Öz taleyinə acıyan qadın

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 534
Səs ver:
(səs: 3)
-Soyuqdu hə? Bu ağ divarlar gecənin qaranlığından daha çox qorxudur adamı. Sevil gah divarlara, gah da ki tavana baxırdı. Çox qorxurdu, amma otaq yoldaşına hiss etdirməməyə çalışırdı. Sanki xəstəxananın tavanı üzərinə uçacaqdı. O küncə sıxılıb dizlərini qucaqladı. Otaq yoldaşı gözünü ondan heç ayırmadan dediklərini dinləyir, Sevili anlamağa çalışırdı.

- Hər gecə gördüyüm qorxunc yuxular, qarabasmalar artıq məni cana yığmışdı. Bu zaman gözləri bərəlir, hər gecə yuxusunda gördüyü uzun saçlı qadının üzünü xatırlamağa çalışırdı.

- Mən tər-su içində oyanıb diqqətlə otağın qapısına baxırdım. Yanımda birilərinin nəfəsini duyurdum. Tək olmadığımı hiss edirdim. Ancaq heç kəsi görmürdüm.

Bilirsən, elə hey düşünürəm.. Axı mən bunu necə edə bilərdim!
- Nəyi? Otaq yoldaşı maraqla soruşdu.

- Hər zamankı səhərlərdən biri idi. Otağın küncündən qalxıb otaqda gəzişməyə başladı. Əllərini bir-birinə qovuşdurdu və məsum baxışlarla gözünü boşluğa zillədi:

- Mələklərim  üçün səhər yeməyi hazırlayırdım. Sonra (alnını qırışdırdı, gözləri artıq nifrət dolu baxışlarla baxırdı) Sonra...Qapının zəngini eşitdim. Təəccübləndim… Axı heç kimi gözləmirdim. Qapını açdığımda tanımadığım yaşlı bir qadınla üz-üzə idim. Qadını tanımağa çalışdım. Amma yox, tanımırdım. Ehtiyac içinde olduğunu dedi. Məndən yemək, su istədi. Mənsə yox demədim.

- Nahaq yerə, tanımadığın insanları evə qoyma.

- Bilmirəm,  nədənsə heç nə düşünmədən onu evə dəvət etdim. Yemək yediyimiz müddətdə onunla dayanmadan söhbət etdik. Uşaqların mənə qəribə baxışlarını həmin an başa düşmürdüm. Elə bilirdim ki, yad, yaşlı qarı ilə bu qədər ara vermədən danışmaq, həyatımla bağlı  hər şeyi paylaşmaq onlara da qəribə gəlmişdi. Oğlum 4-cü sinifdə oxuyurdu, qızım isə 1ci sinfə yeni başlamışdı. (Gözləri yenə də işıq saçırdı) Həyat yoldaşım bizi atıb başqa qadınla Rusiyaya yaşamağa getmişdi. Üst-üstə gələn bu qədər sarsıntılar məni yetərincə sıxmış və yormuşdu.

 Adının Səadət olduğunu dedi mənə...  (kinayə ilə gülürdü) Səadət!

Ona hər gün bizə gələ biləcəyini, nə zaman ehtiyaci olsa məni tapa biləcəyini demişdim.

- Bura həqiqətən də soyuqdu ( otaq yoldaşı yöndəmsiz hərəkətlərlə əllərini çarpazlayıb çiyinlərini isitməyə çalışdı)

- Atamı uşaqlıqdan itirmişdim. Anamın məndən, mənim də anamdan başqa heç kimimiz yox idi. Çox ağır günlər yaşadıq. Ərim bizi atıb xaricə qaçmışdı. Bilirsən, bəzən düşünürəm ki, mənim burda olmağımın səbəbi bütün bu yaşadıqlarımdı. Amma mən artıq sağalmışam. Mən bütün bu çətinliklərə qalib gəldim. Mən güclüyəm.

Otaq yoldaşı artıq onu dinləmir, çarpayısında oturub nə iləsə əlləşirdi.

Sevil otaq yoldaşının onu diqqətə almadığını görüb bir az alçaq səslə özü-özünə dedi: Anama çay süzə-süzə qarı haqqında həyəcanla danışırdım. O isə məni diqqətlə dinlədikdən sonra, tanımadığım insanı nahaq yerə evə dəvət etdiyimi dedi.

Sevilin gözyaşları yanağından süzülüb yerə çırpılırdı, o isə üzünü silmək üçün cəht də göstərmirdi. Üsyankarcasına bağırdı:

O qadın artıq hər gün bizə gələrdi. Mənə məsləhətlər verirdi...

Məğlubiyyətə uğramış kimi diz üstə çökdü:

- Sanki məni yönləndirirdi. Ancaq bunda heç bir pis məqsəd görmürdüm.

- Bir gün məni xəstəxanaya apardılar. Özümü çox pis hiss edirdim. Xərçəng... Xərçəng olduğumu dedilər. Mənə elə gəlirdi ki, hər gün bir az daha arıqlayıram. Öləcəyimi düşünürdüm. Hər günümü son dəqiqəm kimi həyəcan içində keçirirdim. Övladlarımdan, anamdan uzaqlaşmışdım. Səadət də artıq gəlmirdi. Onunla danışmağa ehtiyacım var idi... son günlərimdə onunla dərdləşmək istəyirdim.

Qəfil necə itmişdisə, beləcə qəfildən, anidən o yenə gəldi. Başıma gələn bütün əhvalatları, xəstəliyim haqqında, bir sözlə hər şeyi, özəlliklə də nələr hiss etdiklərimi  ona danışdım.. Öldükdən sonra övladlarımın sahibsiz qalacağından qorxduğumu dedim. Anam da qocalırdı. Axı onlara kim baxacaqdı?..  Bu suallar məni gündən günə daha da məhv edirdi. Səadətin təklifi isə məni daha çox dəhşətə gətirmişdi... O, mələklərimi öldürməyi təklif etdi. Əgər mənim yoxluğumda onlar kimsəsiz qalıb ən məşəqqətli bir həyat yasayacaqlardısa, bunu etməyə məcbur idim... Düz iki gün bunu düşündüm... Gecə, gündüz göz yaşlarım belə dayanmadı.

Anamı işə yola saldıqdan sonra uşaqlara səhər yeməyini yedizdirdim. Sonra ikisini də hamama aparıb çimizdirdim.

Təmiz, məsum balalarım...Gözləri sevgi dolu idi. Başını bir sağa bir sola yelləyirdi:

- Onlara çirkli ölüm yaraşmazdı. Qızıma laylay oxuyaraq onu yatızdırdım. Hər zamankı kimi mələk siması ilə uyumuşdu. Qızımı qucağıma alıb vanna otağına apardım. Onu vannaya uzandırıb suyu açdım. Qapını bağlayıb sakitcə oğlumun yanına gəldim. Məktəb üçün aldığım kostyumu geyindirib saçını daradım. Yaraşıqlı balam… Sonra  qalstukunu  bağladım və anidən onu sıxmağa başladım. Balam əlimdə boğularaq öldü...

Səadətin dediyini elədim. Sonra heç bir şey olmamış kimi yatağıma girib yuxuya getdim...

Anamın qışqırıq səsinə oyandım. Balalarımın cəsədlərini qarşısına qoyub fəryad edirdi. Mənsə anamı anlamırdım. Axı onların yaxşılığı üçün bunu etmişdim. Səadət məni yalnış yola yönləndirməzdi.

Sanki birdən yuxudan ayıldım. Balalarımın cəsədlərini görüb özümdən getdim. Gözümü açanda ətrafımda bir- iki tibb bacısı və polislər vardı.

Polis idarəsinə apardılar. Qollarımda qandal, qonşularımın, qohumlarımın, əsasən də anamın mənə dəhşətli baxışları…

Heç nə xatırlamırdım. Uşaqlarımı görmək istəyirdim. Axı onlar mənsiz nə edəcəklər? Axı onların məndən başqa heç kimi yoxdu. Məndən ifadəmi almağa çalışırlar.

Heç nə bilmirəm. Xatırlamıram. Amma heç kim məni eşitmir.

Anidən gözlərimdə o qadının obrazı canlandı. Və sonra Səadəti xatırladım. Həə.... Səadət. Bütün bunların səbəbkarı olan  Səadət.

Bütün olanları danışdım. Sonra məni bura gətirdilər.  Bitkin halda otaq yoldaşına baxdı. -Bu olanların hamısı mənim uydurmalarımmış. Heç Səadət deyilən biri belə yoxmuş. Xəyali qonağımmış. Nə də  xərçəng deyilmişəm..
Bu qədər uydurulmuş həyatı yaşamışam. Amma mən artıq sağalmışam. Otaq yoldaşını inandırmağa çalışırdı.
Elə bu anda otağın qapısı açıldı və ağ xalatlı qadın yemək gətirdi. Sevil təəccüblə soruşdu:

Bəs o? Ona niyə yemək gətirməmisən? Tibb bacısı Sevilin gözləri ilə göstərdiyi boşluğa baxdı. Otaqda Sevildən başqa heç kim yox idi. Tibb bacısı yeməyi qoyub çıxdı. Sevil isə otaq yoldaşının gözlərinə baxırdı, onun uzun saçları yuxusunda gördüyü qadının kim olduğunu yadına saldı.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri