Bəxtiyar Vahabzadə: Cavab

Müəllif: fiyonik
Şərhlər: 6
Baxılıb: 7 340
Səs ver:
(səs: 3)
İranda Azərbaycan xalqının milli varlığını danan, xalqımızı farslardan dönmə hesab edən "alimlər" peyda olmuşlar. Bunlardan biri də milliyyətcə azərbaycanlı olan Yəhya Zəkadır.

Özgə qapısına daş atan – azğın,
Sən özgə daşını özünə atdın.
Özgəyə qənimi çox eşitmişik,
Özünə qənimi sənmi yaratdın?
Nədir bu böhtanlar, bu uydurmalar?
Fitnə kökündədir çaldığm bu saz.
Siyasət fitinə könülsüz, naçar
Zaman oynasa da, tarix oynamaz.
Zamanın süzgəci narından narın,
Keçirir hər sözü neçə ələkdən.
Özünə qalacaq uydurmaların,
Gördünmü zir-zibil keçə ələkdən?
Mən yaxşı bilirəm məqsədin nədir,
Uydurma tarixin məramı nəymiş.
Nəsimi, Füzuli, Xətai, Sabir Səncə,
Firdovsinin yetimləriymiş.
Sənin şanın hanı, şərəfin hanı?
Əyilmə özgəyə öz mənzilində.
Nənən bayatını, anan laylanı
Niyə çağırmadı bəs fars dilində?

Altay dağlarını baban aşanda,
Ağan bu cürəti heç danmamışdı.
Qorqud öz dilində nəğmə qoşanda
Sədinin qəzəli yaranmamışdı.
Tarixlər yaradıb tarixdən qədim
Bu xalqın qılıncı,
Bu xalqın sözü.
Bəs necə oldu ki, ey dönük alim,
Biz olduq özgənin tör-töküntüsü?
Cırtdan nağılını danışdı nənən,
Bu nağıl qanana ibrətdir bu gün.
Divə əyilmədi Cırtdan...
Amma sən
Qarğa qabağında sərçəyə döndün.
Ey sözündən əmin, özündən razı,
Yalanı söylədin kimin adından?
Ananın laylası, atanın sazı,
Babanın ocağı çıxdı yadından?
Anan duasında dedi: "Ya Allah,
Balamın həmişə üzü ağ olsun.
Elə yaşasın ki, el ona pənah,
O da el-obaya bir dayaq olsun".
Dayaq olmalıykən öz elinə sən,
Elin kürəyində bir bıçaq oldun.
Sən igid olmalı, ər olmalıykən,
Özgənin əlində oyuncaq oldun.
Bu halda sən kimsən, nəçisən, düşün,
Xalqının başmda özgə yumruğu!
Ömrünü-gününü qoltuqda sürdün,
Səni isitdimi özgə qoltuğu?
Su töküb özgənin dəyirmanına,
Özün inandınmı öz yalanına?

Çəkdiyin boyalar pozuldu yenə,
Yağanda zamanın gur yağışları.
Tarix sillə kimi çəkdi üzünə
Özgədən aldığın o alqışları.
Özgənin şoruna sən qaymaq deyib,
Demə öz südünə bulama, Yəhya,
Sən bu gün tüpürüb öz boşqabına,
Özgə boşqabını yalama, Yəhya!
De, hardan öyrəndin sən bu oyunu?
Qamış tapılmadı ölçəm boyunu.
Sən öz bostanının kəsib suyunu,
Özgə bostanını sulama, Yəhya.
Onsuz da özgəyə sən yadsan, oyan,
Canını versən də boyatsan, oyan.
Sən onun əlində alətsən, oyan,
Özünü özgəyə calama, Yəhya!
Ağan hökm elədi... haqq bildin onu,
Yerinə yetirdin hər buyruğunu.
Söyüb öz dədəni, sən quyruğunu
Özgənin önündə bulama, Yəhya!
Sən ki, inanansan Allaha, dinə,
Bəs bu nə lotuluq, bəs bu nə fıtnə?
Sən öz çirkabına,üfunətinə
Gəl, bu boyda xalqı bulama, Yəhya!
Qatma yad mayası sən öz nehrənə,
Söymə təndirinə, söymə təhnənə.
Özgə məhləsindən sən öz məhlənə
Belə cani-dildən ulama, Yəhya!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 7 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri