Haqqında sizə danışacağım qəhrəmanımın - Xədicənin (ad şərtidir) 34 yaşı var
Qəhrəmanım deyir ki, nə uşaqlığı uşaqlıq kimi keçib, nə də böyüyəndən sonra bir gün görüb:
"7-8
yaşım olanda anamla rayona yas mərasiminə getmişdik. Qayıdandan sonra
qonşular anama dedilər ki, ərin neçə gündür həyətinizdə kirayə qalan
qadınla bir yerdədir. Yadımdadır, həmin qadın tək yaşayırdı. Bəzən
aylarla kirayə pulunu da vermirdi. Anamın ona yazığı gəlmişdi. Əvvəlcə
belə bir şeyin olduğuna inanmadıq. Amma bir neçə aydan sonra gördük ki,
qadın hamilədir. Atam da etiraf elədi ki, onunla əlaqəsi var".
Xədicənin dediyinə görə, bu hadisədən sonra atası həmin qadınla birgə evi tərk edir:
"Sonradan
öyrəndik ki, bir qızları olub. Amma atam həmin qadından da ayrıldı.
Neçə dəfə geri qayıtmaq istəsə də, anam razı olmadı".
Amma
qəhrəmanımın başına gələnlər təkcə bunlar deyil. Belə ki, anasının
əzab-əziyyətlə böyütdüyü Xədicənin daha ağır sınaqları özü ailə qurandan
sonra başlayır:
"Tibb texnikumuna qəbul oldum.Texnikumu
bitirəndən sonra Sumqayıtdakı xəstəxanaların birinə işə düzəldim. Bir iş
yoldaşım dedi ki, qardaşı məni görüb, evlənmək istəyir. O məni
tanıyırdı, ibadət elədiyimi, hansı əxlaqa sahib olduğumu bilirdi. Evdə
qardaşına deyib, o da gəlib kənardan baxıb bəyənibmiş. Sonra öyrəndim
ki, qardaşı məndən 12 yaş böyükdür. Həmin vaxt mənim 22 yaşım var idi.
Doğrusu, həm yaş fərqinə görə razı olmadım, həm də oğlanın bu yaşa qədər
ailə qurmamağına görə şübhələndim. Bu söhbətdən 3-4 ay sonra oğlan məni
qaçırdı..."
Xədicə elə toy günündə onu gələcəkdə nələrin gözlədiyini təxmin edib:
"Evə
qayıdanda ona nəsə dedim, elə maşının içində məni vurdu. Başa düşdüm
ki, bizdə alınmayacaq. Amma çıxış yolum qalmamışdı. Düşünürdüm ki, lap
pis olsa, bir neçə aydan sonra boşanaram. Amma elə həmin ay hamilə
qaldım. Bir qızımız oldu, sonra isə bir oğlumuz. Bir müddət hər şey
yaxşı idi. Təxminən 2-3 il yaxşı yaşadıq. Yaxşı deyəndə ki, indikindən
yaxşı. Günlərin birində mətbəxə keçəndə gördüm ki, nəsə iyləyir. Hələ
onda başa düşmürdüm ki, bu, narkotikdir. Bir dəfə də hamamda özünə iynə
vurduğunu görəndən sonra soruşdum ki, bu nədir? Dedi ki, sonra başa
salacam. Bir də soruşanda məni çox pis döydü. Dörd qabırğam
sınmışdı.Neçə dəfə onu ibadət eləməyə təhrik elədim, yalvardım. Bir ara
ibadət eləmək istədi, sonra nə oldusa fikrindən daşındı. Bütün
qızıllarımı satıb onu müalicə elətdirdim. İndi narkotikdən istifadə
edib-etmədiyini dəqiq bilmirəm. Amma hər gün içir. Özü də heç yerdə
işləmir, məni də işdən çıxardıb oturdub evdə. Evin içində xırda-xuruş
alverlə balalarımı dolandırıram, bir də onun araq pulunu ödəyirəm.Gedib
dükana adımı yazdırır. Neçə dəfə demişəm ki, mənim adımı borc siyahısına
yazdırma. Buna görə məni ölümcül döyüb".
Ən dəhşətlisi isə budur ki. qəhrəmanımın həyat yoldaşı başqa bir xəstəlikdən də əziyyət çəkir:
"Sizdən
dəfələrlə üzr istəyirəm.İndi onda impotentlik yaranıb. Mən durub kimə
deyim ki, ərim impotentdir. Hər gün məni yüz dəfə xəyanətdə ittiham
edir, döyür. Amma vicdanım təmizdir. Düzdür, belə getsə, ondan
boşanacam. Amma onunla nikahım ola-ola heç kimlə münasibət qurmaram.
Bütün qızlardan tək xahişim budur ki, ailə quranda yüz ölçüb bir
biçsinlər. Hətta kimsə onları qaçırtsa belə, evlərinə dönməkdən
utanmasınlar".