“Arvadından qorxaraq aşiq olduğu tələbəsini öldürdü” [olmuş hadisə]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 17 754
Səs ver:
(səs: 5)

 

23 yaşında qızını itirən ana övladının taleyini danışır.

Əsmər 18 yaşında ailə qurur. Yaşadığı Bakı şəhərindən köçüb ər evinə rayona gəlir. 1 il sonra qızı Aydan doğulur. Ailənin sevinci birə beş artır. Bu sevinc uzun çəkmir. Ailə başçısı Xalid işlədiyi işıq idarəsində qəzaya düşür, yanaraq dünyasını dəyişir. Əsmər bir müddət özünə gələ bilmir. Qızını da götürüb Bakıya valideynlərinin yanına qayıdır. Anasının köməyi ilə qızını böyüdür. Bütün ömrünü yeganə övladı, ərinin yadigarı Aydana həsr edir. Aydan məktəbə getdikdən sonra isə bütün diqqətini onun yaxşı oxumağına sərf edir. Aydan orta məktəbi əla qiymətlərlə bitirib hüquq fakültəsinə daxil olur. Ən böyük arzusu isə universiteti bitirdikdən sonra elmi dərəcə almaq olur. 3-cü kursu bitirdikdən sonra yay tətilində Fərid adlı oğlanla tanış olur. Ailələrin də razılığı ilə gənclər ailə qurmağa qərar verirlər.

Əsmər xanım deyir ki, Fəridi ilk gördüyü andaca qızına layiq ər olacağını anlayıb: "O həm yaraşıqlı, həm təhsilli, həm də mədəni oğlan idi. Qızım da onu çox sevirdi. Ailə qurduqdan sonra Fəridin atasının aldığı iki otaqlı mənzildə gənclər tək yaşayacaqdılar. Çox sevinirdim. Çünki hər şey hamının ürəyincə idi. Atasız, əziyyətlə böyütdüyüm qızımın xoşbəxt ailəsi olacaqdı”.

Toy çox təmtəraqlı keçir. Fəridin atası yeganə övladı üçün yaxşı toy edir. Toydan sonra gənclər onlar üçün alınmış evdə yaşayırlar.

Təhsilini davam etdirən Aydan gününün çox hissəsini universitetdə, kitabxanada keçirir. Fərid isə işlədiyi firmadan evə qayıtdıqdan sonra ev işləri ilə məşğul olur. Aydan universiteti bitirdikdən sonra magistr imtahanlarına hazırlaşır. Kitabxana və universitetdə keçirdiyi vaxt getdikcə artmağa başlayır. Gənc ailə bir yerdə daha az vaxt keçirməyə başlayır. Fərid ilk vaxtlar Aydanın təhsilini davam etdirməyinə mane olmamaq üçün heç nə demir. Lakin Aydan getdikcə evə daha gec gəlməyə başlayır. Fərid Aydanla açıq söhbət etmək qərarına gəlir. Onların gənc ailə olduqlarını, bir yerdə daha çox vaxt keçirə bilməmələrindən narahat olduğunu deyir. Aydana imtahanları verdikdən sonra Türkiyəyə yay tətilinə gedib istirahət etməyi təklif edir.

Aydan imtahanları uğurla verib magistraturaya daxil olur. İş elə gətirir ki, Fərid xarici pasport almağa gecikir. Aydan isə çox yorulduğunu, istirahətə ehtiyacı olduğunu bəhanə edib Fəridin pasport almasını gözləmədən rəfiqəsi ilə Türkiyəyə istirahətə gedir. Fərid yenə də ailə münasibətlərini korlamaq istəmir.

İstirahətdə olduqları zaman Aydanın rəfiqəsi sosial şəbəkələrdə Türkiyədə çəkilmiş fotoları paylaşır. Fərid fotoların birində çimərlik geyimində olan arvadını qucaqlayan əl görür. Şəkildəki əlin sahibinin bütünlükdə bədəni isə fotoda görünmür. Aydan Türkiyədən qayıtdıqdan sonra onların arasında mübahisə başlayır. Fərid Aydana həmin əlin sahibin kim olduğunu soruşur. Aydan cavab verməkdən imtina edir. Toydan bir müddət sonra Fəridə, evlərinə qarşı tamamilə soyuyan Aydan Fəridə son qərarını deyir. Aydan Fəriddən boşanmaq istədiyini, onu yersiz sorğu-sualların təngə gətirdiyini deyir. O, davanın səhəri günü evdən çıxanda Fəridə bir də gəlməyəcəyini deyib çıxır. Fərid isə Aydanın sözünü ciddi qəbul etmir. Axşam dərsdən sonra mütləq evə qayıdacağını düşünür.

İşdən sonra Fərid qaynanası Əsmərin evinə gedir. Qızı Aydanla aralarında problemlərinin olduğunu, Aydanın ona qarşı soyuduğunu, evlə maraqlanmadığını deyir. Əsmərə qızının ayrılacağını deyəndə qadın ağlamağa başlayır. O, qızının hansı səbəbdən bu qədər dəyişdiyini anlamaq istəyir. Çünki Aydan uzun müddət idi ki, anasını da görməyə getmirdi.

Kürəkəni gedəndən sonra Əsmər özünü ələ alıb qızının mobil telefonuna zəng edir. Onunla danışmaq istədiyini deyir. Qızı isə söz verir ki, axşam dərsdən çıxıb anasıgilə gələcək. Əsmər Fəridə zəng edib onu sakitləşdirir. Qızı ilə danışdığını, onu fikrindən daşındıracağına söz verir. Əsmər Aydanın bu gecə evə gəlməyəcəyini, onunla qalacağını Fəridə xəbər verir.

Əsmər qızını gecə saat 11-ə qədər gözləyir. 11-dən sonra narahatlığı çoxalmağa başlayır. Qızı gəlmir ki, gəlmir. Kürəkəninə zəng edib Aydanın öz evinə gəlib gəlmədiyini soruşur. Fərid onun evə gəlmədiyini, telefonuna isə zəng çatmadığını deyir. Narahat ər qayınanasının evinə gedir. Səhərə qədər yaxın əraziləri, qohumların, tanışların evlərini axtarırlar. Əlacsız qalıb polisə xəbər verirlər. Polis axtarışa universitetdən başlayır. Universitetə gedib Aydanın dərsdə olub olmadığını yoxlamaq üçün fakultənin dekanlığına gedirlər. Dekanlıqda rəhbər işçilərdən birinin otaqda gərgin halda var-gəl etdiyini, polisi görən kimi stolun üstündəki qadın çantasını gizlətməyə cəhd elədiyini görürlər. Fərid stolun üstündəkinin Aydanın çantası olduğunu deyir. Polis sorğu-suala başlayır. Dekanlığın işçisi özünü itirir. Və... Hər şeyi etiraf edir.

Gözləri yuxusuzluqdan şişmiş, yaşı qırxı haqlamış adam Aydanı son dəfə gördüyünü etiraf edir. Polis Aydanın izinə düşdüyündən əmin olur.

A-nın 42 yaşı var. Yaraşıqlı, mədəni insandır. Evlidir. İki övladı var. Universitetdə demək olar ki, bütün tələbə qızlar həmişə ona diqqət yetirib. Onun isə gözü həmişə uzun qara saçları, parlaq gözləri olan Aydanda olub. Dediyinə görə münasibətlərinin başlanmasına səbən Aydan özü olub. Axşam saatlarına qədər qalıb Aydanı imtahanlara hazırlaşdırmaq təklifini isə o veribmiş. Aydanın evli olduğunu öyrəndikdən sonra isə münasibətləri kəsmək istəyib. Aydan buna qəti etiraz edib. Ərini sevmədiyini, ayrılmaq istədiyini deyib. Bir müddət sonra isə Aydanı dəli kimi sevdiyini anlayıb. Yay tətilinə Türkiyəyə isə Aydanla birgə gedən də məhz A olub. Bu təklif isə Aydandan gəlib. O, tətilə əri ilə getmək istəmədiyini, A ilə getmək istədiyini deyib.

Münasibətlər yaxınlaşdıqca Aydan A-nı qısqanmağa başlayıb. Dəfələrlə universitetdə hansısa tələbə qıza qısqandığı üçün böyük davalar salıb. A yenə münasibətləri bərpa edib.

Son gecə isə belə olub: Əri ilə ayrılmaq qərarına gələn Aydan A-nın yanına gəlib əri ilə ayrıldığını, onunla yaşamaq istədiyini deyib. A isə birgə tutduqları evə yalnız günün müəyyən vaxtlarında gəlib gedə biləcəyini, ailəli olduğunu deyib. Aydan isə ondan arvadından boşanmağı tələb edib. Mübahisə universitetdən kənarda davam etməyə başlayıb. Oturduqları kafedə Aydanı sakitləşdirə bilmədiyini görən A onu maşına oturub yola çıxıb. Aydan A-nı yolboyu ona xəyanət etdiyini, başqa qadınlarla da görüşdüyünü iddia edib.

Daha sonra bu gecə onunla qalmağa məcbur olduğunu, ona görə ailəsindən ayrıldığını deyən Aydan ondan da boşanmağı tələb edib. A deyir ki, özünü maksimum sakitləşdirməyə çalışsa da, Aydan buna imkan verməyib. Yolboyu Aydan dəfələrlə ona şillə vurub. Aydana şəhərə qayıdıb onu ya anasının evinə, ya da birgə tutduqları evə aparmağı təklif edib. Aydanın ərindən boşanmasına səbəb isə onun olmadığını deyib. Məhz bu cümlə Aydanı dəli vəziyyətinə çatdırıb. A-nın əlindən telefonunu alıb arvadına zəng edib aralarında bütün olanları deməyə cəhd edib. Maşının içində əlbəyaxa olan gizlin aşiqlər bir-birlərini döyməyə başlayıblar.

A məhkəmə ifadələrində bildirir ki, maşını həmin vaxt dəniz qırağı ilə sürürmüş. Maşından düşüb Aydanla kənarda söhbət etmək istəyib. Aydan maşından düşən kimi yerdən daş götürüb ona vurmaq istəyib. Əlindən alıb kənara atsa da hiddəti keçməyib. Aydanı maşının baqaj tərəfini açıb ora soxmaq istəyib ki, qorxub sakitləşsin. Baqaj tərəfdə üz nahiyəsində hematoma yarandığı üçün Aydan A-nı təhqir etməyə başlayıb. A-nı səbr kasası dolub. Maşının baqajında əlinə keçən dəmir parçasını Aydanın başına çırpıb. Qızcığaz o andaca keçinib.

İlkin istintaq zamanı hər şeyi etiraf edən A Aydanın hələ də maşının baqajında olduğunu deyib.

Gecə saatlarında şəhəri ələk-vələk edən ana və ər ağıllarına da gətirə bilməzdilər ki, qızları öldürülərək maşının baqajına qoyulub. Həmin maşının saxlanıldığı ərazidən isə onlar dəfələrlə keçiblər.

Fakt üzrə cinayət işi açılıb. Cinayət Məcəlləsinin Maddə 120. – ə (Qəsdən adam öldürmə

120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə —

yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.) görə A-ya 12 il müddətində azadlıqdan məhrumetmə cəzası kəsilib.

A –nın vəkili isə müvəkkilinin cinayət zamanı affekt halında olması ilə bağlı vəsatət qaldırsa da, vəsatət qəbul edilmir. Onun affekt vəziyyətində olması öz təsdiqini tapmır.

Əsmər yeganə övladının qətlindən sonra özünə gələ bilmir. Kürəkəni Fəridin düşdüyü depressiya isə onun psixoloji pozuntu yaşaması ilə nəticələnir. Əsmər gününün yarısını qızının qəbrinin başında keçirir. O deyir ki, qızının yaşadıqlarına, həyatını itirməsinə, kürəkəninin çəkdiyi əziyyətlərə, onun göz yaşlarına yeganə səbəb A-dır. O, qızını yoldan çıxarmasaydı, Aydan kimi ciddi və məsuliyyətli qız ərinə xəyanət etməzdi, ayrılmaq qərarına gəlməzdi.

Əziz "Taleyin şəkli” oxucusu, gənclik insan həyatına verilmiş nemətdir. O, nemət ki, heç nə ilə əvəz etmək olmur. Gənclik xoşbəxtlikdir, saflıqdır. Ancaq gənclik bütün səhvlərə haqq qazandırırmı? Səhvsiz gənclik arzusu ilə... // Publika

 

(səs: 5)
Şərhlər: 2
Baxılıb: 17 754
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri