Bu gün üzün gülmür. Havalar ki yaxşıdır? Nə olub yenə?sən ki yaz fəslini sevərdin. Gələcəkdim....Vallah gələcəkdim. Bağışla..
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
"
Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb
çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil
dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda
nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına,
qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ
də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi..
Amma indi... indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla
döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə
küləyini göndər.
Bilirəm
çoxdandır ziyarətsiz qalmısan.. Qocalmısan yəqin. Qırışların çoxdur hə ?
Səni ağ saçlı təsəvvür edə bilmirəm.Səni ən son görəndə çox gözəl idin.
Mənimçün dünyaların ən gözəl anasısan. Sən həmişə bütün evin işlərini
tək başına görən, məktəbdə hamının ən sevimli mülliməsi olan, işdən
gəlib istirahət etməmiş tələm-tələsik yeməyimizi hazırlayan, bir dənə də
ütüsüz paltar saxlamayan, dünyanın ən dadlı yeməklərini bişirən,
xəstələnəndə deyinə-deyinə olsa da bizi sağaltmağa çalışan, atama hörmət
edən, o gəlməmişdən masaya əl uzatmağa imkan verməyən, bizi atama
şikayət edən və biz də qulaqburması aldıqdan sonra ən çox peşman olan,
amma bizi canından çox sevən mələk kimi bir ana olmusan. Bulaşdırdığımız
paltarlarla, oxumadığımız dərslərlə, məktəbdən gətirdiyimiz
şikayətlərlə səni bezdirsək də bizə xidmət etmisən. Nəyə borclu idin?
Kimə borclu idin?! Sadəcə sevdiyin üçün etmisən. İnsan sevdiyi üçün
əziyyətə qatlaşa bilər. Amma sən...
Bilirsən?
səndən sonra hər şeyə sıfırdan başlamağa qərar gəldim. Ilk əvvəl çox
çətin idi. Hər gün yumurta yedikcə xəyal edirdim ki sanki sənin
bişirdiyin dadlı dolmanı yeyirəm, bundan həzz alırdım. Amma günlər
ötdükcə dolmanın da dadını unudurdum. Elə bil yaranın keyi açılırdı və
incitməyə başlayırdı.Sonra bu yara da saqalirdi. Həftə sonu köynəklərimi
özüm ütüləməyə başladım, həmişə sən köynəklərimi ütüləyəndə baxırdım.
Yadımda idi şalvarıma qatları necə vururdun. Öz paltarlarımı ütüləmək
əyləncəli gəlirdi ilk vaxtlar. Sənin kimi olmasa da bir təhər
bacarırdım. Amma onu da unutmağa başladım. Sonra həvəsim də öldü. Artıq
qırışıq köynəyə öyrəşmişəm.
Xəstələnəndə
zoğallı çay verənim də yox idi. Amma plana görə yeni həyata başlamışdım
axı. Özüm hazırlamalı idim hər şeyi. Isti zoğallı çay içib yorğanın
altına girsəm də oyanıb tər içində paltarımı dəyişmək üçün taqətim də
olmurdu. Tər və göz yaşlarıma bürünüb yatırdım. Beləcə acılarımı
çəkə-çəkə sağalırdım Evə gələndə qapını açarla açmaq kimi insana əzab
verən başqa tənhalıq cəzası tanımıram. Səni xatırladacaq nə görürdümsə
göz yaşlarımı saxlaya bilmirdim ilk vaxtlar. Amma artıq öyrəşmişəm.
Öyrəşdikcə də uzaqlaşdığını hiss edirəm. Üz çizgilərini unutmuşam artıq
şəklin də yadlaşıb.Hər gün nəyinsə silinir yaddaşımdan Amma yuxluğunla
hələ də barışamışam. Atam və qardaşım isə hələ də gəlmək fikrində
deyillər vətənə.
İki
gündən bir danışırıq. Deyirəm "tez gəlin darıxıram”. Deyirlər ki əşi nə
var e Bakıda? Evi də sat sən gəl Moskvaya. Burda yaxşıdır hər şey.
Dolanarıq bir təhər. Getmədim. Niyə getmədim deyə soruşacaqsan. Çünki
.... çünki gedə bilmərəm ana. Çünki aşiq olmuşam. Uzun zamandan sonra
ilk dəfədir aşiq olmuşam. Hələ evlənmək fikrim yoxdur amma bu fürsəti
əldən vermək istəmirəm. Bilirsən necə gözəldir? Mələkdir elə bil.
Cənnətdən mənə dua et çoxlu, onu ziyarətinə gətimək qismət olsun
mənə.Gəlib görər necə dünyalar gözəli anam var mənim. Hələ ona sevdiyimi
etiraf etməmişəm. Amma inan ki sənin gəlinin olmağa layiqli qızdır.
Bilirəm ki o da laqeyd deyil mənə. Bağışla ki səndən başqasına da "səni
sevirəm” deyəcəm ana. Bu sözləri səndən başqa heç kəsə deməyəcəyimə söz
vermişdim, amma insan sevincə dəyişir hər şey. Sevmək insana yeni həyata
başlamaq üçün güc verir. Hal hazırda isə həmin gücə qadirəm.. İnanıram
ki Bakıda qalsam hər şey yaxşı olacaq. Həm də səni qoyub hara gedirəm?
Düzdür vəfasızam daha tez tez gəlmirəm, amma söz verirəm, tez-tez
ziyarətinə gələcəm.
Hələliksə getməliyəm. Tezliklə gələcəyəm.onu da gətirəcəyəm.
Səni Sevirəm ana. Qəbrin nurla dolsun.