Salam Qədirzadə - 46 Bənövşə (Epiloq)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 149
Səs ver:
(səs: 0)
Epiloq

Pəncərəmdə dan sökülürdü… Yerimə uzanmışdım, lakin mütəəssir olduğumdan yata bilmirdim. Mənzərənin iki dəftərini bir gecədə oxuyub qurtarmışdım. Məndə Könülün taleyinə intəhasız maraq oyanmışdı. Əsərin sonunda Emini görmək istəyirdim. O, əvvəllər sevdiyi qızı indi necə qarşılayacaqdı—məni düşündürürdü. Ehtimal ki, bu macəra Mənzərənin öz başına gəlmişdi; adını qəsdən dəyişib Könül qoymuşdu. Utandığından.
Neçə vaxt idi dəftər sahibinin yolunu gözləyirdim. Nəhayət, bir gün işin axırına yaxın otağın qapısı döyüldü. Tıqqıltının zərifliyindən duydum ki, qadın barmaqlarıdır.
—Buyurun,—dedim.
Mənzərəmi deyim, Könülmü deyim—bilmirəm, onların hansıydı, içəri qədəm qoyu. Ehtiramla salam verdi. Qıza yenə qarşımdakı kresloda yer göstərdim. Əyləşdi. Məndəki bənövşəli dəftərlərin cildi rəngində göyümtül, sadə paltar geymişdi. Sifəti, qolları gündə yanıb əsmər olmuşdu. Buzovna bağlarında Könülün rəfiqələri ilə dənizdə çimdiyi səhnəni və bu barədə yazdıqlarını xatırladım: "… Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq, fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim...”
Qız günahını boynuna alan müqəssir kimi zavallıcasına başını aşağı dikib pörtmüşdü.
—Niyə dinmirsiniz?..
Bu sözdən sonra o, hərəkətə gəlib yerində qurcandı. Asta bir səslə dedi:
—Bacım sizə mənim dəftərlərimi gətirib vermişdi. Oxumusunuzmu? "Bacım?!” Məgər doğrudan da bu həmin qız—Mənzərə deyildimi? Mən tilsim açan bir sehrbaz kimi ifrat maraqla ona diqqət yetirdim. Xeyr! Səhv etməmişdim. Birçəyində ağaran iki tel, arxaya daranmış sığallı saçlarında qoşa cığır salmışdı. Bu, Mənzərə idi!
—Demək, siz Könülsünüz, eləmi? Öz xatirələrinizi qələmə almısınız.
Zəif bir səslə cavab verdi:
—Bəli.
—Mənzərənin əkiz bacısı...—deyə mən əlavə etdim.—Çox gözəl.
İsmətdən doğan bu müqəddəs yalanın müqabilində o, alqışa, təşəkkürə layiq deyildimi!
Mən, bənövşəli dəftərlər haqqında düşündüklərimi ona söylədim. Arada bir Eminin adını çəkəndə qızın içəridən çalxanıb sarsıldığını aşkar duydum. O, əsərini çapa hazırlayacağını vəd edib, minnətdarlıqla məndən ayrılıb getdi. Dəhlizin parket döşəməsində tuflilərinin dabanından qopan tıqqıltıları uzaqlaşdı və eşidilməz oldu.
İndi o zamandan az qala il ötüb. Bənövşəli dəftərlərin sahibindən xəbər yoxdur. Həmişə, hər yerdə gözüm onu arayır. Könülü itirmişəm. Mən, hər məclisə düşəndə söhbət açıram. Təəssüflə deyirəm ki: bir adsız əsər var, onu məndən başqa heç kəs oxumayıb...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri