Aldanmış kəvakib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 112
Səs ver:
(səs: 1)
Bəziləri deyirlər "ulduz falına, qoroskopa zada inanma". Necə inanmayım? İndiyə kimi bütün uğurlarımın səbəbi məhz elə qoroskopdur, ulduz falıdır. Düzdür, o qədər də böyük uğurum olmayıb indiyə kimi. Ancaq həyatımı mənasız da yaşamamışam. Hər halda 22 yaşındayam və 20 yaşımdan etibarən hər tezdən ulduz falını oxuyub, ona əsasən işlərimi müəyyənləşdirirəm. Evdəki xidmətçilər də bunu bilir və mənim qəzetimi masanın üstündə hazır vəziyyətdə saxlayırlar. Mən də aşağı enəndə ilk işim məhz ulduz falını oxumaq olur. Xidmətçilər deyəndə yəqin belə düşündünüz ki, varlı adamam. Bu belədir. Amma mən yox, atam varlıdır. Və mən də atamın hesabına varlaıyam. Atamın bir şirkəti var. Bu yaxınlarda istirahətə çıxıb işləri bir aylıq mənə təhvil verəcəyini demişdi. Mən də həmin günü səbirsizliklə gözləyirdim. İndiyə kimi məni demək olar ki, heç bir işlə tanış etməmişdi atam. O yalnız mənim oxumağıma fikir verməyimi istəyirdi. Ancaq artıq təhsilimi başa vurmaqdayam. Bunu atam da yaxşı başa düşür və yavaş-yavaş işləri ilə məni tanış etməyə başlayıb.

Yazıq kişi çoxdandı dincəlmirdi. Nəhayət o gün gəlib çatmışdı. Atam məni yanına çağırdı və işlə şifahi olaraq məni tanış etdi. Dedi ki, yaxın adamlarına da tapşırıb ki, kömək etsinlər. Amma mən bilirdim ki, mənim köməyə ehtiyacım olmayacaq. Çünki mən ulduz falına əsasən işlərimi quracam və bu da mənə uğur gətirəcək. Bəlkə atam istirahətdən qayıdandan sonra qazandığım uğurlara mat qalacaqdı. Yəni, həqiqətən özümə çox əmin idim. Nə isə ...

Artıq ilk iş günüm idi. Sabah 2 saat tez durmuşdum. İşə gecikmək istəmirdim. Yenə həmişə olduğu kimi masanın üsütündə mənim oxumağımı gözləyən qəzet, daha doğrusu ulduz falı vardı. Mən ulduz falını oxumağa başladım :"Bu gün sizin həyatınızda dönüş nöqtəsi ola bilər. Yeni məşğuliyyət tapacaqsınız, yeni-yeni insanlarla tanış olacaqsınız və s." Sonra da deyirlər ulduz falına inanma. Axı necə inanmayım? Burada yazılanların hamısı doğru idi axı.

Mən səhər yeməyimi də yeyib işə getdim. Məni burada yaxşı qarşıladılar. Məni tanıyırdılar əslində. Çünki mən bir neçə dəfə burda olmuşdum. Məni işlərlə tanış etməyə başladılar. Gün ərzində görüşəcəyim adamların adlarını və vaxtını katibə mənə bildirdi. Günortadan sonra şirkət üçün vacib bir görüşüm vardı. Yaponlarla. Bəli, Yapon iş adamları bizim şirkətlə müqavilə bağlamaq istəyirdilər. Mən də onları öz şirkətimizlə tanış etməli idim.

Vaxt gəldi çatdı. İndi mən ilk görüşümə gedəcəkdim. Tərcüməçi və bir neçə şirkət nümayəndəsi ilə. Biz bir restoranda görüşdük. Yaponlarla söhbətimiz çox uğurlu alındı və onlar müqavilə bağlamağa razı oldular.Müqavilə sabah imzalanmalı idi. Mən onları şirkətə dəvət etdim.

Səhərisi gün mən yenə ulduz falımı oxudum. Burada yazılırdı :" Bu gün çalışın evdən çölə çıxmayasınız. Əgər evdən çölə çıxsanız başınıza fəlakət gələ bilər və s." Mən bir az düşündüm... Necə edim? Axı bu gün müqavilə imzalanmalı idi. Fikirləşdim ki, nə isə bir bəhanə uydurum. Hər halda müqavilə mənim canımdan daha vacib deyil ki - deyə düşündüm və şirkətə zəng edib bu gün gələ bilməyəcəyimi, yaponların da sabah gəlmələrini bildirdim.

Sabah yenə ilk işim həmişə olduğu kimi ulduz falımı oxudum. Burada qeyd olunmuşdu ki, :" Çalışın bu günü təbiət qoynunda keçirəsiniz. Gərginlik sağlamlığınıza ciddi zərər vura bilər. Yaxşı olar ki, bağa filan gedəsiniz və s." Axı yaponlarla görüşü bu günə təxirə salmışdım. Sonra ürəyimdə dedim ki,:" Əşi, canımdan vacib deyil ki. Deyərəm sabah gələrlər. Mən də gedim bir az bağda dincəlim". İş yerinə zəng vurdum və gəlməyəcəyimi, vacib bir işimin çıxdığını söylədim. Bildirdim ki, yaponlarla görüşü də sabaha təxirə salsınlar. Katibə mənə dedi ki, " bəs yaponlar dünən gəlib getməklərində narazılıqlarını bildirdilər. İndi yenə görüşün təxirə salınması onları fikirlərindən döndərə bilər". Amma mən bu deyilənlərə əhəmiyyət vermirdim. Çünki ulduz falında istirahət etməyim məsləhət görülürdü. Bu gün də işə getmədim.

Sabah ulduz falımı oxuyanda bir az sevindim. Deyəsən artıq işə gedə biləcəkdim. Çünki burada işə getməyimə mane olacaq heç nə yazılmamışdı. Mən tez geyinib şirkətə yollandım. Şirkətə çatar-çatmaz ilk işim katibədən yaponların saat neçə gələcəklərini soruşmaq oldu. Onun cavabı isə məni elə bil yuxudan oyatdı, dərin bir yuxuda üzümə sillə dəymiş kimi təsir etdi mənə bu cavab: "Yaponlar bizim şirkətlə müqavilə imzalamaqdan imtina etdilər. Yazıqları qınamağa dəyməz. Məsuliyyətsiz bir şirkət sahibi ilə kim müqavilə imzalayıb, ağır öhtəliklər götürərdi ki". Düz mü deyirdi? Bəli, deyəsən düz deyirdi. Artıq dördüncü iş günümdə bütün şirkət işçiləri məndən üz döndərmişdilər. Elə bil məndən küsmüşdülər. Çünki bu şirkətlə müqavilənin imzalanması şirkət üçün çox vacib idi. Atam da istirahətə getməmişdən əvvəl bu müqavilənin əhəmiyyəti haqda çox danışmışdı. Ancaq nə etmək olar? Ulduzlar belə məsləhət gördü.

Atama şirkətin məsul işçiləri tərəfindən xəbər göndərilmişdi. O istirahətini yarımçıq qoyub şirkətə qayıtmalı, şirkəti düşdüyü pis vəziyyətdən xilas etməyə çalışmalı idi.

Mən atamın gözünə görünməmək üçün əlimdə gələni edirdim. Amma ... O, məni gördü və danlamağa başladı. Sanki onun deyəcəyi sözləri əvvəlcədən bilirdim və bu sözlərə hazırlanmış vəziyyətdə idim. Atam məni bir daha şirkətə buraxmayacağını söylədi. Bəlkə də haqlı idi. Bəs mənim nə günahım vardı.
Sabah yenə masa üzərində ulduz falı olan qəzet məni gözləyirdi. Mən o qəzeti götürdüm. Kiçik hissələrə ayırıb, mətbəxin küncündəki zibil qabına atdım. Bir daha evə ulduz falı olan qəzetin alınmamasını bildirdim.

Vüsal Məmmədzadə
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri