Həqiqətin üzü...

Şərhlər: 3
Baxılıb: 1 743
Səs ver:
(səs: 2)
Həqiqətin yalan üzü olmur, həqiqət yalan kimi ötəri deyil. Onun üstünə nə qədər böhtanlar yağırsa yağsın, həqiqət sarsılmaz qaya kimi qalır. Uçmur, dağılmır. Halbuki yerüzündə yalanla, böhtanla darmadağın olmayan heç nə yoxdur. Həqiqət anadan bütöv doğulur. Həqiqətin atası olmur. 

Həqiqətin yolu daşlı-kəsəkli olur. Ona doğru getdikcə sənə sənin kim olduğunu sübut edir. Ən yaxşı dəlil-sübut isə özünü axtarıb tapmaqdır. Həqiqətin güzgüsündə də özünü axtarmırsan, elə boylanan kimi özünü görürsən. Baxıb görürsən, həmin göz, həmin qaş, həmin burun… Amma artıq, həqiqətdən doğulub bu surət, anadan yox. 

İnsanın əsl həqiqəti – onun içidir. Onun özünün özündən də gizlətdiyi hisslərdir. Birlikdə yox, təklikdəki həqiqətidir. Çünki təkliyin özü də həqiqətdir. Həqiqət çox acı olur, çünki o bizim arzularımızdan çox-çox uzaqda dayanır. Uzaqlıqda da bir acı var axı… Bu acı da arzularımıza mane olur. Amma nə qədər mane olsa belə, xoşbəxtlikçün ən doğru yol həqiqətdir. Xoşbəxt olmaqçün yolunu düz getmək yox, əslində bunun üçün yola azuqə əvəzində həqiqət götürmək gərəkdir. 

Ən güclü yalanı belə ən zəif həqiqət sındırar. Ən sınıq yalana belə ən zəif həqiqət güc verə bilər. İnsanın insana qarşı, bütün insanlığın ziddinə olaraq başladığı ən böyük müharibə – yalnız həqiqətin sındıra biləcəyi yalanlardır. Bu müharibədə sülh mümkünsüzdür. 

Yalan bütün çirkabların açarıdır. O açar da yalan kimidir, ayaq tutur, amma yerimir. Həqiqət həm doğulmaqdır, həm də ölmək. Çünki bir doğulduqda, bir də öldükdə həqiqətdən heç yerə qaça bilmirik. Hər ikisini yaşamağa məhkumuq. Qalan hallarda da özümüzə ən yaxın olanı – özümüzü aldada-aldada yaşayırıq. Hələ başqalarını – dostu, ananı, övladı, yarı aldatmağımız bir yana… Həqiqət bizim öz dünyamızın elə bir üzüdür ki, orda həqiqətdən başqa, çox üzlər var. Hamısı da həqiqətlə yanaşı dayanan kimi ondan xeyli uzaq olmaqları və əsl simaları üzə çıxır. Sima zühur elədikcə də simadan simaya keçir. Ancaq əsl sima haqdır, haqq olandır. 

Nəsimi həqqə o dərəcədə səcdə etmişdi ki, həqqi özü bilmişdi, özündə görmüşdü. Çünki onun bütün həyat qayəsi haqq olub. Amma haqqı sübut etmək ona gərək deyildi, çünki haqqın var olduğunu çoxlarından qabaq dərk etmişdi. Əslində insan özü haqdan gəldiyindən Nəsimi "həqq mənəm, həqq məndədir” demişdi. Yəni əslində dünyanın ən böyük həqiqəti insanın özüdür. Nəsiminin həqiqətə inamı isə onun ən böyük səcdəsi idi. Bu səcdədən qorxanlar onun ölümünə fərman vermişdi. Ən dəhşətli bir qətlin fərmanı verilmişdi haqqa, həqiqətə qarşı. Bu fərman isə həyatda ən güclü təzadı kəşf etdi! Əslində bütün həqiqətlər elə təzaddan doğulur. 

Yalanın əsəbləri zəif olur, canına həqiqət yeli dəyən kimi əsir, yıxılır, sonra ayağa qalxır, ayaq tutur, ancaq addım ata bilmir. Təzədən yıxılır, onun başı üzərindən həqiqət boy verir. Yalanla həqiqətin savaşdığı yerdə mütləq tənhalıq cücərir. Bu tənhalığa insan elə alışır ki, tənhalıq bitən kimi o an özünün də tükənəcəyini düşünür. Elə tükənir də. Ancaq yenidən doğulmaq üçün. Nə qədər çətin də olsa, yenidən doğulur insan. Ağrıyla, acıyla, tənhalıqla birgə doğulur! Doğulur ki, yalan ayaq tutsa da yeriməsin!.. Doğulur ki, həqiqət geriyə dönmədən irəliləsin, yalan ona çata bilməsin, həqiqət daima öndə olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri