Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 27)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 599
Səs ver:
(səs: 0)
İkinci dəftər
27


Novruz bayramı idi. Anam bizi "ayaqaçdı” ya çağırmışdı. Ertədən zəng vurub tapşırmışdı ki, "Qazan asmayın, şama bura gələcəksiniz.”
Qaş qaralanda geyinib-gecindik, maşına oturduq. Dərya atam evinə birinci dəfə gedirdi. Qapıda qarşımıza gülər üzlə çıxdılar. Anam ikimizi də öpdü. Atam məni qucaqlayanda kövrəldi... Dayım, əmim və arvadları dəhlizə çıxıb bir-bir bizimlə görüşdülər.
—Pa, bilirsən necə darıxmışam sənin üçün?—dedim.
Kişi doluxsundu.
Elə bil evimizdən neçə il idi getmişdim. Bir-bir otaqları gəzdim. Divarlara həsrətlə baxdım. Mətbəxə də girdim. Anam xörək bişirirdi. Pəncərədə güllü süfrəyə sarılı ağız-ağıza iki boşqab qoyulmuşdu.
—Ma, bu nədir?—xəbər aldım.
Anam cavab verməzdən qabaq ehtiyatla qapını örtdü. Sonra əhəmiyyətli bir sirr açacaqmış kimi mənə yaxın gəldi. Yavaşcadan pıçıldadı:
—Bayram aşıdır, indicə Qönçəbəyim gətirdi. Deyir, uşaqların ucbatından belə əziz gündə biz küsülü qala bilmərik.—Anam əlindəki kəfkirlə iri tavada qovurduğu əti qurdalayıb sözünə əlavə etdi:
—Mən də onlara göndərəcəyəm.
Mətbəxə keçdiyimə peşman oldum. Görünür, ayrı qonaqlarımız da olacaqdı. Uzun stollar açılmışdı.
—Hə… daha heykəlimi düzəltmək fikrin yoxdur?—deyə mən zala keçəndə atam kürəkəninə sataşdı.
Dərya qımışdı:
—Bu dəfə növbə Mərmər xalanındır.
Dayıdostum anamın köklüyünə işarə ilə söhbətə qarışdı:
—A… bəs necə. Mənim baldızım elə bir parça mərmərdir də. Balaca ki, ora-burasını yontaladın a.. hazır madonnadır—apar qoy Tretyakovaya. Zalda qəhqəhə ucaldı.
Qonaqlar yerbəyer oldular. Mənimlə Dəryanı stolun yuxarı başında əyləşdirdilər. Anamın süfrəsi bayram xonçasına oxşayırdı. Qədim, üçnimçə gümüşü vazalara nabat, şəkərbura, paxlava, şorqoğalı, alma və rəngbərəng boyanmış yumurtalar qoyulmuşdu. Püstə, badam içi, qoz, fındıq ləpəsi, noğul, ləbləbi-kişmişlə doldurulmuş kiçik podnosların qırağına əlvan şamlar yapışdırılmışdı. Nimçələrdə, belinə qırmızı bant vurulmuş, bahar ətirli səmənilər stola xüsusi rövnəq verirdi. Ortada bir neçə konyak, araq və şampan butulkası da vardı.
Qapının musiqili zəngi çalındı. Gələn bibimlə, əri və Mirzə Muxtarla arvadı idi. Onların içəri girməsi ilə evə bir səs-küy düşdü ki, ağız deyəni qulaq eşitmədi. Arvadlar qalxıb marçamarç öpüşməyə başladılar, bir-birinin kefini soruşdular, oğlunu, qızını xəbər aldılar. Mirzə Muxtar elə kandardan üzünü stol üstündəki butulkalara tutub bir şer oxudu:

Saqi! Qurban sənə can, xalis araq istəyirəm.
Mən onun ləzzətini başqa sayaq istəyirəm.
Ver içim, sərxoş olum, sübhə kimi nəşələnim,
Qoy bu meyxana görünsün baş-ayaq istəyirəm.
Bilmirəm əsrimizin kimdir Ömər Xəyyamı.
Onu çoxdan gəzirəm, bircə soraq istəyirəm...

 Arvadı təhdidedici bir tərzdə Mirzə Muxtarı süzdü:
—Əlini döşünə qoy! Bu gün dilinə də vurmayacaqsan!
Kişi dərhal valın o biri üzünü çevirdi:
—İnanırsız ki, toy gecəsindən sonra hələ özümə gəlməmişəm,—dedi və keçib atamla, Dərya ilə görüşdü. Arvadı arxadan qanlı-qanlı ona baxaraq ayaq üstdən söyləndi:
—Adamın ətəyini nə qədər dartarlar?!
Mirzə Muxtar bu dəfə özünü sındırmadı:
—Eh! Rəhmətliyin qızı, mən qızışanda ətəyimi yox ey… lap pencəyimi dart çıxar əynimdən, dayanan deyiləm!—deyə qonaqların yanında kişiləndi.
Ər-arvad küsülülər kimi aralı əyləşdilər. Stola bir neçə nimçə xuruşlu ət, toyuq, qovurma düzüldü. Sonra da böyük buludda buğlanabuğlana zəfəranlı plov gətirildi.
—Bismillah eləyin,—deyə anam özünə yer axtaranda, atam onu səslədi:
—Mərmər, o tərəfdən fırlan gəl bura. Kişinin malı göz qabağında gərək.
Dayıdostum zil səslə dilləndi:
—Tamada Mirzə Muxtar!
—A… sən nə danışırsan?! İstəyirsən yenə o gecəkinin gününə düşsün!—deyə gileylənən arvad ərinə sarı dönərək gözlərini ağartdı.—Farağat otur!
Dayıdostum dilini saxlamadı:
—Bu axşam şampanski içər.
Mirzə Muxtar təklifin ikinci yarısı ilə razılaşmadı.
—Xeyr, elə bacarmayacağam. Tərki adət bə mövcibi mərəzəst. Qadın deyiləm ki. Mən araq vurmasam, dəmlənməsəm, məclisi apara bilmərəm. Eşitməmisiz, rəhmətlik Əliağa Vahidin arifanə bir sözü var:

Baş ki, ayıq oldu, onu kəs tulla dibindən.
Arif ona derlər ki, çıxa vodkə cibindən.

 O, bu məsəli çəkməklə, tamadalığa həqiqətən ləyaqətli olduğunu nümayiş etdirmək istədi. Atam ərklə Mirzə Muxtarın qədəhinə araq süzdü:
—Dur görək!
Arvadı fısıldadı, ancaq dinmədi.
—Doldurun badələri, əziz yoldaşlar,—deyə Mirzə Muxtar bir "himə” bənd imiş kimi əlüstü dikəlib nitqə başladı. Lakin boğazını tez yaşlamaq üçün əvvəlki sağlığı çox uzatmadı. Sonra cibindən kibrit çıxarıb, süfrədəki bütün şamları yandırdı, zalın işığını keçirdi. Hamını ayağa qaldırdı. Divarlarda adamların nəhəng kölgələri titrədi. Üzümüzə gələn baharın şərəfinə içdik. Arvadı Mirzə Muxtarın qabağındakı qədəhi götürüb kənara qoydu:
—Daha bəsdir!
—Sən nə danışırsan, rəhmətliyin qızı. Atalar deyib: Bir əsil qaydadır. İki cana faydadır. Çıxdı üçə vur beşə. Beşdən sonra araq nədir, say nədir. Az gileylən. Zövcəsi deyingən kişinin saqqalı tez ağarar...
—O, süfrədəki füjerlərdən birini doldurub nimçəsinin böyrünə söykədi.—Qorxma, iki öynəyə içəcəyəm. Arvadı bezgin bir əda ilə çiynini qaldırıb yerində fırlanaraq arxasını ona çevirdi.
Atamı məclislərdə dinən görməmişdim. Ancaq bu axşam o da danışdı. Həm də Dəryaya müraciət elədi:
—Bizim gözümüzün ağı-qarası bircə qızımız vardı. İndi oğulsuz da deyilik. Sən əziz balamızsan! Mən də, anası da Könülü həmişə canımızdan artıq sevmişik, gecə-gündüz başının üstdə əsmişik. Söz yox ki, bu gündən həmin qayğı ikiyə bölünəcək… Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin. Dərya qalxıb atamı öpdü. Bu o deməkdi ki, sözlərinə əməl etmək borcumuzdur. Kişilər qədəhlərini cingildədib içdilər. Mən pianoda "Səməni” rəqsini çaldım. Qadınlar əzilə-büzülə oynadılar. Mirzə Muxtarın kefi kökəlmişdi. Boşqablardan birini götürüb qulağına söykədi. Arvadına üz tutaraq oxudu, bizi o ki var güldürdü:

"Çəkdi yarım qapazı keçdi papağım gözümə.
Bir qədər keçdi, qərəz zor ilə gəldim özümə...”

Məclis axşamdan xeyli ötmüş dağıldı. Uzaqda yaşayanları Dərya maşınla aparıb evlərinə qoydu ... dalımca yenə anamgilə qayıtdı. O gecə yatanda özümü elə asudə hiss edirdim ki... Birdən Emini xatırladım, halım dəyişdi. Sonra tez də unutdum və şirin yuxuya getdim.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 599
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri