Anası: “Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 579
Səs ver:
(səs: 2)
Anası: "Bilsəydim özünü öldürəcək, qoymazdım ayrılsınlar”.

Ötən həftənin ilk iş günü Hövsanda 19 yaşlı gənc xanımın - Leylanın özünü evin tavanından asması xəbəri ölkə mediasında bir anlıq işıqlandırılsa da, sonradan məsələnin mahiyyətinə sükut çökdü.

Yəni həmin gəncin intihar etməsinin səbəblərinə aydınlıq gətirilmədən ölüm faktı unuduldu. Elə mayın 19-da mərhumun yas məclisində iştirak etməkdə məqsədimiz geridə qalan bir həftə ərzində ölüm səbəblərindən nəyinsə açıldığını öyrənə bilmək idi…

"Qızının evini anası dağıtdı"

Həyətdə çox adam vardı - qadın, kişi - hamı bu kasıb ailənin çətinliklərlə böyüdüb boya-başa çatdırdığı Leylanın müəmmalı ölümünə təziyə tutmuşdu. Maraqlıdır ki, Leylanın intihar etməsində dolayısı səbəb göstərilən, üç il əvvəl - 16 yaşındaykən onu qaçıraraq özünə həyat yoldaşı seçən Rəmişin yaşadığı ev də eyni məhəllədə olsa da, nəinki orada bu ailədən kimsə yox idi, hətta bütün hövsanlılar Leylanın ailəsinin müdafiəsinə qalxmışdılar. Yəni küçənin bütün sakinləri Rəmişin və onun ailəsinin Leylaya əzab verdiklərini, konkret desək, qızı onların öldürdüyünü deyirdilər.

Oğlan evi başqa söz danışırdı. Leylanın qayınanası olmuş Zemfira ittihamları qətiyyətlə rədd edir. Deyir ki, onun Leyla ilə qəti problemləri olmayıb: "Gəlin-qayınana münasibətlərimizdə söz-söhbətə yer yox idi, can deyib, can eşidərdik. Oğlumla ayrıldılarsa, mən qərarlarına qarışa bilməzdim. Buna baxmayaraq, telefonla tez-tez söhbətləşərdik. Həmişə də deyirdim ki, gəl balana baş çək. Son dəfə ölümündən bir gün əvvəl - bazar günü danışdıq, özünü yaxşı hiss edirdi. Yenə dedim ki, gəlsin uşağı ilə görüşsün, parka gəzməyə çıxaq. Amma bilsəydim ki, o, özünü öldürəcək, qoymazdım ayrılsınlar…".

Zemfira xanım onu da bildirdi ki, əslində Leylanın ərindən ayrılmasına elə onun öz anası səbəb olub. Guya anası onun ailə işlərinə qarışar, hətta qızına evə qayıdacağı təqdirdə başqa bir oğlana ərə verəcəyini deyirmiş…

"Allah zalımı cəzalandıracaq"

Leylanın anası ilə qızının "yeddi"sində söhbət edə bildik. Ağlamaqdan əldən düşmüş Səltənət xanıma keçmiş qudasının ittihamlarını çatdıranda əsib-coşmadı, səbirlə cavab verdi: "Ən yaxşısını Allah bilir, günahı olanı da o özü cəzalandıracaq. İndi kim nə istəyir deyir, mən isə bu yas günü onlara cavab vermək istəmirəm". Səltənət xanımdan intiharın səbəbkarı olduğu iddia edilən Rəmişlə bağlı mövqeyini soruşduqda isə qısa cavab verdi.

Dedi ki, kimdənsə şikayətçi olmaq fikrində deyil, olan olub, keçən keçib, şikayət etməklə qızını həyata qaytara bilməyəcək. Bəs yeganə nəvəsini - qızının yadigarı olan yaşyarımlıq Əlini necə, Rəmişgildən almaq fikiri varmı? Səltənət xanım bu suala da təəccübləndirici cavab verdi: "Qızımdan doymadım, nəvəm mənə nə verəcək? Uşağı istəmirəm, qoy atasıgildə qalsın".

"Gərək onları atıb getməyəydim"

Mərhumun yeganə qardaşı Qəhrəmanla da söhbətləşə bildik. Bu yerdə haşiyəyə çıxaraq bildirək ki, hüzrdəki adamlar onun hələ əsgərlikdən qayıdan kimi, bir neçə yaşı olarkən onları atıb gedən və hazırda Rusiyanın Sankt Peterburq şəhərində yaşayan atasının yanına köçdüyünü bildirmişdilər.

Biz də Qəhrəmanla bacısının ölümü ilə bağlı nələri bildiyini soruşduq. Dedi Leyla ilə mütəmadi telefonla, hətta skayp vasitəsilə daenışıb, dərdləşirmiş. Amma bacısı ona heç vaxt ailəsində belə ağır problemlərin yaşandığını deməyib. Hətta Leyla ər evindən yığışıb anasının yanına qayıdanda da bunu adi "xasiyyətlərin uyğun gəlməməsi" səbəbindən baş verdiyini düşünüb. Bu zaman ondan başsız qalan ailəsini - anasını və bacısını Hövsanda tək qoyub niyə Rusiyada yaşadığının səbəbini sorduq.

Axı bu gün yanına sığındığı atası onları atıb gedəndə o körpə uşaq idi (mərhum Leyla isə o vaxt ana bətnindəymiş - V.T.). Dedi ki, Sankt Peterburqa getməsində atasının qəti rolu yoxdur: "Dayımla aramda anlaşılmazlıq yaranmışdı, anam da onun tərəfini saxladı. Hətta mənə ağır sözlər dedi. Yeniyetmə vaxtlarım idi, bu öz məni elə tutdu ki, Rusiyaya getməyə qərar verdim. Amma bu gün çox peşmanam, gərək anamdan inciyib getməyəydim. Düşünürəm burda qalsaydım, bacım da özünü öldürməzdi".

Qəhrəman onu da əlavə etdi ki, hətta dəfələrlə anasına, ərindən ayrılandan sonra bacısına Rusiyaya yanına gəlmələrini təklif edib, onlar isə razılaşmayıblar. O, son vaxtlar bacısının razılaşdığını, hətta martın 17-də xarici pasport aldığını da qeyd etdi. Onun sözlərinə görə, amma bacısı müəyyən texniki problemlərə görə Sankt Peterburqa gəlməkdə yubanmışdı.

O əlavə etdi ki, əslində indii də Rusiyaya qayıtmaq istəyir, amma polis icazə vermir. Ona deyiblər ki, istintaqın zəruri suallarına cavab verməlidir, bu proses başa çatandan sonra istədiyi yerə gedə bilər. Buna baxmayaraq, Qəhrəman dedi ki, bütün israrlarına baxmayaraq, anasını da yanına aparmağa çalışacaq.

Ona əzab veriblər…

Yas mərasiminə gəlmiş qonum-qonşular jurnalist olduğumuzu biləndə sanki mənəvi borclarını ödəyirlərmiş kimi, hamı bizə məlumat verməyə çalışdı.

Qonşulardan Mahirə: - Gözümüzün qabağında ona əzab veriblər. Yadıma düşəndə indi də ürəyim yanır. Bir dəfə oğlanı (Rəmişi - V.T.) tutub dedim ki, "Ay bala niyə ona əzab verirsən?”. Özünə əl qatdı ki, danışılanlar yalandır, Leyla onun qanuni arvadıdır və normal ailədaxili münasibətləri var.

Xəzər: - Ölümündən yarım saat əvvəl qızımla çəpərdən söhbət edirdilər. Danışıb gülürdülər, hələ mən də fikirləşdim ki, şükür olsun, deyəsən kədərini-qəmini unuda bilib. Elə yaxşı kökəlib əmələ gəlimişdi ki - gözəlləşmişdi. Aradan 5-10 dəqiqə keçmədi ki, həyətlərində səs-küy eşidib bayıra çıxdım. Gördüm gəlinləri qışqırıb camaatı köməyə çağırır.

Yarımçıq tikili vardı həyətlərində, getdim ora, gördüm gəlin Leylanı oturdub yerdə, saçları üzünə tökülü vəziyyətdəydi. Əvvəldən ürəkgetməsi vardı deyə, fikirləşdim yəqin yenə bayılıb. Üzünə soyuq su çiləmək üçün saçını arxaya sığayanda boğazına keçirilmiş ipi gördüm. Sifəti də göyərmişdi deyə, keçindiyini başa düşdüm. Sonra gəlin məni başa salıb ki, o bura gələndə Leylanı asılı vəziyyətdə görüb və ipi kəsib onu yerə salıbmış…

Gülbəniz: - Bir dəfə küçədə çığırtı eşidib özümü bayıra atanda gördüm ki, Leyla "Ana, kömək elə, məni dəlixanaya aparırlar" bağıraraq qaçır. Qaynanası və başqa bir cavan qadın da qolundan tutub saxlamağa çalışır. Mən həmin qızdan kim olduğunu soruşdum, dedi Leylanın eltisidir. Məsləhət xatirinə dedim ki, yazıqdır, onu incitməsin, cavab vermədi. Mən də əlüstü gedib bütün bunları Leylanın nənəsinə xəbər verdim…

Qoşqar (mərhumun xalasının əri): - məni bir sual maraqlandırır: eşitdiyimə görə, bir dəfə Leylanın qayınanası onlara gəlir və uşağı Rusiyaya aparmaq üçün icazə kağızı almaq istəyir. Maraqlısı budur ki, o, özü şikəstdir, əsa ilə gəzir, yaşyarımlıq körpəni xarici ölkəyə necə və niyə aparmaq istəyirdi? Mənə elə gəlir ki, o, uşaqdan canını qurtarmaq istəyirdi - ya onu satacaqdı, ya da nə bilim…

Bizə başqa qonşular da eşidib-bildiklərindən söz açdılar. Onlardan biri dedi ki, Leylanı 16 yaşında qaçıran Rəmiş əvvəllər onunla mehriban davranıb, bu uşaq dünyaya gələndən sonrakı aylaradək davam edib. Amma Rəmişin üzü qəfil dönüb, Leyla ilə insanlığa sığmayacaq tərzdə davranmağa başlayıb. Onu otaqda tək saxlayıb, özünə isə başqa arvad gətirib.

Bu yerdə qonşular ümumiyyətlə Rəmişin arvadbaz olduğunu, amma heç vaxt onlarla nikaha girmədiyini dedilər. Hətta Leyla ilə yaşı tamamlandıqdan sonra nə əcəbsə kəbin kəsdirdiyinə təəccüblənənlər də oldu. Başqa bir qohumu isə dedi: "Anası xəbər göndərmişdi ki, gəlib qızlarını aparsınlar, əks təqdirdə sabah onun ölüsü çıxacaq evdən. Səhər isə qızı küçədə qovaraq tutub dəlixanaya aparmaq faktı yaşanmışdı".

Mərhumun anası Səltənət xanım bizə onu da dedi ki, Leylanın ömrünün son günlərində Rəmiş uşağı iki gün ardıcıl onların evinin qarşısından keçirib. İki gün uşağını çəpərdən izləyən ana isə üçüncü gün özünü asdı…

Menbe: "Həftə içi”
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 6 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri