"Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub"
Bir
neçə gündür hamının danışdığı Metronun "Gənclik” stansiyasında bələdçi
işləyən Günay Məmmədovanın atası qızının öldürüldüyünü iddia edib.
Qadinlar.Biz xəbər verir ki, mərhumənin atası Hüseyn Məmmədov açıqlamasında qızının nişanlısı Rabil Rzayevi ittiham edib:
"Yolda
quraşdırılan kameradan baxmışıq. Necə var elə də danışıram sizə. Hadisə
avqustun 30-da saat 20.27 radələrində olub. Deməli, Günayı evə
gətirəndə maşında 4 nəfər olublar. Maşın hərəkət edə-edə qızımı itələyib
maşından yerə atıblar. Sağdan gələn X5 markalı maşın da üstündən keçib.
Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək
cırıq-cırıq olub. Deməli, yolda əməlli-başlı dalaşıblar. O, 4 nəfər
kimdir bilmirəm. Hətta Günayın əlində onlardan birinə məxsus mühafizəçi
vəsiqəsi olub. Onun nişanlısının bu qədər vicdansızlığını ağlıma da
gətirə bilmirəm. Ən azından bunu Azərbaycan polisinin adına
yaraşdırmıram. Mənə oradan zəng edib bir kəlmə desəydi ki, belə hadisə
eləmişəm bilməmişəm, əsəbi olmuşam, mən onu bağışlayardım. Amma mənim
indi ona nifrətim böyükdür. Çünki qızım belə olmamalı idi. Onu nişanlısı
ilə yola salmışdım, nişanlısı ilə də evə qayıtmalı idi. Mən bu işi belə
qoymayacağam. Mənə ən çox təsir edən odur ki, balamı müsəlman adəti ilə
dəfn edə bilmədim. Mən onu sellofana büküb basdırdım. Balam məsciddə
yuyulmadı, yəni yuya bilmədilər. Əti parça-parça idi. 4 gündür
nişanlısının telefonuna zəng çatmır. Hadisə baş verən gün o oğlan
cənazənin qulpundan yapışmadı".
H. Məmmədov qızı və nişanlısı
arasındakı problemin Günayın birinci evliliyi ilə bağlı olması haqqında
deyilən fikirlərə də münasibət bildirib:
"Günay cəmi bir neçə ay
evli olub. Qaldı ki, problemin onun ayrılması məsələsi olmasına, əgər
bilsəydim ki, səbəb budur tədbir görərdim. Lap nişanı qaytarmağa razılıq
verərdim. Amma Rabilin qızımı belə vəhşiliklə öldürməsinə bir ad verə
bilmirəm. Yalnız onu bilirəm ki, qızımı Rabil qəsdən öldürdü. Onun yarım
saata gəlişi 1 saat çəkdi. 1 saatdan sonra asfaltdan onun parçalarını
yığdım".