Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın
çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç
cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu
hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan
qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz
qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı
qərara aldı...
Qadın,
bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz
yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və:
"Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan
tükü gətirəsən. Üstəlik, bu tükləri öz əllərinlə qoparmalısan", - dedi.
Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir
heyvandan bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu
başa düşəndən sonra isə tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi
ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac
idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və
arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın
yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də
gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin
hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha
yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə,
qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan
artıq qadının "təhlükəsiz" olduğunu başa düşmüşdü. Onu görən kimi nə
qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki
həftə belə davam etdi...
Bir
gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi.
Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı.
Aslan buna əhəmiyyət belə vermədi...
Qadın
qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri
göstərib: "İndi mən bu tükləri nə edim?" - deyə soruşdu. Qoca təbəssümlə
qadına baxıb: "Heç bir şey!" - dedi, - "artıq sən vəhşi bir heyvanla
necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram
ki, gec-tez onun sevgisini qazanacaqsan"...