Ölmüş itimə

Şərhlər: 4
Baxılıb: 1 862
Səs ver:
(səs: 1)
Onsuzda insanlıq qalıb kölgədə
İt olmaq səninçün bədbəxtlik idi
Bilmirəm,nə deyim,amma bəlkə də
İt olmaq ən böyük xoşbəxtlik idi
 
Bağlı bir zəncirə oldun oyuncaq
Ayağın olsa da, əlin yox idi
Öz dərdin başından aşsa da ancaq
Dərdini deməyə dilin yox idi
 
Halal suyun vardı, çörəyin vardı
Qapının durardın düz keşiyində
O qədər yumşaq bir ürəyin vardı
Xətrinə dəyməzdin bir pişiyin də
 
Bir damın altına çəkib özünü,
Gah qarnın tox olub,gah ac olmusan
Bəzən boş əlimə dikib gözünü
Bir quru çörəyə möhtac olmusan
 
Çox zaman gizlətdim mən öz sevgimi
Amma sən yenə də görə bilirdin
Sevincin sirrliydi qəzəbin kimi
Axı sən sadəcə hürə bilirdin
 
Çoxunu qoymuşam sənin yerinə
Gözümdə çoxundan üstün olmusan
Səni bəs, mən qoyum kimin yerinə? 
Mənə çox insandan isti olmusan
 
Sənin də qapını döymüşdü ölüm
Gördüm gözlərimə inanmadım mən
Bu necə əzabdır, bu necə zülüm?!
Sənə yandığımtək heç yanmadım mən
 
Dünyadan gedənlər qayıtmır bir də
Bir taya altında doğulmuşdun sən
Həmin o tayada, həmin o yerdə
Köpüklər içində boğulmuşdun sən
 
Sənin o çarəsiz, dilsiz ağzından
Xırıltı gəlirdi, bir səs gəlmirdi
Cansız bədənində qalmamışdı can
Sən artıq yox idin,nəfəs gəlmirdi...
 
Özün də bilirdin,yetim deyildin
Həmişə əhdinə sadiq qalmısan
Sən mənim sadəcə itim deyildin
Mənim ən vəfalı dostum olmusan...
 
Müəllif:Rəvan Məmmədli
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 862
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri