Çörək hekayəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 66 208
Səs ver:
(səs: 93)
Biri var idi, biri yox idi, öz əlinin zəhməti ilə çörəyini qazanan Etibar adında bir kişi var idi. Bu kişinin gülərüz, mehriban arvadı, bir-birindən xırda on iki balası var idi. Etibar kişi hər səhər gün çıxmamışdan yerindən durub cütünü qoşar, yer şumlar, taxıl əkər, sular, alnının tərini tökə-tökə qızmar yayda biçin biçər, xırman döyərdi. Bu ağır zəhmətlə başa gələn çörəyin də qədir-qiymətini, hörmətini yaxşı bilərdi. Bir dəni çöldə qoymaz, bir tikə çörəyin ayaq altına düşməsinə razı olmazdı. Odur ki, bərəkət də ondan qaçmaz, nemət başından yağardı. Günlərin birində bu ölkənin padşahı ovdan qayıdanda yolu Etibar kişinin evinin yanından düşdü. Gördü ki, səliqə-sahmanlı həyətdə bir dəstə uşaq oynaşır. Hamısı da böyüklü-kiçikli bir-birinə oxşayır. Deyəsən, bacı-qardaşdılar. Hamısının da yanağından qan damır. Elə bil ölkədəki qıtlıqdan heç bunların xəbəri yoxdur. Şah darğanı çağırtdırıb elə atüstü hal-əhval tutdu, soruşdu: – Bu ev kimindir, bu külfət, bu colma-cocuq kimindir? Darğa qorxa-qorxa dedi: – Cütçü Etibar kişinin həyətidir. On iki də xırda-xırda uşağı var. Şahı heyrət götürdü: – Yaxşı bu qıtlıq zəmanədə o, bu külfəti necə dolandırır? Yəqin atababasından ona çoxlu qızıl-gümüş qalıb. – Xeyr, bircə cütü var. Daha heç nəyi yoxdur. Şah danışdıqca onun ağıllı vəziri həyətə, burada oynaşan uşaqlara göz qoymuşdu. Nə fikrə gəldisə, birdən sözə qarışdı: – Bunun bircə sirri var. Mən deyəsən o sirri tapmışam. Şah maraqla soruşdu: – Nədi? Vəzir gözünü həyətdən çəkmədən cavab verdi: – Bu evdə çörəyə hörmət var. Bir bax, o qədər uşaq olan həyətdə ayaq altında bir qırıq çörək yoxdur. Elə bu vaxt Etibar kişinin arvadı təndirxanadan çıxdı. Başındakı tabaqda qıpqırmızı qızarmış lalagülü çörəklər buğlanır, sarı buğda çörəyinin ətri burnuna dəyənləri bihuş eləyirdi. Uşaqlardan kiçikləri anasının qıçlarına sarmaşdılar: – Ana, qoğal, ana, kökə... Arvad heç körpələrinə tərəf əyilmədi, evə doğru irəlilədi və uşaqlara belə cavab verdi: 115 – Gedin əlinizi tərtəmiz yuyun, mən də evdə süfrə salım, gəlin oturun, çörəyi orda yeyin. Bunu eşidən vəzir dedi: – Görürsünüzmü, bu evdə çörəyin qədir-qiyməti böyükdür. Şah dedi: – Yaxşı bax, ola bilməz ki, çörəkdən bir qırıq ayaq altına düşməsin, axı onlar uşaqdırlar. – Yox, hökmdarım, görünür ki, ana onlara təndir çörəyini lazım olan qədər verir. Təndir çörəyi ovulmur. Uşaqlar artıq dişdəmi, loxmanı yerə atmırlar. Padşah saraya qayıtdı. Nə düşündüsə, səhər belə bir əmr verdi: Ölkədə heç kəs təndir çörəyi bişirməsin. Hamı yalnız yuxa, nazik lavaş, sac çörəyi bişirib yesin. Bir müddət sonra padşah vəzirə dedi: – Vəzir, bilmirsən, o cütçü necədir? – Darğa deyir ki, bu il də buğdası yaxşı gəlib. Bərəkət başından yağır. Şah ata minib dedi: – Gedək, vəzir, öz gözümlə görməsəm, inanmaram. Onlar söhbətləşə-söhbətləşə Etibar kişinin həyətinə çatdılar. Gördülər ki, həyətdə oynayan uşaqların hər birinin boynundan ağ, təmiz parçadan tikilmiş kiçik bir torba asılıb. Uşaq lavaş-yuxa yemək istəyəndə ağzını torbaya tutub yeyir və qırıntılar da ora tökülür. Bunu görən vəzir dinləndi: – Gördünüzmü, hökmdarım? Bu evdən çörək əskik olmaz. Burda onun qədrini də bilirlər, hörmətini də. Onu ayaq altına düşməyə qoymurlar.
(səs: 93)
Şərhlər: 3
Baxılıb: 66 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri