Uşaqlığıma qayıdıram

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 461
Səs ver:
(səs: 1)
Necə duymaz, necə qanmaz, əslində necə sınmaz idin. Nələr gələr, nələr keçər, sən bilməzdin. Qaranlıq dünyadan işıqlı cahana qədəm qoymuşdun. Bir evin, bir ocağın sevinci olmuşdun. (Şükür elə ki, üstündə bir məktubla naməlum bir qapı arxasına qoyulmamısan, iki insanın düşünülməmiş qovğasının qurbanı olmamısan) Ananın qızılgül qoxulu laylalarında itib-batardın hər şeydən xəbərsiz. Qayğının, ağrı-acının, itkinin, yoxluğun nə olduğunu bilmədən. Əslində varlığın da mənasını anlamadan, çünki sənin hər kəsin, hər şeyin var idi. Var olanda yoxluğun nə olduğu bilinməz ki… Göz açdığın həyatın ancaq şirinini-balını, sevincini-şadlığını dadmışdın… sənə nə var idi ki, onların dadını bilməyənlərdən. Beləcə böyüdün… İndiyədək ancaq gələnlərini bildiyin dünya sənə yavaş-yavaş gedənlərin də olduğunu öyrətməyə başladı. Nazı, duzu, qızı olduğun nənən, baban köçəndə dadlı dünyandan, kədər kök atmağa başladı sinəndə. Əslində onda da itkinin nə olduğunu bilmirdin ki… (heç indi də bilmirsən) Bəs niyə ağlamışdın o qədər? Həəə, balaca. Körpəliyindən qayğı, sığal, əzizləmə gördüyün həyat dəyişmişdi onda. Axı ana qoynu isitmişdi həmişə səni. Ata qayğısı güc vermişdi fidan tək ürəyinə. Nənə, baba, əmi, bibi, xala, dayı nəvazişindən xəbərin var idi, onların olmadığı bir həyatdan yox. Onların olmağı və bir gün xatırlanmağı necə gözəldir…
Yadındadı, bir dəfə səni kəndə, nənəngilə qalmağa göndərmişdilər bir neçə günlüyə. Amma sən dözə bilmədin bu qədər belə ana-atandan ayrı qalmağa. Uşaq bicliyinlə yeməyib-içməyib ağladın ki, gəlib səni aparsınlar. İstəyinə çatdın. Atan gəldi səni aparmağa. Necə ayaqyalın qaçmışdın qucağına. Şıltaqlığın bir yana, könlünü almaq üçün qəşəng bir paltar da almışdı atan sənə. Sənsə onu əyninə balacalaşsa belə, yenə geyinərdin. Hələ bir gəlinciyin vardı. Ona ad qoyar, saçlarını darar, "nazını çəkərdin” sənin nazını çəkdikləri kimi. Həmişə sənə bir konfet verəndə, birini də qonşuluqdakı rəfiqən üçün istərdin. Hələ o gülüşün heç yadından çıxarmı? Əzizlərin gülüşünü eşitmək üçün nələr etməzdilər… Nağılları çox sevərdin, ən çox da sonunu. Göydən üç alma "düşərdi” axı. Unudularmı o şip-şirin uşaqlıq xatirələrin? Yəqin ən çox da xatırladığın o qırmızı donundur. "Bir, iki – bizimki… doqquz, on – qırmızı don” deyib fırlananda nazından Yer-Göy dağılardı. Bilirsən, kimsəsiz uşaqlar evində bir qızcığazın cırılmış paltarını görəndə, sənin o qırmızı donun ürəyimi qana döndərdi, elə donun kimi. Axı onların da elə donları varmı ki, nazlanmaqlarını demirəm, geyinəndə qırıq ürəkləri sevinə heç olmasa. Bilirsən, ay balaca, donları bir tərəfə , qoynuna sığınacaqları anaları yoxdu sənin kimi. Şıltaqlıqlarına dözəcək ataları yoxdu. Sənin ölümünə göz yaşı tökdüyün nənə-babaları belə yoxdu. İsti ocaqları, yuvaları yoxdu. Bu ocaqda sığal görməyiblər ki, gəlinciklərinə də sığal çəksinlər. Onların nağılları, nağıl söyləyənləri yoxdu. Nağıl sonundakı almaları isə arabir onlara baş çəkən qonaq əllərindən gözləyirlər. Onlara bir konfet verəndə, bölüşməyi düşünmürlər. Onların heç qonşuluqda rəfiqələri belə yoxdu axı. (Onların nəyi var ki?…) Onların anası-atası da, bacısı-qardaşı da, dostu-rəfiqəsi də bir yuva altındadır. ( İlahi, o körpə ürəklər necə dözür bir bu qədər yoxluğa? Çox zaman qədrini bilməyib, naşükürlük etdiyimiz ürəyimizdə, yanımızda, əlimizdə var olanlara çox şükür)

Bağışla, balaca, sənin saf-təmiz uşaqlığına, şirin-şəkər nağıllarına zəhər qatmaq istəməzdim. Ancaq… nə bilim. Düşünürəm ki, axı niyə onların da belə bir keçmişi, uşaqlığı olmasın? Gələcəyin məngənəsində sıxılanda xatırlayalar, bir anlıq təbəssüm qona üzlərinə. Sualıma cavab verə bilməsən, heç olmasa, onlarçün bir şey et. Məktubumu onları bu keçmişdən və gələcəkdən məhrum edənlərə, yada salmayanlara göndər. De ki, körpə ürəkləri mənən öldürməsinlər. Bu, fiziki ölümdən də betərdir..
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 461
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri