Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 11)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 089
Səs ver:
(səs: 1)
Birinci Dəftər
11


Otağımın gündoğara açılan pəncərəsindən xoşüzlü bir səhər gülümsəyir. Yuxudan xeyli vaxtdır oyanmışam. Ancaq qalxmaq istəmirəm, yer dəmi alıram. Gözlərimi yummuşam—dünənki əhvalatları xatırlayıram. Daha doğrusu, görürəm. Dərya ilə şirin söhbətlərimizi, dalğaların şırıltısına qarışan qəhqəhələrimizi eşidirəm. Bu təsəvvür sanki dünəni geri qaytarıb ikinci kərə təkrar edir mənimçün.
Biz Bakıdan çıxınca yaxın kəndlərin darısqal, yöndəmsiz yollarından keçirik. "Qayaaltı” deyilən sarı qumlu, nəhayətsiz bir sahilə gəlirik. Ətrafın genişliyi, havanın saflığı ürəyimi fərəhləndirir. Yayda dənizə çimməyə axışan adamlarla dolu olan bu səs-küylü yerlər indi tamam sakit və kimsəsizdir. Təkcə qağayılardır sahilin də Xəzərin də sakinləri. Dərya suyun qırağında maşını bir dövrə sürətlə fırladıb, saxlayır, təkərlər, ləpələrlə ütülənmiş yaş qumun üstündə naxışlı çevrələr cızır. Xəbər alıram:
—Sən elə niyə elədin?
Mən də Dəryaya "Sən” deyirəm. "Siz” onu məndən, məni ondan uzaqlaşdırır.
Maışından enirik. Dərya yerdəki, ikiqat haşiyəli çevrəyə baxıb, sualıma cavab verir:
—Bunun içərisində bir gözəl qızın şəklini salacağam.
Dəniz uğuldayır. Sahilə qoşun-qoşun hücum çəkən dalğalar şahə qalxır, qağayılar qanadlarını sulara çırpır. İkimiz də susuruq. Bayaq yolda Dərya srağagünkü məyusluğumun səbəbini öyrəndikdə qəribə bir söz dedi: "Əgər mənimlə belə görüşməyə atandan ehtiyat edirsənsə, onun çarəsi asandır: elçi göndərərəm, nişanlanarıq.”
—O şəklini çəkmək istədiyin qız kimdir?—soruşuram. Dərya zarafatı başa düşür. Qolunu boynumdan aşırıb, çiynimi ovcunda sıxır. İlhama gəlmiş şairlərə təqlidən üzünü dənizə tutub deyir:
—O qızın qaranquş qanadları tək zərif, qara, çatma qaşları, uzun, sıx kirpikləri var. Gözləri əfsunlu və cazibədardır. Dodaqları həmişəbahar qönçəsidir. Alnı, yanaqları, çənəsi, boğazı hamardır, elə bil ağ mərmərdən yonulub. Qədim yunan əsatirlərindəki gözəllik ilahəsinin burnu kimi düz və sivri  burnu var. Xurmayı ipək telləri çiyinlərinə qədərdir. Cənnət sinəsində bir cüt...Mən əlimlə onun ağzını qapayıram.
—Bəsdir...
Maşına söykənərək beləcə yanaşı dayanırıq. Qarşıda, dənizin üfüqlərə qovuşduğu uzaqlarda yelkənli bir qayıq üzür. Dalğalı suların köksündə yırğalandıqca gah dikəlir, gah batır, görünməz olur. Mən, uşaqlıqda əzbərlədiyim Lermontov şerinin misralarını Xəzərə oxuyuram:
"Ağarır mavi dumanlıqda qərib bir yelkən.
O qərib yelkən uzaqlarda bilinməz nə arar...”
Sonrakı misraları Dərya dilimdən qapır. İftixar duyğusu ilə çevrilib ona baxıram. Boyumuz bir bərabərdədir. Elə məmnunam ki… Köksüm də dəniz kimidir. Qalxır… enir. Bilsəydim, təkcə bu dəqiqələri yaşamaq üçün doğulmuşam, ömrümün belə gödəkliyindən şikayətlənməzdim. Dərya çiynimi buraxır, bədənim üşürgələnir. O, kiçik bir taxta parçası tapıb, cızdığı çevrənin içərisinə girir. Hamar qumun üstdə əlini sağa-sola, aşağı-yuxarı gəzdirərək əyri xətlər çəkir. Həm də ehtiyatla hərəkət edir ki, ayaqlarının izi ora düşməsin. Onca dəqiqə keçməmiş mən yerdə böyük əksimi görüncə onun bacarığına heyrətlənirəm. Dərya dikəlib, kənara adlayır, boynunu yana əyərək gözlərini qıyır, çəkdiyi rəsmə diqqət yetirir və əməlindən razı təki qürrələnir.
—Oxşarı varmı sənə, Könül?
—Lap eynilə mən özüməm!—deyirəm.
—Ancaq… heyf zəhmətindən! Pozulub gedəcək...
—Canın sağ olsun. Bircə dəfə baxdınsa, kifayətdir. Qoy pozulsun. Orijinalı ki, ürəyimdədir...
Sonra Dərya maşında oturub, məni yanına çağırır. Məqsədini duyuram: öpmək istəyir. Çəkilib bir qıraqda dayanıram. O, aşağı enib, pəncələri üstdə oğrun-oğrun yaxınlaşaraq, arxadan məni tutmağa çalışır. Qaçıram… Ucadan gülə-gülə maşının dövrəsində fırlanıram. Dərya da ardımca yüyürür...
Emingilin bağlarında da beləcə oynadığımız yadıma düşür. Bir anlığa qəlbim kədərlənir və tez də keçir. İkimiz də dururuq. Nəfəsimizi dəririk.
—Tutacağam!—deyir Dərya.
—Tuta bilməyəcəksən!—deyirəm.
—Baxarıq!
—Baxarıq!
Dərya qəfildən irəli atılır, mən yenə götürülürəm... Yorulduğumu hiss edincə cəld maşına təpilib içəridən qapıların dördünü də bağlayıram… Dərya vəziyyəti belə görcək tez əlini cibinə salıb qurdalanır. Ancaq nahaq yerə! Açarlar maşının üstündədir...
—Zəhmət çəkmə! Bax… Bax… bunları axtarırsan?—deyə açarları çıxarıb zəncirindən tutaraq pəncərənin qabağında yellədirəm, şüşənin arxasından ona acıq verirəm... Bu əsnada anamın səsi məni diksindirir:
—Könül, qızım, bəsdir yatdın, dur, əl-üzünü yu, naharını elə...
Mən Dəryadan da, dənizdən də ayrılıram. Əlimdəki zəncirli açarlar yoxa çıxır... Şəklim də sahilin qumsallığında qalır...
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 089
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri