Rəzalət: “anamla evlənən əmim məni ad günümdə...” - OLAY

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 35 643
Səs ver:
(səs: 3)

 

Təcavüz qurbanı olan yeniyetmə qızın qan donduran faciəsi

"Atam rəhmətə gedəndə mən beş, bacım üç yaşında, anam isə hamilə idi. Atamın yoxluğundan sonra maddi vəziyyətimiz çətinləşdi. Ana nənəmgil də kasıb olduğundan bacımla məni qəbul etmədi. Anam öz ata evində, biz isə ata nənəmgildə yaşamalı olduq” - bunu deyərək göz yaşlarını saxlaya bilmir. Yanağından süzülən yaşlar çənəsinə çatanda köynəyinin qolu ilə silir. illər öncə baş verən o hadisəni Səbinə (şərti addır) belə xatırlayır:

 

- Anam kiçik bacımı dünyaya gətirəndən sonra işləməyə başladı. Demək olar ki, gecə-gündüz bizim üçün çalışardı. Onun bir arzusu var idi, o da övladlarını başına yığıb yaşamaq. Anam öz ata yurdunda bizim üçün ev tikdirməyə başladı. Nəhayət,  mənim 13 yaşım olanda evimiz hazır oldu. Uzun ayrılıqdan sonra yenə bir ailə kimi yaşadıq. Kasıb, lakin xoşbəxt idik...

 

Kiçik əmisinin onlara qonaq gəlməsi ilə qara günlərinin başladığını söyləyir:

 

- Hər şey çox gözəl idi. Ta ki, əmim bizə gələnə qədər. Atam rəhmətə gedəndən bəri bizi bir dəfə də axtarmayan əmim birdən-birə peyda olmuşdu. Tez-tez evimizə qonaq gələr, anamla əlaqə saxlayardı. Sonralar anama qeyri-rəsmi nikahda yaşamağı təklif etdi. Və əmim bizim evə köçdü. Əvvəllər bizə hədiyyələr alar, sevgimizi qazanmağa çalışardı. Amma mənim ondan xoşum gəlmədiyi üçün qəbul etməzdim. Bir müddət keçəndən sonra əmim mənə qarşı fərqli davranmağa başladı. Əvvəl sadəcə saçlarımı sığallayan əlləri sonralar bədənimi sığallayırdı.

 

Bacılarını əmisindən qoruyan Səbinənin əmisi ilə problemləri başlayır:

 

- Əmim evə gələn kimi mən o biri bacılarımı da başıma yığıb, öz otağıma aparardım. Axı mən böyük bacı idim, onları qorumalıydım. Heç vaxt bacılarımın əmimlə otaqda tək qalmağına imkan verməzdim. Əmim də mənim qızları ondan uzaqlaşdırdığımı hiss edirdi. Beləcə, onunla aramızdakı konfliktlər hər gün daha da dərinləşirdi. Məni daim pisləyir, anamın gözündən salmağa çalışırdı. Sonra əmim bizimlə bir həyətdə yaşayan xalalarımla da münasibətimi korlamağı bacardı. Artıq hər kəsin gözündə tərbiyəsiz, asi, söz eşitməyən, yalançı biri idim. Beləcə ailədə hər kəsdən uzaq qaldım, özümə qapandım. Evdə kimsə ilə danışmaz, söhbət etməzdim. Bu da əmimin işinə daha çox yarayırdı.

 

O gecə anası evdə olsaydı, bəlkə də hər şey başqa cür olardı:

 

- Anam gecə növbəsində işə başlamışdı. O gecə əmimlə evdə tək idik. Gecə yarısı o mənim otağıma gəldi və mənə təcavüz etdi. Səhərə qədər yatmadım, anamın işdən gəlməyini gözlədim. Təsəvvür edirsiniz, nə anam, nə də xalalarım mənə inanmadı. Əmim də mənə "gördün, heç kəs sənə inanmır. Heç vaxt da inanmayacaqlar” deyirdi.

 

Anasıgilin ona inanmaması əmisini daha da cəsarətləndirib:

 

- Sonralar hər dəfə evdə tək qalanda o mənə təcavüz edirdi. Anamın əmimlə birlikdə yaşamağa başladığı gündən atam tərəf bütün qohumlar bizdən üz döndərmişdilər. Odur ki, dərdimi deməyə bir kimsəm olmayınca başıma gələnləri müəlliməmə danışmağa qərar verdim. Doğmalarımın mənə inanmadığı bir vaxtda o mənə inandı və bir başa polisə xəbər verdi. Mənim dilimdən izahat alındı və əmim şübhəli şəxs kimi saxlanıldı. İnanmayacaqsınız, amma anam hələ də mənə inanmırdı. Ekspertizanın nəticəsini görəndə ”kiminləsə etmisən, əminin boynuna şər atırsan” dedi. Elə düşünməyin ki, anam məni sevməzdi. Yox, əksinə, o məni və bacılarımı çox sevərdi. Sadəcə, əmim öz xeyrinə bütün arqumentləri qabaqcadan hazırlamışdı. Artıq mən anamın və ətrafın gözündə yalançı, tərbiyəsiz biri idim. Həm əmimə nifrət etdiyim üçün anam qisas almaq üçün ona şər ata biləcəyimi düşünürdü.

 

Anasının xətrinə sonradan şikayət ərizəsini geri götürür:

 

- Bir gün anam mənim otağıma gəlib, dedi: "Ərizəni geri götür, bu məsələ bağlansın. Mən sənə söz verirəm ki, əmin bir daha bu evə ayaq basmayacaq”. Baş verənlər ona pis təsir etmişdi. Saatlarla otaqda oturub fikrə gedər, yemək yeməzdi. Birinci məhkəmədə olanları düz danışsam da, anamın halına dözməyib növbəti məhkəmədə hakimə yalan danışdığımı, əmimin günahsız olduğunu dedim və onu buraxdılar.

 

Həyatdan tamamilə ümidi kəsilən Səbinə dəfələrlə intihar etməyə cəhd edir:

 

- Ölmək istəyirdim. Öz bədənimdən iyrənir, güzgüdə öz üzümə baxa bilmirdim. Dənizdə boğulmaq, özümü maşının altına atmaq istədim. Amma hər dəfəsində məni xilas etdilər. Əmimin mənə təcavüz etməsindən də çox anamın mənə inanmaması ağır gəlirdi.

 

Bir müddət sonra əmisi yenə evə qayıdıb:

 

- Növbəti dəfə əmim mənə öz doğum günümdə, on altı yaşım tamam olanda təcavüz etdi. Bu dəfə mən əşyalarımı yığıb evdən qaçdım. Qarşıma çıxan ilk polisə başıma gələnləri danışdım. Onlar məni polis idarəsinə, ordan da reabilitasiya mərkəzinə göndərdilər. İnsanlara güvənim qalmamışdı. Orda kimsə ilə danışmaz, otaqda uzanıb saatlarla ağlayardım. Gecələr pis yuxular görərdim. Gün ərzində gördüyüm yad kişilər gecə yuxumda mənə təcavüz edərdi. Orda bir neçə ay psixoloji müalicə alandan sonra məhkəmə prosesi başladı. Əmim məhkəməyə sənəd təqdim etdi ki, guya o xəstə, impotentdi. Amma məhkəmə ekspertizası sübut etdi ki, sənədlər saxtadı, o tam sağlamdı. Bir müddət o mərkəzdə qaldım. Evə qayıtmaq istəmirdim. Sonralar zamanla anamla münasibətlərimi düzəltməyə başladım. Tez-tez özümə bir sualı verirəm. Anamı bağışlamışammı? Bilmirəm. Bəlkə də bağışlamışam, amma unutmamışam.

 

Artıq bir il olar ki, məhkəmə işi yekunlaşıb:

 

- Məhkəmə əmimə iki il iş verdi. Düşünürəm ki, çox yüngül cəza alıb. Lakin məhkəmə müddəti dindirilmələrdə çox ağır günlər yaşadım. Bunları təkrar yaşamamaq üçün məhkəmənin qərarı ilə razılaşdım. İndi evimizdəyəm. Bacılarımla xoşbəxtəm. Onları çox sevirəm. Hələ də subay olan xalalarım elə düşünürlər ki, mənim başıma gələn bu hadisələrdən sonra daha kimsə onlarla evlənməyəcək.

 

Səbinə gələcək arzularından da danışdı:

 

Peşə məktəbində təhsil alıram, gələcəkdə modelyer olmaq istəyirəm. Bir vaxtlar bir dənə belə olsun arzum yox ikən indi çoxlu arzularım var. Yaşamaq istəyirəm. Ən böyük arzum ailə qurmaqdı. İstəyirəm qızım olsun. Amma mən anamdan fərqli olaraq daim qızıma inanacağam. Analara bir sözüm var, həmişə övladınızı dinləyin, onlara inanın, güvənin!

 

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 35 643
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri