"Evdə qalan qızların sayı çoxalır” "Regionlarda vətəndaş nikahı daha çoxdur”
Elə
ki, Sovet İttifaqı dağıldı, qadın və kişi münasibətləri də dəyişdi.
Müasirlik adı ilə leksikonumuza "vətəndaş nikahı” daxil oldu. Müasir
dünyada insanların ailə qurması, münasibətləri tənzimləməsi nəinki
mühakimə, heç müzakirə mövzusu da deyil. Qanunvericiliyə görə, yetkinlik
yaşına çatmış hər kəsin istədiyi şəxslə münasibət qurmaq hüququ var.
Buna isə heç kimin müdaxilə etmək haqqı yoxdur. Yazılmış qanunlarla
yanaşı yazılmamış qanunlar da həyatımızı idarə edir. Şəxsi münasibətlərə
qarışmaq haqqı ictimaiyyətə o zaman açıq olur ki, iki şəxsin münasibəti
ətrafa və ya münasibətdən dünyaya gəlmiş körpəyə zərər vurur.
Bizimbaku.ws
saytı, "Qırmızı Xətt" layihəsini Günay Muradlının
təqdimatında sizə təqdim edir. Yazar bu dəfə rəsmi nikah və vətəndaş
nikahının fərqlərini, zərərli və yaxşı tərəflərini araşdırıb.
Vətəndaş nikahı nədir? İki şəxsin öz istəyi ilə bir evi, eyni həyatı paylaşmasına vətəndaş nikahı deyilir.
Rəsmi nikah nədir? İki şəxsin öz istəkləri ilə bağladığı izdivacın qanunla rəsmiləşdirilməsinə rəsmi nikah deyilir.
Avropada
rəsmi nikahın təbliği, rəsmi nikaha üz tutanların sayı getdikcə
sürətlənir. Buna səbəb isə avropalı sosioloqların və psixoloqların
qeyri-rəsmi nikahdan doğulan uşaqların münasibətlər dağıldıqdan sonra
heç bir sosial dayağının olmaması və maddi-psixoloji sarsıntı
keçirməsidir. 10 il ərzində Azərbaycanda rəsmi nikahdankənar doğulan
uşaqların sayı 4 dəfə artıb.
Dövlət Statistika Komitəsinin
məlumatına görə, 2000-ci ildə rəsmi qeydə alınmış nikahdankənar doğulan
uşaqların sayı 6 282 nəfər, 2010-cu ilin sonuna bu göstərici 25 385
nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd
yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların
sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların
sayı isə 5,7 dəfə artıb.
Vətəndaş nikahı – molla kəbini
Hazırda
Azərbaycanda rəsmi nikahdan imtina etmiş, özünü müasir sayan cütlüklər
belə söhbət əsnasında münasibətlərinin ciddi olduğunu, kəbinlə ailə
qurduqlarını deyirlər. Kəbin Azərbaycanda məhz, vətəndaş nikahı
deməkdir. Vətəndaş nikahının sürətlə artmasına təkanı da fırıldaqçı
mollalar verir. Molla kəbini ilə bir evdə yaşayan insanların doğub
törədiyi uşaqlar isə Qanunla qeyri-rəsmi nikahdan doğulan uşaqlar hesab
edilir. Demək ki, adını kəbin qoyduqları müsəlman vətəndaş nikahının
uşaqların həyatında heç bir əhəmiyyəti yoxdur.
Rəsmi nikah olmadan kəbin bağlamaq qadağandır
Azərbaycanda
kəbini hər yoldan ötən din adamı deyil, ancaq məscid axundu kəsə bilər.
Qafqaz Müsəlmanları İdarəsinin 2010-cu ildə verdiyi qərara görə, heç
bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Bu qərarın
çıxmasına səbəb isə erkən nikahların qarşısını almaqdır.
Qadınlar üçün vətəndaş nikahı
Azərbaycandakı
yerli qeyri-hökumət təşkilatlarının apardığı sorğuya cavab verən 100
qadından 75-i vətəndaş nikahına qarşıdır. Onların fikrincə vətəndaş
nikahında yaşayan qadınların heç bir sosial dayağı yoxdur.
Uşaqlar və rəsmi nikah
"Təmiz
Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova
deyir ki, rəsmi nikah istənilən halda qadının xeyrinədir. Bu, qadın və
uşağa hüquqi cəhətdən öz statusunu müəyyənləşdirməyə imkan verir. Rəsmi
nikaha girməyən şəxslər, onların övladları sonradan sosial-psixoloji
travmalar yaşayır. Rəsmi nikah həm də münasibətlərdə məsuliyyət hissini
formalaşdırır.
Boşanmadan və ya rəsmi nikaha girmədən aliment
Mehriban
Zeynalova rəsmi nikah qüvvədən düşdükdən sonra münasibətlərə, alimentin
alınmasına təsirindən də danışdı. Hazırda rəsmi nikah ailə başçısı olan
kişilərin məsuliyyət hissinə az təsir göstərir. Aliment almaq üçün heç
də rəsmi nikahda olmaq və ya boşanmaq lazım deyil. Tərəflər boşanmasa
da, həmçinin, rəsmi nikah qüvvədə qalsa da, qadın aliment üçün müraciət
edə bilər. Azərbaycan mentaliteti isə bunu qəbul etmir. Rəsmi nikahı
olmayan və atalıq faktının təsdiqinə razılıq verməyən kişilərlə bağlı
məhkəmə çəkişməsi yolu ilə atalıq faktını müəyyən etdikdən sonra
alimentə müraciət etmək mümkündür. Boşanmadan uşaqlarına maddi köməyini
əsirgəyən ailə başçısı isə uşaqlara qarşı iqtisadi zorakılıq tətbiq
etmiş olur. Əgər kişi ailəsini iqtisadi çətinlik qarşısında qoyursa,
qadın aliment tələbi ilə məhkəməyə müraciət etməlidir. Bunun üçün rəsmi
nikaha ehtiyac yoxdur. Bəzən olur ki, bizə kəbin kağızını nikah haqqında
şəhadətnamə əvəzinə təqdim edən qadınlar olur. Bu elə vətəndaş nikahı
deməkdir. Çünki kəbin kağızının Qanun qarşısında heç bir hüquqi yükü,
əhəmiyyəti yoxdur.
İslamda dini kəbin və rəsmi nikah anlayışı varmı?
Kəbində
əsas məqsəd qız və oğlanın ailə həyatı qurması, sonrakı mərhələdə
nikahın hüquqi baza üzərində qurulması, bu evliliyin davam etdirilməsi,
gələcəkdə ailədə münaqişələr baş verərkən hər iki tərəfin hüquqlarının
qorunmasından ibarətdir. Yəni kəbin dünyaya gələn uşaqların
valideynlərinin bilinməsi və onların yaşamasına hüquqi baza, eləcə də
məskənlərinin olması üçün də vacibdir. Bu gün hər hansı şəxslər dövlət
qeydiyyatına gedib nikah qeydiyyatından keçərkən oğlan tərəfi də qadına
verəcəyi mehr miqdarını müəyyənləşdirirsə, bu həm dini kəbindir, həm
rəsmi kəbindir, həm də islamın istədiyi yeganə kəbin anlayışıdır.
İnsanların ailə həyatında problem olur və boşanma qərarı verilirsə,
onlar məhkəməyə müraciət edirlər, yoxsa mollaya? Əlbəttə, məhkəməyə. Ona
görə də məsələnin ilkin variantı elə qoyulmalıdır ki, problemlər ortaya
çıxdıqda bunun hüquqi tərəfi də olsun. Münasibətlər dağılanda qadın
əziyyət çəkməsin. Çünki, münasibətlərin dağılması tərəflərdən qadına
daha çox ziyan verir.
İllahiyyat elmləri üzrə fəlsəfə doktoru
Elşad Mirinin fikrincə, İslam dini də hüquqi yolla nikahın tərəfdarıdır:
"Dini kəbinlərdə heç bir xüsusi ifadə yazılmalı deyil. Həmin kəbinlərdə
iki tərəfin və yaxud onların vəkillərinin iştirakı ilə hakim tərəfindən
nikaha girənlərin bir-birilərini ər-arvad qəbul etməsi razılığı
təsdiqini tapmalıdır. Burda başqa bir şey yoxdur. Amma islama görə,
kəbinin 6 şərti var: qız, oğlan, hər iki tərəfin razılığı, mehr,
şahidlər və bir də elan. Yəni bunlar olandan sonra İslamda kəbin yerinə
yetirilmiş sayılır. Nikah mərasimində hər iki tərəfin iştirak etməsi
daha məqsədəuyğundur.
Vəkil Xalid Bağırovun sözlərinə görə, rəsmi
nikaha girməmək qadınlara boşanma və ya ərin dünyasını dəyişdiyi
məqamda böyük problemlər yaradır. Rəsmi nikaha girməyən qadının
vərəsəlik hüququ olmur. Boşanma və ərin dünyasını dəyişdiyi təqdirdə
mənzil problemləri qabarır. Qadının mənzilə köçürülməsi, mənzildən
istifadə hüququnun tanınması qeyri-mümkün olur. Eyni zamanda birgə nikah
vaxtı əldə edilmiş mülkiyyətdən qadın məhrum olur. Münasibətlərin rəsmi
və ya qeyri-rəsmi olmasından asılı olmayaraq atalıq faktı məhkəmə yolu
ilə müəyyən olunduqdan sonra uşağın bütün haqları tanınır. Ata isə qanun
qarşısında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə borcludur. Cəmiyyətdə
boşanmış qadınlara olan münasibəti nəzərə alsaq, vətəndaş nikahında
olan qadınlara münasibətin hansı yerdə olduğunu tam aydınlığı ilə təxmin
edə bilərik.
Rəsmi nikah harada daha vacibdir?
Rəsmi
nikah şəhərlərdə daha vacib hesab edilir. Hələ də əyalətlərdə rəsmi
nikahın vacibliyi və ya qeyri-vacibliyi mövzu deyil. Çünki, regionlarda
ailə münasibətləri tam oturuşmuş dəyərlər prinsipi ilə qurulub yaşayır.
Şəhərləşmə
getdikcə rəsmi nikahın əhəmiyyəti daha çox artır. Nəzərə alanda ki,
paytaxtda boşanma sayı daha çoxdur, regionlardakı vəziyyəti təxmin etmək
olur. Çünki bizdə rəsmi nikahın əhəmiyyəti yalnız boşanma zamanı yada
düşür.
Psixoloq Aynur Bəbirova deyir ki, vətəndaş nikahına daxil
olanların sayının çoxalmasına səbəb məsuliyyətdən qaçmaq istəyidir.
İnsanlar düşünür ki, rəsmi nikaha girməsələr, başları daha çox rahat
olar, məsuliyyətdən uzaqda qalarlar. Azərbaycan cəmiyyətində isə,
qeyri-rəsmi nikah qadınlar üçün böyük narahatçılıqlar törədir.
Azərbaycanda vətəndaş nikahında olanlar daha çox ikinci nikaha
girənlərdir. Birinci nikahı uğursuz olanlar sonradan ailə qurmaq və ya
münasibətlərə girmək istəyirlər. Mental dəyərlər isə bu münasibətlərin
toyla nəticələnməsinə icazə vermir. Azərbaycanda vətəndaş nikahına daxil
olanları iki yerə bölmək olar: əyalətdə yaşayanlar və şəhərdə
yaşayanlar. Şəhər mühitində yaşayıb vətəndaş nikahına girənlər daha çox
maddi təminatı olan, təhsilli, təcrübəli insanlardır. Onlar daha çox
həyat yoldaşı, ən primitiv halda isə cinsi tələbatlarını ödəmək üçün
partnyor axtaranlardır.
İkincilər isə əyalətdə yaşayan, maddi
dəstəyi olmayan, təhsilsiz qızlardır ki, onlar da maddi sığınacaq
axtarırlar. Son iyirmi ildə əyalətlərdə qızların ərə getməməyi, evdə
qalmaları halına çox rast gəlinir. Qızlar isə evdə qalmaq yerinə evli və
ya boşanmış kişilərlə vətəndaş nikahında yaşamağı üstün tuturlar. İndi
nikah möhürünün əhəmiyyəti o qədər də deyil. İnsanlar düşünür ki,
qeyri-rəsmi nikahda yaşasalar, daha sərbəst olarlar. Psixoloq kimi deyə
bilərəm ki, Azərbaycanda çox insan vətəndaş nikahına evcik-evcik oyunu
kimi baxır. Yəni, düşünürlər ki, bu gün biri ilə yaşayarlar, sabah biri
ilə. Vətəndaş nikahına nikah demək mümkün deyil. Uşaqlara gəlincə isə,
qeyri-rəsmi nikahdan doğulan uşaqlar sonradan ətrafdan qınaqla
qarşılanır. Onlar uşaqlıqdan psixoloji travmalarla böyüyürlər. Rəsmi
nikahda doğulmuş uşaqlardan fərqli olaraq vətəndaş nikahında doğulmuş
uşaqlar kompleksi olur. Tərəflər istədikləri nikah formasını seçə
bilərlər. Lakin bu heç bir halda uşağın mənəvi-psixoloji sağlamlığı
bahasına başa gəlməməlidir.
P.S Münasibətlərə tərəflər qərar verir. Uşaqların gələcəyinə isə cəmiyyət və Qanunvericilik!