Bir başıqapazlının söylənməsi - SATİRİK HEKAYƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 928
Səs ver:
(səs: 2)
Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur.
Şəhər və kənd müəssisəsi (uçrejdeniye)lərinin qapısında biz həmişə boynuburuq və əli qoynunda durub həftələrlə növbət gözləyirik. Axırda da "zavtra” ilə bir qapaz alıb, məyus gedirik.
Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə "bulvar” və "sad” deyilən tərəfrücgahlara çıxırıq, qaradavoy qapaz vurub. Bayıra çıxardır ki, bura sizin yeriniz deyil.
Tamaşa üçün teatrlara gedirik, pulla da bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil.
Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki: "Tfu, mənhus adama rast gəldim. İşim düz gətirməyəcək”. Axşamçağılarda da bizi qaradavoy və strajniklər soymasa, quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbür satırlar. Itlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik(...).

Atalar sözləri
Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, onların "ağacları” bar gətirdikcə başlarını yuxarı tutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vurana "rahat” olsun.
Yenə müsəlmanlarda bir məsəl var ki, yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar.
Yenə müsəlmanlarda bir məsəl var ki, əl əli yuyar, əl də üzü. Amma bainhəmə, müsəlmanlarda bir qayda da vardır: Əl əli sındırar, əl üzün gözün tökər.
Yenə müsəlmanlarda bir məsəl var ki, əyri otur, düz danış. Amma bainhəmə, müsəlmanlarda bir qayda vardırki, həmişə düz və diz üstə oturub, əyri-müyrü sözlər danışırlar.

Yenə müsəlmanlarda bir məsəl var ki...
Müsəlmanlarda məsəl çoxdur, amma nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi… sözün doğrusu çox uzundur.

Mühüm suallar və əhəmiyyətli cavablar
Sual: Biz nə üçün geridə qalmışıq?
Cavab: Çünki bizi irəli aparanlar cibləri ağırlıq etdiyinə görə, yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. "Vısşi kurs” qurtarmışlarımızdan xəbər al, desin.

Sual: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər?
Cavab: İdareyi-ruhaniyyələrimizin düzəlməsi "Stanislav” və "Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm, "Molla Nəsrəddin”in əvvəlinci səhifəsi ilə bərabər, "Tərcüman”ın 36-cı nömrəsindən xəbər al, desin.

Sual: Məktəblərimiz nə vaxt islah olunacaqdır?
Cavab: Ana dilimizi bilmərrə unudandan sonra. Ana dilini unutmaq yolunu da bilmirəm, Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin.

Sual: Bizə nə lazımdır?
Cavab: Dinc-dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma "heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”. Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayazidovdan xəbər al, desin (...)

Sual: Biz nə etməliyik?
Cavab: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa vurmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq. Bunun da səbəbini mən bilmirəm, bütün adamlarımızdan xəbər al, desin.

Sual: Nə üçün bizim elmimiz yoxdur?
Cavab: Hansı elm? (...)

Üzeyir Hacıbəyov
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri