Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 5 633
Səs ver:
(səs: 0)
Yar günümü göy əskiyə tutdu ki, dur, məni boşa,
Cütcü görübsən öküzə, öküz qoyub buzov qoşa?
Sən əllini keçib yaşun, mən bir otuz yaşında qız,
Söylə görüm otuz yaşın nə nisbəti əlli yaşa?

Sən yerə qoydun başuvu, mən başıma nə daş salım?
Bəlkə mən artıq yaşadım, neyləməli? Dedim: yaşa.
Bir də bəlalı baş neçin yanına süpürgə bağlasın?
Börkü başa qoyan gərək börkünə də bir yaraşa.

Bir də kəbin kəsilməmiş, sən mənə bir söz demədin,
Yoxsa cəhazımda gərək gələydi bir hoqqa-maşa.
Dedim: qəza gəlib tapıb, bir iş idi olub keçib,
Qurbanam ol ala gözə, heyranam ol qələm qaşa.

Mənki özümdə bir günah görməyirəm, çarə nədir?
Pis bəşərin qaydasıdır, yaxşını tapsa dolaşa.
Dostla mürüvvət etməli, düşmən ilə keçinməli,
Qayda budur, heyif deyil bəşər yolun azıb, çaşa?

Mən də sənin dayoğluvam, sən də mənim bibim qızı,
Könül baxırsa günəşə, göz də gərəkdir qamaşa.
İndi bizim maral kimi üç balamız vardı, gərək.
Ata-ana savaşsa da, bunlara xatir barışa.

Hər kişiyə əyalı da öz canıtək hörüklənib,
Hədyə də olmaz eləsin arvadı qardaş-qardaşa.
Bu dünya bir yol kimidir, biz axirət müsafiri,
Kəcavədə hamaş gərək öz hamaşilən yanaşa.

Axirəti olanların dünyası qəmsiz olmayıb,
Seldi, gələr, axar, keçər, amma gərək aşıb-daşa.
Məsəldi: "Yer ki, bərk olur, öküz öküzdən inciyir".
Hey dartılır ipin qıra, yoldaşıyla bərk savaşa.

Bizim də ruziyarımız yamandı, bizdə eyb yox,
Bəlkə vəzifədir: bəşər qonşular ilən qonuşa.
Həqqi-həyat yox daha bizlərə, çox böyük başı
Zindanımızda həqqimiz, bir baca tapsaq, tamaşa.

Amma onun şəmatəti, Allaha xoş gəlməyibən –
Getdi, mənim həyatımı vurdu daşa, çıxdı başa!

M.ŞƏHRİYAR
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri