Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var
ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin
əzəməti ilə unudulmaz.
31 mart ikinci günlərdən idi.
MART SOYQIRIMI
Mart Soyqırımı və ya Mart Hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel
tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,
Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və
daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri
qırğın.
Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı
qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan
Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31
mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi
ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş,
əhalini uşaqdan böyüyədək qətlə yetirmişdir. Həmin dəhşətli günlərin
şahidi olmuş Kulner familiyalı bir alman, 1925-ci ildə Bakı hadisələri
barədə bunları yazmışdır: "Ermənilər müsəlman (azərbaycanlı)
məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə
dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan
çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş,
qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər
uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc
qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa
çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da
bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə
azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni
zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard
Ramsden Hartvill "İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes
Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin
və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə
Bakıda Mart qırğını zamanı iyirmi beş min azərbaycanlının qətlə
yetirildiyini bildirmişdir.
Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918-1920-ci
illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin,
Fövqəladə İstintaq Komissiyasının materiallarından bəzi çıxarışları
nəzərinizə təqdim edirik:
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə
yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət
abidələri yandırılmış və uçurulmuşdur.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan,
uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü
pusquya salınaraq son nəfərinədək məhv edilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini
məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər.
Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst
edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.
İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv
edilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri
daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın
dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.