Bu
gün uşaqlığım üçün darıxdım... Uşaq vaxtı heç böyümək istəmirdim. Amma
böyüdükcə anladım ki, uşaq olub böyüməyi arzu etmək, böyük olub uşaq
olmağı arzu etməkdən daha yaxşıdır. Bu gün uşaqlığım üçün darıxdım,
həyətdə oynayarkən yıxılmağım üçün... Sonra dizlərimdə olan yaralara
görə ağlayardım. Amma böyüdükcə anladım ki, qəlbdə olan yaralar daha çox
incidirmiş.
Darıxdım,
bir səhv etdikdə anamın məni acılaması üçün darıxdım. Düşünürdüm ki, o
məni sevmir. Amma böyüdükcə anladım ki, anamın bir acı sözü indi
eşitdiyim min saxta şirin sözlərdən üstün imiş...
Uşaqlığım
üçün darıxdım, Nənəmin mənə nağıllar oxuması üçün. Onda ağ atlı
şahzadələrin varlığına inanırdım. Amma böyüdükcə anladım ki, onlar
yalnız nağıllarda olurlar.
Bu
gün uşaqlığım üçün darıxdım. Nənəmin saçlarımı hörməsi üçün. Onda
əsəbləşirdim, sonra gedib açırdım, böyümək istəyirdim. Amma böyüdükcə
anladım ki, hörükləri açmaqla böyümək olmur.
Darıxdım...
Həyətdə oynadığım dostlarım üçün darıxdım. Onda mənə bir şəkər verən
qızı dostum hesab edirdim. Amma böyüdükcə anladım ki, mənə şəkər verən o
qız mənə zəhər də verə bilər.
Uşaqlığım
üçün darıxdım. Atamın axşam evə gəlməyini gözləməyim üçün. Hər gələndə
mənə sevdiyim şokoladı alırdı. Dünya mənim olurdu... sonra səhərləri
atamı işə yola salarkən, gələndə mənə saqqız almağını tapşırdığımı. Amma
böyüdükcə anladım ki, həyatda istədiyim şeyləri əldə etmək , saqqız
əldə etdiyim qədər asan deyil.
Bir
gün gələrkən vitrində gördüyüm bir oyuncağı almasını istədim anamdan.
Bax o gün üçün darıxdım. Ağladım, anam da aldı. Amma böyüdükcə anladım
ki, hamı anam qədər yumşaq qəlbli deyil. Göz yaşlarıma acımazlar.
Gizlənpaç oynamaq üçün darıxdım. Çox sevirdim bu oyunu. Amma böyüdükcə anladım ki, problemlərlə gizlənpaç oynamaq olmur...
Sonra
gülüşlərim üçün darıxdım. Gülmək üçün səbəb lazım deyildi mənə. Amma
böyüdükcə anladım ki, bir dəfə içdən gülmək üçün min çətinliklərdən
keçmək lazımdır.
Küsərkən
böyüklərdən, məni əzizləmələri üçün darıxdım. Məni qucaqlamaları
üçün... Amma böyüdükcə anladım ki, həyatdan küsdükdə o almır insanı
qoynuna.
Bu gün uşaqlığım üçün darıxdım...
Məsum xəyallarım, gözəl röyalarım üçün darıxdım...