Qəribə deyilmi? Qəribə dünyadır, bəzən baş yarır Ayağın dəstəyi taxta çəliklər. Bəzən qul sahibi qula yalvarır Dünyanı fırladır qəribəliklər. Dünya çalxalanır yenə dəniz tək. Bu böyük dünyanın dərdini çəkmək Bizəmi qalıbdır? Vallah, nə deyim? Sənə yox, mənəsə qalıb, neyləyim?
Qəribə deyilmi? Sən sirr, mən də sirr. Bu sirri bilmirik necə çözməli? Kimi övladının dərdini çəkmir, Kimi də xalqının dərdindən dəli! Torpaq əldən getdi, ölkə talandı, Sənin nə vecinə, günün ağ olsun. Səninçün dünyada hər şey yalandı Təki damağın çağ, canın sağ olsun. Bu boyda millətin ağır günündə Qaşını çatmaq da sənə əzabdır. Qardaşın döyülsə gözün önündə Deyərsən, nə hay-küy, nə şaphaşapdır?
Ayıra bilirsən xeyirdən şəri, Mənfəət meydanı səninçin gendir. Nə Vətən, nə millət? Səndən ötəri Harda xeyrin varsa, ora vətəndir. Xalqın naləsinə qulaqların kar, Millətin içində millətə yadsan. Dərddən başımıza yağdı yağışlar, Səni islatmadı, dərddən azadsan. Bir qırıq dəymədi xeyrin özgəyə Quru ağacdan da meyvə dərmisən. Xeyrinin gözüylə baxdın hər şeyə Dünyanı cibinə yerləşdirmisən. Qışın çovğunu da sənə yaz gəlir Əgər mənfəətin var isə bundan. Xeyrindən özgə şey sənə vız gəlir Araz açığından, Kür topuğundan. Heç demə, dünyada dünyada kənar Zamanın çölündə yaşayan da var...