmirsən. Qızlarla vədələşmişik...—Saatıma baxdım.—Beş-on dəqiqəyə instituta çatmalıyam.
—Yaxşı, onda yubanma, intizara söhbət haramdır, bizimki sonraya qalsın.
Qönçəbəyimin oğlu ayrılanda məni elə qəribə, mənalı nəzərlərlə süzdü ki, onu aldatdığıma utandım. Həm də barmaqlarımın ucunu ovcunda bərk-bərk sıxıb pıçıldadı: "Şeytan qız!” Sonra əlini qaldırıb çiyninin üstündə yellədi:
—Müvəffəqiyyətlər.
Uzaqlaşanda gözümün ucu ilə sezdim: təəssüflə geri qanrıldı... Belə birtəhər oldum. O cür danışdığım üçün peşmançılıq çəkdim. Qorxdum, düşünər ki, ona acıq verirəm. Mənə elə gəlirdi, hər kəs bircə kərə üzümə baxsa, hara getdiyimi əlüstü biləcəkdi. Eləcə də bu.
İndicə görüşdüyüm oğlanın adı Emindir. Bizdən üç-dörd qapı aralı olur. Evimizdə ondan söhbət düşəndə həmişə "Qönçəbəyimin oğlu” deyirlər. Tərbiyəli ailədəndir. Atası məşhur kimyagərdir—elmlər doktoru, professor...
Eminin özündən böyük bir bacısı da var. Ərdədir. O, qardaşına oxşamayıb. Qaynayıb-qarışan deyil. Qönçəbəyim əczaçıdır. Ancaq çoxdandır işləmir. Emin institutu inişil bitirib. Jurnalistdir. Özü də istiqanlı oğlandır. Qəzetlərdə vaxtaşırı imzasına rast gəlirəm. Maraqlı şeylər tapıb yazır. Hamısını da oxuyuram.
Mən Emini neçə illərdir tanıyıram. Yaz-qış hələ papaq qoyduğunu görməmişəm. Qarlı-çovğunlu günlərdə də başıaçıq gəzir. Ancaq çox təmiz, səliqəli geyinir. Məhəlləmizdə bu barədə Eminə çatan olmaz. Uzun boyundan, girdə sifətindən, yerişindən, danışığında eynən atasına oxşayır. Saçları da, göz-qaşı da, bığları da onunku kimi qaradır. Eh… Emin… Emin...Hər dəfə səninlə qarşılaşanda uşaqlığın əziz, şirin bir xatirəsi yadıma düşür...
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri