Kişilərə utanc gətirən xəstəlik: səbəbləri nədir?

Müəllif: Qlamurr
Şərhlər: 3
Baxılıb: 4 471
Səs ver:
(səs: 0)
Endokrinoloq Nadirə Ağazadənin ginekomastiya (kişilərdə süd vəzi böyüməsi) haqda məqaləsini təqdim edir.  
Ginekomastiya - kişilərdə bir və ya iki tərəfli məmə (süd vəzi) toxumasının normadan artıq böyüməsinə deyilir. Əgər süd vəzi böyümüşsə, bunun həqiqi və ya yalançı ginekomastiya olduğunu araşdırmaq lazımdır. Həqiqi ginekomastiyada süd vəziləri vəz toxuması hesabına böyüyür. Yalançı ginekomastiya süd vəzilərinde piy toplanması hesabına əmələ gəlir və piylənməsi olan kişilərdə daha sıx görülür.
 
Ginekomastiya daha çox hansı dövrlərdə rast gəlinir:

- Yenidoğulmuşlarda
- Pubertat dövrdə (yetişkənlik çağı)
- Yaşlılarda (əsasən 50-80 yaş arası kişilərdə)
 
Yenidoğulmuş oğlan uşaqlarında süd vəzilərinin böyük olması hamiləlik boyunca yüksək estrogenlərin təsirindən olduğuna görə müvəqqətidir və bir müddətdən sonra normala dönür, heç bir müalicə tələb etmir.
 
Pubertat ginekomastiyası əsasən 10-12 yaşlarda başlayır, amma 13-14 yaş arasında da görülə bilər. Bu yaşlarda böyümüş süd vəzisi əmələ gəldikdən sonra 6-24 ay içində heç bir müalicə tələb etmədən geriyə dönür, amma qalıcı pubertat ginekomastiyası kimi qalma ehtimalı da var. Bir və ya hər iki süd vəzisində rast gəlinə bilər. Xəstələrdə bu problem olduqda diqqətli fiziki müayinə ilə yanaşı lazım olan testlərin aparılması ginekomastiyanın səbəbinin araşdırılmasında yardımçı olur və 6 aylıq aralarla təkrarlanan müayinələr bu durumun qalıcı olub-olmadığını göstərir.
 
Ginekomastiyanı əmələ gətirən səbəblər:
 
- Müəyyən qrup dərman preparatlarının qəbulu
- Qaraciyər və böyrək xəstəlikləri
- Hormonal-aktiv şişlər (Testis şişləri, böyrəküstü vəz şişləri və s)
- Klinefelter sindromu (Birincili hipoqonadizm)
- Prostat xərçəngi
- Hipertireoz və s
 
Əgər ginekomastiyanı əmələ gətirən səbəb aparılmış müayinələr nəticəsində tapılmırsa, artıq bu, idiopatik (səbəbi məlum olmayan) ginekomastiya adlanır.
 
Ginekomastiyası olan kişilərdə ən önəmli olan süd vəzi xərçəngini daha erkən dönəmdə aşkarlamaqdır. Kişiyə Klinefelter sindromu diaqnozu qoyulmuşsa, süd vəzi xərçəngi riski olması daha yüksəkdir. Ona görə bu diaqnoz qoyulan kişi xəstələrə hər il süd vəzi müayinəsindən keçmək vacibdir.
 
26-35 yaş arası kişilərdə süd vəzilərində böyümə ilə yanaşı cinsi zəiflik, cinsi həvəsin azalması, testislərdə (xayalarda) böyumə də varsa, bu, testis şişlərinin olmasından xəbər verir və vaxtında aşkarlanması çox önəmlidir.
 
Kişilərdə süd vəzilərinin normadan artıq böyüməsi süd vəzi xərçənginin və digər hormonal aktiv şişlərin ilk şikayəti olduğu üçün buna xüsusi diqqət yetirilməlidir. Səbəbi araşdırmaq üçün lazım olan müayinələrdən və hormonal testlərdən keçmək bu kimi şikayəti olan kişi xəstələrə məsləhət görülür
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri