Budəfəki
qəhrəmanımızın həyatı təzadlarla doludur. Adı Fəxriyyədir. 1983-cü ildə
Siyəzən rayonunda, səkkiz uşaqlı ailədə dünyaya gəlib. Fəxriyyənin
uşaqlıq illəri çox ağır keçib. Valideynlərinin dava-dalaşı, maddi
problemlər uşaqlıq illərini qara edib.
Zülm-zillətlə
oxuyub, Bakıdakı ali məktəblərdən birinə daxil olur. Bakıda onunla eyni
kənddən olan qızlarla kirayə evdə yaşamağa başlayır. Təhsilə başladığı
ilk aylardan poçt xidmətində köməkçi kimi işləməyə başlayır. Evdən ona
heç bir maddi kömək olmadığını nəzərə alaraq, gecə-gündüz həm təhsil
alır, həm də işləyir. İkinci kursda oxuyanda isə universitetdə Aqil adlı
oğlanla tanış olur. Gənclər bir-birinə aşiq olur. Münasibətlər getdikcə
ciddiləşir. 6 ay sonra onlar evlənməyə qərar verirlər. Maddi imkanı
yüksək olan Aqilin valideynləri kasıb, tanımadıqları ailənin qızını
övladlarına almaq istmərilər. Lakin, onlar nişanlanır. Aqilin anası isə
nişanı heç cür qəbul edə bilmir. Gənclər ailələr arasındakı
narazılıqların nəticəsində ayrılırlar. Nişan qayıdandan iki ay sonra
Fəxriyyə hamilə olduğunu anlayır. Aqilə zəng edir. Görüşürlər. Hamilə
olduğunu Aqilə deyəndə gözləmədiyi cavabı alır. Aqil ona deyir ki,
uşağın atası olduğuna inanmır. Fəxriyyə şoka düşür. Aqil onu küçədə
ağlaya-ağlaya qoyub gedir.
Fəxriyyə psixoloji
sarsıntılar içində evə gedib iyirmiyə yaxın yuxu dərmanı qəbul edir.
Xoşbəxtlikdən birgə yaşadığı qızlar onu tezliklə xəstəxanaya çatdırır.
Dörd gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra palataya
çıxarılır. Bu müddətdə Aqil bircə dəfə də onu görməyə gəlmir. Palatada
onunla bərabər qalan kişi yanına gələn olmadığını gördüyü üçün öz yemək
paylarından ona da verir. Maşın qəzası keçirdiyi üçün xəstəxanaya
düşdüyünü, həyatını ona danışır. Xəstəxanadan çıxdıqdan sonra isə palata
yoldaşı Fikrət ona tez-tez zəng edir. Bətnindəki uşağın vəziyyətini
soruşur. Fikrət 2 il əvvəl övladı olmadığına görə boşandığını, sonsuz
olduğunu deyir. Ona evlilik təklif edir. Bir neçə ay sonra evlənirlər.
Fikrətin
hər cür dəstəyi, xoş xasiyyəti Fəxriyyəyə pis günlərini yavaş-yavaş
unutdurmağa başlayır. Fəxriyyənin oğlu ana bətnində zəhərləndiyinə görə
bir neçə xəstəliklə dünyaya gəlir. Fikrət uşağın müalicəsi üçün hər cür
xərclərin öhdəsindən gəlir. Uşaq sağalır. Uşağın 2 yaşı olanda qəfil
Aqil peyda olur. Fəxriyyəyə bir qrupda oxuduğu qızdan söz göndərir.
Uşağın onun olub-olmamasını soruşur. Fəxriyyə isə qarşılığında Aqilə
nifrət etdiyini, uşağın isə Fikrətin olduğunu deyir. Aqilin söz
göndərmələri getdikcə sıxlaşır. Fəxriyyə narahat olmağa başlayır. Ərinin
bundan xəbər tutmasından qorxur. O, əmin idi ki, Aqilə olan bütün
hissləri çoxdan ötüb keçib. Uşağın atası isə məhz onu sevən, hər cür
əziyyətinə qatlaşan Fikrətdir. Fəxriyyə Aqilin nömrəsini tapıb ona zəng
edir. Onu narahat etməməsini xahiş edir. Aqil isə onu hələ də sevdiyini
deyir. Fəxriyyə Aqili acılayaraq telefonu üzünə qapadır.
Aqilin
zəngləri getdikcə çoxalır. Fəxriyyə Aqillə görüşüb bu vəziyyətə son
qoymaq qərarına gəlir. Onu şəhərdə çayxanaların birinə çağırır. İllər
sonra Aqil onun qarşısında dayanır. Köhnə sevgisi yenilənsə də, özünü o
yerə qoymur. Əyləşdiklərindən 15 dəqiqə sonra Fikrətin onun başının
üstündə dayandığını görür. O, şoka düşür. Vəziyyətdən necə çıxacağını
bilmir. Aqil isə Fikrətə təhqiramiz ifadələr işlədir. Aralarında dava
başlayır. Fikrətlə Aqil kafenin ortasında bir-birlərinə əl qaldırır.
Fikrət Aqili döydükdən sonra Fəxriyyənin qolundan tutub sürüyə-sürüyə
maşına oturdub evə gətirir. Məlum olur ki, Fikrətə Fəxriyyənin Aqillə
görüşəcəyini qrup yoldaşı xəbər verib. Bu planı isə onları ayırmaq üçün
Aqil düşünüb. Fəxriyyə Fikrəti inandırır ki, onun məqsədi Aqilin
zənglərinin qarşısını almaq olub. Fikrət onu bağışladığını desə də,
münasibətlər əvvəlki kimi olmur. Fikrət evə gec-gec gəlməyə başlayır.
Münasibətlər soyuyur. Aqil isə Fəxriyyəyə zəng etməyə davam edir.
Fəxriyyə
boşanmaq qərarına gəlir. Bu qərarı isə Aqillə birgə verir. Aqil onu
inandırır ki, etdiyi səhvi ona unutduracaq. Fəxriyyəyə də, oğluna da
sahib çıxacaq. O, Fikrətdən boşanıb Aqillə yaşamağa başlayır. Aqilin
yalanları isə yenə də davam edir. Aqil onu və oğlunu ailəsinin yanına
aparacağını desə də, aldadır. Onlara kirayə ev tutub saxlayır. Fəxriyyə
isə 1 həftə sonra gözlənilməz hadisə ilə qarşılaşır. O, yenidən hamilə
olur. Lakin, özünü sonsuz hesab edən Fikrətdən! Abort qərarına gəlsə də,
uşaq müəyyən vaxtı keçdiyinə görə həkimlər abort etməkdən boyun
qaçırırlar. Fəxriyyə Aqilə Fikrətdən hamilə olduğunu deyir. Aqil isə onu
döyüb kirayə yaşadıqları evindən qovur. Fəxriyyə Fikrətə zəng edib
hamilı olduğunu desə də, o, inanmır. Onun sonsuz olduğunu, Fəxriyyənin
yalan danışdığını deyir. Fəxriyyə yenidən, bu dəfə də Aqilin sayəsində
hamilə, uşaqlı küçədə qalır. O, qohumlarından, ailəsindən kömək istəsə
də hamı kömək etməkdən imtina edir. Fəxriyyə müvəqqəti də olsa, oğlunu
uşaq evinə yerləşdirmək istəyir. Oğlunu uşaq evinə yerləşdirib özü
rəfiqələrinin birinin evinə sığınır. Bətnindəki uşaq 8 aylıq olanda
qəfil doğuş sancıları tutur. O, evdəcə qızını dünyaya gətirir. Səhəri
gün Fikrətə zəng edib qızının dünyaya gəldiyini, inanmazsa analiz
verməyə razı olduğunu deyir. Fikrət razılaşır. Onlar məhkəməyə atalıq
faktının müəyyən olunması üçün müraciət edirlər.
Analizlərin
nəticəsi qızın Fikrətin uşağı olduğunu təsdiqləyir. Fikrət dünyanın
xoşbəxti olur. Lakin, Fəxriyyəni bağışlamır. Qızını Fəxriyyənin də
razılığı ilə ondan alıb özü saxlayır. Fəxriyyə körpəsini yalnız 5 ay
görə bilir.
Özünə iş tapandan sonra isə
Fəxriyyə oğlunu uşaq evindən götürmək üçün gedir. Uşaq evində dəhşətlə
qarşılaşır. Məlum olur ki, onun oğlunu bir nəfər övladlığa götürüb.
Qanunvericiliyə görə isə övladlığa götürən ailə, ünvanı sirr
saxlanılır.
Fəxriyyə oğlunu bir daha görə
bilmir. O, iki uşağını da sağ ola-ola itirir. Ana qəlbi, övlad həsrəti
ona mənəvi işgəncə verir. Aqildən qisas almaq qərarına gəlir. Onların
yaşadığı evə od vurur. Evdəki yanğını vaxtında söndürsələr də, Aqilin
anası Fəxriyyə haqda polisə şikayət edir. Şəxsi mülkiyyətə qəsdən zərər
yetirmək maddəsi ilə onu həbs edirlər.
Həbsdən
çıxdıqdan sonra Fəxriyyənin dünyaya baxışları dəyişir. O, qəddarlaşır.
Fikrətə yalvarsa da, Fikrət onunla barışmır. Aqilin toy gününü qara
edir. Toyda gedib dava salır. Aqilin qohumları onu döyüb qovurlar.
Fəxriyyənin müqəddəslik anlayışı getdikcə yox olur. O, masaj
salonlarında fahişəlik etməyə başlayır. Bir müddət sonra Türkiyəyə
fahişəlik üçün üz tutur. Türkiyədə başına min bir müsibət gəlir.
Fahişəlik etdiyi oteldə yanğın baş verir. Yanğın zamanı Fəxriyyənin
əlləri, üzü ağır formada yanır. O artıq fahişə kimi otelə lazım olmur.
Onu Türkiyə polisinə təhvil verirlər. Türkiyə polisi Fəxriyyəni
Azərbaycana deportasiya edir. Azərbaycana qayıtdıqdan sonra dövlət onu
xəstəxanaya yerləşdirir. Aylarla müalicə alsa da, effekti olmur.
Fəxriyyə gənc yaşına baxmayaraq, hazırda Bilgəh qəsəbəsində qocalar və əlillər evində yaşayır.
Dünyadan,
insanlardan bezib. Söhbət zamanı isə tez-tez yalnız bir sözü deyirdi:
Siz mənə kömək edən deyilsiniz, hamınız yalançısınız. Həkimlər deyir ki,
onun əsəbləri sıradan çıxıb. Həyatı ilə bağlı söhbətlərdə göz yaşını
tuta bilmir. Yadına salıb ağlayır. Deyir ki, ərlərinin heç biri uşağının
atası olduğuna inanmayıb.
Fəxriyyə həyatının puç olmasında ailəsini, Aqili, bütün dünyanı günahlandırır. O, dünya deyəndə bəlkə də Aqili nəzərdə tutur.
Əziz oxucu, sevgi dünyadır. Ancaq sevgili bütün dünya deyil. Həyatınızı, dünyanızı heç kimə qurban etməyin.