Gözlə qaş arasında

Müəllif: tek umidim sen
Şərhlər: 9
Baxılıb: 3 728
Səs ver:
(səs: 6)
Payız təzəcə qədəm qoymuşdu. Nəfəs kəsən istilər öz yerini yavaş-yavaş sərin mehə və hərdən yağan yağışa buraxırdı. Həmin mehli günlərdən biri idi. İki ailə bir-birinə qohum olmağa hazırlaşırdı. Çox çək-çevirdən sonra toyun vaxtı həmin günə müəyyən edilmişdi. El adəti ilə vağzalı sədaları altında qız ata evindən bir göyərçin təki pərvazlanıb uçurdu. Hər kəsin üzündə sevinc, könüllər fərəhli. Hər kəs danışır, gülür, əylənir. Həmin gün üçün çəkilən əziyyətlər hədər olmamışdı. Toy hər kəsin ürəyincə, öz axarında davam edirdi. O, heç kimin ağlının ucundan belə keçmirdi.

Məclis başladığı kimi də sona çatdı. Hamı xoş əhval-ruhiyə ilə evlərinə dağılışdı. Uzaqdan gələn təzə qohumlar bir avtobus kirayələmişdilər. Gülüşə-gülüşə mindilər həmin avtobusa. Yolları uzaqdı. Amma onların heç eyninə də deyildi. Avtobus yolları yara-yara şütüyürdü. Yatanlar yatmış, oyaq olanlar da sakit-sakit söhbətləşirdi. Artıq öz rayonlarına çatmışdılar. Gecə saat bir radələri olardı. Avtobus yırğalanıb dayandı. Düşmək istəyənlər vardı. İki qadın, iki də kişi. Bir-birilərinə yaxın qohum idilər, həm də qonşu. Yenə də onu heç kim yadına belə salmaq istəmirdi. Kimin nəyinə gərəkdi

Avtobus elə təzəcə tərpənmişdi ki, çox qorxunc səs gəldi. Bu heç kimin xatırlamaq istəmədiyi ölümün vahiməli səsi idi. Sürücü tələm-tələsik avtobusu saxlayıb qapıları açdı. Hər kəs dəhşət içində avtobusdan düşüb səs gələn yerə cumdu. Yuxulardakı kimi bapbalaca yol sanki kilometrlərlə uzanmışdı. Qaçsalar da çata bilmirdilər.

İlk yanına gələn qardaşı oldu. Bacısı alqana boyanmışdı. "Bacı, bacı” hayqırıqları cavabsız qaldı. Həyat donmuşdu sanki. Hər kəs onu səsləyirdi. Amma o əbədi olaraq susmuşdu. Xatırlanmayan ölüm bir andaca onu qollarına alıb göylərə ucalmışdı.

Ümid heç vaxt üzülmür. Gecənin uğursuz qaranlığında kiminsə "nəbzi döyünür” sözləri hamını özünə gətirdi. Tələm-tələsik xəsətəxanaya apardılar canciyərlərini. Amma çifayda… Artıq onun üçün hər şey bitmişdi

Bax budur ölüm. Heç kimin gözləmədiyi anda gəlib kəsdirir qapının kandarını. Elə ona görə Peyğəmbərimiz dönə-dönə: "Ləzzətləri puç edən ölümü daim anın” – buyurub. Həzrət Ömər kimi səhabələr də bu hədisi sırğa edib qulaqlarından asıblar. Belə ki, Həzrət Ömər xəlifə olan kimi öz şəxsi pulu ilə bir nəfər tutur. Həmin adamın işi hər gün gəlib xəlifəyə: "Allahdan qorx, ölüm var” – demək idi. Beləcə, günlər ayları, aylar da illəri qovaladı. Bir gün Xəlifə güzgüyə baxanda saç-saqqalında dən gördü. Həmin adamı yanına çağırtdırıb: "daha bəsdir, bu gündən sənin işin qurtardı” − dedi. Bu sözləri eşidən kişi təşvişə düşür. Ürəyinə şübhə gəlir ki, görəsən, nə səhv iş tutub ki, xəlifə onu işindən azad edir. Xəlifə onun təlaşlandığını görüb: "Narahat olma, sənin heç bir xətan yoxdur. Bu gün güzgüyə baxanda gördüm ki, saçıma dən düşüb. Artıq mənə ölümü həmin ağ saçlar xatırladacaq”.

Bu da o səhabələrin ölümə olan münasibətləri. Hər gün, bəlkə də, yetmiş dəfə ölümü xatırlayıb göz yaşını ceyhun edənlər vardı. Yanlarında ölümün adı çəkiləndə dizləri bükülənlər də az deyildi.

Amma bizlər… Hər gün ölüm xəbəri eşidirik. Bir müddət keçəndən sonra heç olmamış kimi unuduruq. Sanki ölüm ancaq ölənlərdən ötrüdür. Növbə bizlərə də çatacaq. Çünki Allah söz verib: "Hər bir nəfis ölümü dadacaq”.

Allah ölüm qaşla göz arasından süzülüb canlarımızı almadan, onu qarşılamağa hazır olanlardan eyləsin. Amin.

Sadiq Umarov
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 3 728
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri