Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz
yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid
kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq
yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir
hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən,
daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıbyataqlarında uyuyan
əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin
yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin
sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə
bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq
addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü
ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici
bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah” idi. Axır ki onu yada salan
olmuşdu. Amma bu sevinc "ah”ı bir an içində qəm fəryadına çevrildi.
Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun
libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz
parlayırdı. Bu şeytan idi.
Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur’anlara, köhnə
minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə
girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki,
çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ
bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə
yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü
də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına
başladı.
"Bismilləhirrahmənirrahim”
"Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün
bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma
düşür.Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür.
Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum.
Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım.
Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən
tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları
sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini
söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları
sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara
bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis
yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə
budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq
oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə
həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et.
Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa
çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram
dünyaya yaxşı insan gətir.”
Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı.
Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu.