Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 9)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 235
Səs ver:
(səs: 1)
Birinci Dəftər
9


Bir kərə, yadımdadır, balaca idim; məktəbdən yay tətilinə çıxmışdım. Gərək ki, yeddinci sinfə keçmişdim. Bakıda havalar qızmışdı. Qönçəbəyim məni bir həftəliyə Buzovnadakı bağlarına qonaq aparmaq istədi. Atam tək buraxmadı; anamı da mənə qoşdu. Gedəndə tapşırdı ki: "Gözün uşağın üstündə olsun.” Mən Emini ilk dəfə lap yaxından onda gördüm. Şumal bir oğlan idi. İnstituta təzəcə girmişdi. Deyəsən məni ağlıkəsməz körpə hesab eləyirdi. Bağlarına gəldiyimiz heç yarım saat olmamışdı. Çağırıb mənə belə bir ultimatum verdi: "Bax… şeytan, quyunun yanında oynamayacaqsan. Günortanın istisində bağın içinə getməyəcəksən; qurd-quş sancar səni. Keçi kimi dər-divara, ağaca dırmaşmayacaqsan—yıxılarsan, xatada biz qalarıq...”
Həyətlərindəki qollu-budaqlı, uca çinardan uzun bir yelləncək asılmışdı. O mənim ən çox xoşladığım əyləncə idi. Soruşdum: "Quyhaquya da minmək olmaz?” Güldü. Gödək hörüklərimin ucundan tutub dartdı: "Olar. Ancaq bərk yellənmə.”
Sonra… sonra mən bir günün içində dəlicəsinə Eminə vuruldum. Elə vuruldum ki, özüm-özümü tanıya bilmədim. Tezliklə bağdan şəhərə qayıdacağımı, ondan uzaqlaşacağımı fiirləşəndə məni kədər bürüdü, qəmə batdım, az qala hönkürüb ağlamaq istədim. Başa düşmədim ki, o sevgi idi, nə idi, ürəyimə hardan yol tapmışdı, bütün vücudumu lərzəyə gətirmişdi, məni aciz, iradəsiz bir qıza çevirmişdi. Eminin isə münasibətində zərrə qədər dönüş görmürdüm. Gecələr yatanda, yerimi anamla Qönçəbəyimin aasında salırdım; uzanırdım, gözlərimi qaranlıq göylərdə işıldaşan ulduzlara zilləyirdim, hey… baxırdım. Bəzən xoruz banınadək kirpik çalırdım, ayla danışırdım, ulduzlarla pıçıldaşırdım. Belə vaxtlarda Emin məni çağırsaydı, yerimdən çəyirtkə tək sıçrayıb yanına qaçardım. Hara desəydi, sevincək gedərdim. Səhərədək onunla əl-ələ verib, yalın ayaqlarımla dünyanı dolaşardım, yorulmazdım. Şəhərə gəlməyimizə bircə gün qalmışdı. Mən yelləncəkdə oturmuşdum, asta-asta yırğalanırdım. Xəyalım uzaqlarda gəzirdi. Birdən onun—Eminin səsini eşitdim:
-"Könül!” Dik atıldım. Hay verdim:

 -"Bəli.” O, bağın içindən gəlirdi. Bir nimçə üzüm dərmişdi. "Darıxmırsan, şeytan qız?” Qaldım, nə deyim.
Emin əlindəki nimçəni çarhovuzun qırağına qoyub soruşdu: "Qaçsam, tuta bilərsənmi məni?” Qəlbimə şadlıq doldu: "Elə tutaram...”  "Başladıq!” Emin əvvəl sağa qaçdı, ardınca cumdum. Sonra zənnimi azdırmaq üçün sola buruldu... dala qayıtdı. Mən qollarımı geniş açaraq yüyürdüm, ona yetməyə can atdım. Elə bildim Emini tutsam, o həmişəlik özümünkü olacaq. Ancaq arzuma çatmadım. Evlərinin dalındakı heyva ağaclarının arasından keçəndə büdrəyib yıxıldım… biləyim cızıldı... Həmin yerdən ki, dünən Dərya öpmüşdü.
Emingilin bağlarından qayıdanda ürəyimdə baş qaldıran hissləri nadir, qiymətli bir töhfə kimi şəhərə gətirdim. Lakin… çox saxlamağı bacarmadım. Necə fövrən vurulmuşdumsa Eminə, eləcə də tez unutdum. Və anladınm ki, mənim o məhəbbət sandığım hərcayi duyğuların şıltaqlığından başqa bir şey deyilmiş...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri