Nə ildırım çaxar nə yağış yağar

Müəllif: Fialka
Şərhlər:
Baxılıb: 457
Paylaş:
Səs ver:
(səs: 1)
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?

Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın..

B.Vahabzadə

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 457
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv