Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 39)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 124
Səs ver:
(səs: 0)
İkinci dəftər
39


Qərarım qəti idi! Ertədən şeylərimi çamadanlara yığışdırıb hazırlaşdım. Göydən fələk də ensəydi, məni fikrimdən döndərə bilməyəcəkdi. Kağız-qələm götürüb, stolun dalına keçdim. Hirsimdən dodaqlarımı çeynəyirdim. "Vicdansız!!—deyə ona belə müraciətlə yazmağa başladım.—Səni mən dərya sanırdım. Yaxınlaşmışdım, könlümü sərinlətmək arzusu ilə. Ümidim, niyyətim boşa çıxdı. Aldandım! Demə, gözümə o cür görünürmüşsən. Əslində sən dərya deyil, səhra imişsən! Üstündə ilğım titrəyən susuz, quru bir səhra. "Əzizin, istəklin” Nərminəyə yazıb, səhvən mənə göndərdiyin məktubdan hər şey aydın oldu. Öz ləyaqətimi qorumaq üçün ayrı yol tapmadım… Əlvida!”
İmza atmağa əlim varmadı. Kağızı aparıb göz qabağında qoydum. Çamadanlarımı götürdüm, evdən çıxmaq istəyəndə küncdəki maqnitafonu görcək ayaq saxladım. Toy gecəsini andım. Orada deyilənləri xatırladım. Könülsüz yaxınlaşıb maqnitafonu qurdum. Hərləncəklər fırlandı. Mirzə Muxtar dilləndi:
"Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar!.. Soruşsalar, biz bu geniş səadət sarayına neyçün toplaşmışıq, səbəbi nədir? Mən deyərdim ki: Körpü salmağa. Bəli! Gülməyin yoldaşlar, sözümün canı var...”
Elə bil o gecə röya idi: mən qu quşu kimi ağ gəlinlik paltarında, Dərya qara kostyumda, böyük stolun başında əyləşmişdik… Hərdən bir-birimizi gözaltı süzüb fərəhlə gülümsünürdük... Mirzə Muxtarın səsi otağı başına götürmüşdü: "...Sual etsələr, əcaba, bu körpü hansı növ materialdan inşa olunur—daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən deyərdim ki: Məhəbbətdən?..”
—Yalandır!—dayandırdım maqnitafonu.—Mənsə deyərdim: Xəyanətdən! Hikkəmdən pozdum lentdə nə yazılmışdı hamısını. Sonra, bayaq tələsik qaraladığım kağızı götürdüm; bu evdə özümdən heç bir nişanə qoymaq istəmirdim—onu da param-parça cırıb atdım. Dəryanın Nərminəyə göndərdiyi məktubu da zərfə saldım, ağzını yüngülcə yapışqanladım, yenə köhnə qəzetlərin arasına dürtüb, qapıdakı poçt qutusuna buraxdım. Barmağımdakı üzüyü isə çoxdan çıxarmışdım. Dörd ay əvvəl sevinə-sevinə qapısından girdiyim evi qüssə-kədər içərisində tərk etdim.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri