Hicablı qadın: “Evdə seksual paltarda gəzmək olar”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 6 943
Səs ver:
(səs: 3)
kulis.az Rəfiqə Məmmədovanın hicablı xanımla müsahibəsini təqdim edir. Müsahibin xahişini nəzərə alaraq adını açıqlamırıq.

- Neçə vaxtdı hicab bağlayırsız? Necə oldu ki, bu qərara gəldiz? Yəqin ki, ətrafınızdakıların təsiri az da olsa olub.

- 15 ildi. Böyük bacım din adamıydı, namaz qılırdı, hicab bağlamışdı. O, mənə nümunə oldu. Namaza başlamağımdan 3 il sonra hicaba keçdim. Ona görə bu qərara gəldim ki, Allah bunu vacibat bilib, belə buyurub. Bu hər bir qadının borcudu. 5 borcla yanaşı, hicab da əsas vacibatlardan biridir. Bunu mən demirəm, Quranda belə buyurulub.

- Ailə üzvlərinizin, yoldaşınızın buna münasibəti necə oldu? Ümumiyyətlə yoldaşınız dindardı? Namaz qılır?

- Yox, dindar deyil, namaz da qılmır. Amma fikrimə hörmətlə yanaşdı, yəni etirazla rastlaşmadım.

- Sizə bu qızmar yay günlərində isti olmur ki?

- Əlbəttə isti olmur. Əgər qəlbdə Allah sevgisi varsa, insan qəlbi sərinlik tapar.

- Deyirsiz ki, hicab vacibatdı, hər bir qadının borcudu. Bəs müsəlman olmayan kəslər, hicabın vacibliyindən bixəbər olanlar onlar buna görə məsuliyyət daşıyırlar sizcə? Sadə dildə desək, qeyri-müsəlmana da hicab taxmamaq günahdı?

- Bəli, günahdı. 3 cildli "Böyük günahlar” kitabı var. Bu kitabda ağlınıza belə gətirə bilməyəcəyiniz günahlardan söhbət açılır və günahların arasında hicab taxmamaq da var. Bilirsiz, qəbrə yalnız əməlinlə girirsən, müsəlman, müsəlman olmayan hicab taxmayan qadınlar günaha batırlar. O biri dünyada bunun əzabı böyük olacaq, hələ Quranı oxuyub bundan agah olan və əməl etməyənlər isə lap böyük günaha batırlar.

- Çadraya münasibətiniz necədi? Çadraya keçmək fikriniz yoxdu ki?

- Yaxşı, əla. Mən istəyirdim, amma yoldaşım razı olmadı.

- Sizə elə gəlmir ki, qısa ətək geyinən qızdan çox çadralı xanımlar diqqət mərkəzində olur? Açıq-saçıq geyinən xanımlara baxılmadığı qədər çadralı xanımlara diqqət yetirilir.

- Bilirsiz, o çadranı bağlayan xanıma maraqlı deyil bəndələr ona baxır ya yox, ona maraqlı deyil bəndələr nə fikirləşir. Allahı sevən insanın gözündə dünya alçalır. Əsl dindar üçün birinci növbə Allah sevgisidi.

- Dar şalvarlı, qısa köynəkli hicablılara tez-tez rast gəlirəm. Bu normaldı? Yəni başda hicab varsa kifayətdi?

- Yox, yox. Qətiyyən. Hicabı elə bağlamalısan ki, nəzəri cəlb etməsin. Bədən üzvləri, gözəllik hamısı gizlədilməlidi.

- Siz düşünmürsüz ki, bununla qadınlara verilən ən güclü silahı əllərindən alırsız? Gözəlliyi gizlətmək nəyə gərəkdi axı? Haqsızlıq deyil bu?

- Yox, yox. Qadın yalnız ərinə gözəl olmalıdı. Digərləri naməhrəmdi, sənin gözəlliyini görməməlidi, günahdı. Xanım Fatimeyi-Zəhra üzünü heç kimə göstərmirmiş, hamıyla qapının arxasından danışırmış, biz ondan nümunə götürməliyik.

- Bəzən küçədə azyaşlı qız uşaqlarında hicab görürəm, 7-8 yaşlarında uşaqlarında. Əgər səhv eləmirəmsə, əslində hicab 9 yaşdan sonra taxılmalıdı. Elədi?

- Bəli, bizə buyurulub ki, 9 yaşından sonra hicaba keçmək, namaz qılmaq lazımdı. Amma bunun zərəri yoxdu. Uşaqlıqdan bağlamaq daha yaxşı.

- Deyəsən sualımı tam anlamadız. Demək istədiyim budur ki, 7 yaşında heç nəyi dərk etməyən bir uşağa hicab bağlanması, namaza öyrədilməsi nə dərəcədə düzgündü? O böyüyəndə bunları kor-koranə qəbul etməkdən imtina edə bilər və edir də. Bəs bunun günahı?

- Övladı tərbiyə etməyə uşaqlıqdan başlamaq lazımdı. O hələ heç nə qanmamış onu namaza, hicaba öyrətmək lazımdı ki, həyatı dərk edəndə elə bilsin ki, belə də lazımdı. Yoxsa onu mühitin təsirindən qorumaq çətin olar. Günahsa təbii ki, valideynə yazılmır. O övladını düz yola çəkməyə çalışıb, həyatı dərk edən uşaq bunlardan imtina edirsə, təbii ki, öz günahıdı.

- Nigahsız kəbinə münasibətiniz necədi? Yəqin sizə də dağılan ailələr, sahibsiz uşaqlar, ortada qalan qadınlar və s. kimi kəbin fəsadları məlumdu.

- Bilirsiz, ailəni qoyub getmək istəyən kişi zatən gedəcək burda kəbin nə eləsin, "zaqs” nə eləsin? Bu bəhanədi, amma biz öz övladlarımızı nişanlayanda, artıq onları kəbinə göndəririk çünki kəbin vacibatdı. Bu məsələlərdə xanımların da günahı ən az kişilərinki qədərdi.

- Siz hicablı xanımsız, yoldaşınızla küçədə gedəndə o cazibədar geyinən, daha seksual bir xanıma baxanda hansı hissləri yaşayırsız? Ona haqq verirsiz?

- Müəyyən dərəcədə hə. Amma çöldə hicabla gəzmək evdə yoldaşının önündə seksual paltarda, xoş görünüşdə çıxmağına əngəl törətmir. Bu olmalıdı, amma bunu yalnız sənin yoldaşın görməlidi.

- Bəs bir kişinin bir neçə xanımla kəbininə münasibətiniz necədi? Elə öz yoldaşınızı götürək.

- Çox normal. Mən yoldaşıma deyirəm ki, zina etmə, istədiyin bir xanımla kəbin kəs və mən Allahın buyuruğuyla onunla mehriban keçinərəm. Quranda buyurulub ki, bir kişi 3 xanımla kəbin kəsə bilər. Bilirsiz, bu onların tələbatıyla bağlıdı və anlayışla qarşılayıram.

- Bu nə dərəcədə realdı?

- Realdı inanın mənə. Mənim tanıdığım hacılar var ki, toya 3 arvadıyla gəlir, onlar da öz aralarında çox gözəl anlaşırlar.

- Söhbətlərinizdən belə başa düşdüm ki, cəhənnəm varsa, mən orda yanmalıyam.

- Əlbəttə var.

- Necə yerdi ora? Çox isti?

- Hə, istidi. Orda zəqqum ağacı var. Meyvələri zəhər və acı dadır və yalnız cəhənnəmdəkilərə nəsib olur.

- Orda qaynar qazanlar var?

- Bəli. Orda ocaqlar da var, hər kəsin ölçüsünə uyğun alovlu qazanlar da.

- Suallarımı cavablandırdığınıza görə minnətdaram.

- Xoşdu. Allah amanında. Allah yolundan azmayın heç vaxt.

P.S. Foto şərtidir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 6 943
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri