Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 34)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 848
Səs ver:
(səs: 0)
İkinci dəftər
34

Alman alimi Vilhelm Humbolt zövcəsi Karolina fon Daxroydenə qırx dörd il ərzində hər gün yüz xətt şer ithaf etmişdir. Onlar otuz beş il intəhasız bir məhəbbətlə yaşayıblar. Karolinanın vəfatından sonra da Humbaldt onu unutmayıb. Ömrünün axırına kimi, hər səhər yazdığı şeri axşam aparıb sevimli qadının məzarı üstdə oxumağı bir adət şəklinə salıb...
Həyat böyük möcüzədir! Axı neyçün insanlar hamısı bir ürəklə yaşadıqları halda xislətləri müxtəlif olur? Buna səbəb nədir? Mən ki, Dəryanın yolunda məhəbbətimi, qayğımı əsirgəmədim. Atamın, anamın, Eminin, Qönçəbəyimin arzusuna, istəyinə qarşı çıxdım. Neçə qəlbi sındırdım, bircəciyini sevindirmək üçün. Bəs indi, evləndiyimiz vaxtdan hələ üç ay keçməmiş Dərya niyə sevgini, nəvazişi, əyləncəni məndə deyil, başqasında axtarır? Novruz bayramının axşamı atamın dediyi sözləri nə tez unutdu! "… Səndən, oğlum, yeganə xahişim budur: çalış ki, Könülün bu evdən apardığı ən qiymətli cehizi olan xoşbəxtlik itməsin.” Görəsən, taleyimi Eminə bağlasaydım, o da mənimlə beləmi davranacaqdı? Yox! Inanmıram! Əslinə qalsa, heç Dəryanın da bu hərəkətini ağlıma sığışdıra bilmirəm. Ancaq… nə edim, Fəzilənin danışdıqları həqiqətə oxşayırdı.
Saat beşi ötmüşdü. Nahara heçnə hazırlamamışdım. Özüm də ac idim. Səhərdən institutdan gəlib yataq otağında uzanmışdım, elə hey fikirləşirdim.
 Dərya içəri girəndə qalxmadım. O məni bu vəziyyətdə görüb, təşvişlə çarpayıya yaxınlaşdı:
—Könül, nə var?!—dedi və yanımda əyləşərək, üzümə tökülmüş saçlarımı arxaya hamarlayıb əlini alnıma qoydu.
—Xəstə deyilsən ki?
 Dodaqlarım əsdi. Nəzərlərimi ondan yayındırdım. Bu dəfə nəbzimi yoxladı. Dəryanın indiki canıyananlığını süni bir mehribanlıq sandım. Qulağımda titrəyən səsi, qəlbimi incidən hərəkətləri və sifətimə sancılan baxışları məndə ikrah hissi oyatdı.
—Çəkil yanımdan!—dedim və biləyimi ovcundan dartıb mələfənin altında gizlətdim.
—Sən get onun dərdinə yan!
—Başa düşmədim, Könül. Nə buyurdun? "O” kimdir?
—O? Özün yaxşı bilirsən! Maşında gəzdirdiyin!
Qəfildən tutuldu. Sonra qondarma bir qəhqəhə çəkərək bərkdən güldü.
—Oho… Demək məsələni sənə bu şəkildə çatdırıblar? Onunçun bikefsən? Düzü, gözləməzdim!
—Əgər yalandırsa, bəs sən niyə gizlədirdin?
—Elə buna görə!—O qalxıb qarşımda dayandı.
—Ürəyimə dammışdı ki, şübhələnəcəksən. Maşında qız olmağına olub, ayağı da əzilib. Bəs bir maraqlanmırsan ki, o kimdir, nəçidir?
—Xeyr!
—Mənim naturşitsamdır. Hər saatına pul verib gətirirəm. Vəssalam. Onsuz heykəl işləmək olar? Dünən özünü naza qoymuşdu, daha gəlmək istəmirdi. Dalınca evlərinə getdim. Yalvar-yaxar, birtəhər dilə tutdum. Emalatxanaya qayıdanda, qəzaya düşdük. Inandın?..
—Yox!
—Niyə?
—Sən qıza baxıb məcnun düzəldirsən?
Dərya yenə şaqqanaq çəkdi:
—Vallah, Könül, bilmirəm səni necə başa salım. Evdə oturub, emalatxanadan xəbər verirsən. Mən "Məcnun”u bir aya yaxındır dayandırmışam, sifarişlə "Sağıcı” heykəlini hazırlayıram. Qanorarının da yarısını almışam… Əvvəl səni işləmək fikrində idim. Sonra fikirləşdim, institut, ev… vaxtın çox itəcək. Emalatxanama qadının, qızın gəldiyi birinci kərə deyil ki...
—O, siqaret yandırdı.-Başqa yerdə danışarsan, gülərlər sənə. Biz müasir adamlarıq. Belə şeylərdə hər dedi-qoduya əhəmiyyət verməməliyik. Dərya mətbəxə keçdi.
—Yeməyə nəyin var?
—Hələ heçnə bişirməmişəm.
Durub ona nahar hazırlamaq istədim. Qoymadı.
—Zəhmət çəkmə. Könülcan, özüm bir şey düzəldərəm.
Doğrusu, rəftarıma görə peşman oldum. Ürəyimdə Fəziləni qarğıdım. Sən demə, bütün həyəcanlarım bica imiş. Qalxıb geyindim.
—Dərya, sən əlini bulaşdırma, bu dəqiqə gəlirəm,—dedim. Kinim, küdurətim haçan yox oldu, bilmədim.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 848
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri