Son çarə

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 673
Səs ver:
(səs: 4)
Artıq dörd ilə yaxın zaman keçsə də toylarından, isti ocaqları uşaq səsinə, Qönçənin qucağı körpə qundağına, İlqarın qulağı "ata" sözünə həsrət qalmışdı. Bir-birinə bəlli etməməyə çalışırdılar, amma, hər ikisinin çöhrəsindən kədər əksilmirdi. Getmədikləri həkim, dolanmadıqları ziyarətgah bəlkə də qalmamışdı Azərbaycanda, amma təqdir Allahın, övaldları olmurdu. Nə vaxtsa üzlərinin güləcəyinə ikisi də inanırdı. Dillərindən dualarını əksik etmirdilər.

Bir gün həkimlər Qönçəni, o da İlqarı müjdələdi. Kənd yerində hər xəbər tez yayılar, tez eşidilər. Bütün yaxınları, bütün sevənləri də sevindi bu xoş xəbərə. Qönçə uşaq gözləyirdi. Sayılı günlər tez keçər deyiblər. Elə də oldu.

Artıq evlərinin sevinci, ürəklərinin ümüdü, ana - atasının birdənəsi Qönçənin qucağında idi. Ad qoyarkən çox düşünmədilər, Arzu oldu qızların adı.

Arzu hələ qundaqdaydı. Xoş şeylər danışılmırdı kənd içində. Hər kəs narahat olmağa başlamışdı sabahları üçün.

Və "o gecə"... 25 fevral gecəsi... Kaş olmasaydı Azərbaycan üçün 26 fevral səhəri. Təqvimdə birbaşa 24-dən, 27-ə keçilsəydi... Yaşanmasaydı... Amma kaşkilər olanları düzəltmir ki... Amma kaşkilər acıları unutdurmur ki... İl 1992. 25 fevral. Gecəykən anidən basqın etdilər. Onsuz da nə zaman bəla gəlmədən öncə gəlirəm deyir ki...

Lənətlər, acımasızlar, vicdansızlar...Elə edərlərmi? Harda yazılmışdı, nə zaman görülmüşdü beləsinə qansızlıq? Bu qədərini bəşər eşitməmişdi daha öncəsində...

Kənd əhli yataqlarından fəryad səsləriylə qalxdı. Nə baş verdiyini anlamağa fürsətləri belə olmadı. Hər kəs bir-birinə qarışmışdı. Şüursuzca qaçmağa çalışırdılar. İlqarın ailəsi də. Qönçə ətrafına baxanda xəstə anasının qaçmasına köməklik göstərən İlqarı görə bilmədi. Arxaya qayıtmaq istəsə də insan seli onu da sürüklədi bilinməzliklərə doğru. Hara qaçırdılar, niyə qaçırdılar bilmirdilər. Onsuz da qarşılarına çıxanları ucdan tutma qırırdılar vəhşilər. Yaşlı, qadın, uşaq demədən. Bir neçə dəqiqə sonra sağ qalıb, qalmamağı təxmin etmək mümkünsüzdü. Ancaq qaçırdılar. Meşəyə doğru. Orda gizlənmək ümüdüylə... Sağ qalmaq ümüdüylə... Bir az artıq yaşamaq ümüdüylə... Qışın soyuğunda... Çırıl çılpaq... Yorğundular... bitgindilər... Çarəsiz, köməksizdilər... Qafil yaxalanmışdılar. Meşəyə daldalansalar da, silah səsləri, lənətlərin bağırtıları çox yaxınlıqlarından gəlirdi. Nəfəslərini belə qorxaraq alırdılar. Kiçik bir səs onları rahatlıqla ələ verəcəkdi.

Bu səssizliyi anasının qucağında hər şeydən xəbəriz yatan körpənin qiyyəsi pozdu. Ağlayırdı. Sanki olanlardan xəbərsiz olanlara ağlayırdı. Sanki hər kəsin inadına ordakıların etmək istəyib, edə bilmədiklərini edirdi. Sanki fərqindəydi. O da fərqli ağlayırdı. Yoxsa onlaramı elə gəlirdi. Artıq düşünə də bilmirdilər. Ancaq o an hər kəsin ağlında bir fikir vardı. Səsi eşidib gələcəklər. Bütün baxışların tək adresi vardı - Qönçə və Arzu. Qönçə narahatdı. Nəsə eləməliydi. Bir uşaq üçün hər kəs ölməli deyildi. Çox düşünmədi. Onsuz da bunun üçün zamanı da yox idi. Qızının səsini kəsməliydi. Arzuysa inadla sanki, sakitləşmək bilmirdi. Qönçə özünü itirmişdi. Var gücüylə balasının ağzını bağladı. Hər kəsin ağlında Qönçə havalandı fikri vardı. Artıq onlar üçün hər şey anlamını itirmişdi. Yaşamaq belə. Qısa zamanda səs kəsildi. Qönçə körpəsini sinəsinə sıxıb hərəkətsiz qalmışdı. Heç nə, heç kəs gözünə görünmürdü. Elə bil sadəcə Arzunun cansız bədəni və özü vardı orada.

Sonradan öyrənəcəkdi hamısı, əslində qədim Xocalının belinin tamamən büküldüyünü o gecə. Hayqırdığını, amma, fəryadını kimsənin eşitmədiyini. Bağrına su yerinə nə qədər qan axıtıldığını...

İnsan acını həqiqətən ürəyinin dərinliyində yaşayanda, tam ifadə edə bilmir düşündüklərini. Sanki sözlər düyümlənir boğazında. Və... necə yazırsan, yaz yetərsiz qaldığını görürsən cümlələrin, çəkdiyin izdirabın, yaşadığın çarəsizliyin qarşısında...

Ertəsi gün yaxınlıqdakı kəndə özlərini çatdıra bilmişdilər. Qönçəysə ətrafında baş verənlərə biganəydi. Elə bil yuxu görürdü. Hə, yaşadıqları bir kabus olmalıydı. İndi oyanacaqdı. İlqarı işə yola salacaqdı. Qızını əzizləyəcəkdi. Sonra gündəlik işlərini görməyə başlayacaqdı... Onda niyə oyanmırdı. Nə bitməz kabusmuş bu...

Sinəsindən bir an belə ayırmadığı körpəsinin cəsədinə baxdı. Qundağı yanına qoydu. Üzünü açmağa cəsarət etmədi. Sanki yeni - yeni dərk edirdi hadisələri. O niyə həyatdaydı? O niyə nəfəs alırdı, balası yaxınlığında nəfəssiz yatarkən. Onu geri gətirə bilməyəcəkdi, amma özü onun yanına gedə bilərdi - fikirləşdi. Başından örtüsünü açıb, boynuna doladı. Amma bir uşaq səsi qulaqlarında çınladı anidən. Qeyri iradi başını qundağa doğru çevirdi. Yox, ola bilməzdi...Bu imkansızdı. Necə axı... Arzu yenə ağlayırdı. Qönçə o an ürəyi dayanacaq zənn elədi. Yoxsa həqiqətən dəli olmuşdumu... Özü də ağlamağa başladı. Səsə yaxınlıqdakılar da gələndə, onlar da heyrətlərini gizlədə bilmədi. Bu möcüzəydi. Allahın möcüzəsi! Başqa nə ad vermək olardı Arzunun həyatda qalmasına.

Sonradan ana-qız Bakıda məskunlaşdılar. Qönçə İlqarın şəhit olduğunu öyrəndi.İndi ikinci dəfə qovuşduğu qızına dörd əllə sarılıb. Arzuysa 20 yaşındadır. Hələ də 20 ildir, bir dəfə belə görmədiyi Vətəninə qovuşacağı günü gözləyir..

Yalnız omu?
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 2 673
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri