Bakıda gənc qızı aldadaraq
evinə aparan və bir neçə gün ərzində onu zorlayan şəxs həbs edilib.
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, iyul
ayının əvvəlində 22 yaşlı K.Ə-ni Yasamal rayonundakı mənzilinə gətirən
və məcburi şəkildə qızı orada saxlayaraq bir neçə gün ərzində zorlayan
30 yaşlı Leysan Əliyev həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin
144 (adam oğurluğu) və 149.1 (zorlama, yəni zərərçəkmiş şəxsə və ya
başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə
hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə
etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə iş başlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, Leysan adlı şəxs həmin qızla
"ciddi niyyət”lə tanış olub və vaxtaşırı olaraq onunla şəhərin müxtəlif
yerlərində görüşüb. Qızın inamından istifadə edən şəxs daha sonra onu
evinə gətirməyə "müvəffəq” olub və çirkin əməlini burada törədib. 22
yaşlı qız canını qurtaran kimi polisə müraciət edib. Leysan bu gün həbs
edilib.