Azərbaycanlı falçı: Baxan kimi görürəm, bakirə deyillər…
"Anal, oral sekslə məşğul olmusan?”
Qadinlar.Biz axar.az saytının Azərbaycanın tanınmış falabaxanlarından olan Yeganə ilə bağlı hazırladığı yazını təqdim edir:
"Biri var, taksidən payıza düşəsən, bir də var, falçıya…
Həm də özünü "ölkənin bir nömrəli falçısı” adlandıran adamın qəbuluna.
Bu xoşbəxtlik mənə elə də baha-başa gəlmədi. Cəmisi 35 km yol, 6 litr
benzin, 1-cə manat pul və tragikomik bir payız gününü israf eləməklə
yeni layihəmizə start verdik.
Budur, "ölkənin bir nömrəli
baxıcısı”, efirdən hamının yaxşı tanıdğı Yeganə Zeynalovanın
qəbulundayıq. Yeri gəlmişkən, bu layihəmizdə biz də sizləri yalnız
"tele-ulduz falçı”larla yenidən görüşdürüb, onları yenidən sizə
göstərəcəyik.
"Ayfon”, "Marlboro” və… Qurani-Kərim
Açıq qapıya vurulmuş qara rəngli pərdənin arxasından bizi içəri dəvət
edən hökmlü bir səsin ardınca otağa girdik. Evin yuxarı başında
nağıllardan təsəvvür etdiyimiz padşah taxtlarına bənzəyən bir divanda
başdan ayağa qara geyinib-bürünmüş Yeganə xanım əyləşib. Qarşısındakı
masanın üstündə qızılı rəngdə su ilə dolu cam, Qurani-Kərim, "Ayfon”
telefonu, külqabı, alışqan və original "Marlboro”siqareti vardı.
Diqqətimi çəkən ilk məqam qəhrəmanımızın tatuaj qaşları və divar boyu
düzülmüş diplomlar, sertifikatlar ("Zirvədəkilər”, "Gənclərin dostu”,
"Yaxşıların yaxşısı” və s.) oldu. Deməli, qədirbilən xalqımız
sənətkarımızı qiymətləndirməyi bacarıb.
Salamlaşıb, xanımın
qarşısında əyləşdik. Bizi əməlli-başlı süzdükdən sonra siqaretindən
birini çıxarıb yandırdı. Təbii ki, diqqətimdən yayınmayan xınalı əlləri
və manikürlü dırnaqları xanımın baxımlılığından xəbər verirdi.
Ancaq "yuxarıların” bildiyi nömrə
Siqaretindən xüsusi ədayla dərin bir qullab alıb soruşdu:
- Nömrəmi hardan almışdız? Axı mənim bu nömrəmi "yuxarılar”dan başqa heç kim bilmir?!.
Təbii ki, naşı müştəri və qeyri-peşəkar jurnalist kimi həyəcanla
soruşdum: "Yuxarılar, yəni kim?” (Həmən də səhv buraxdığımı anlayıb
özümü biryolluq yığışdırdım və daha təmkinli olmağa qərar verdim).
- Kim olacaq, iş adamları-filan, - dedi.
Ağlıma gələn ilk ad Günay oldu:
- Günay xanım verib nömrənizi. Həm də televiziyadan görmüşdük sizi. Maraqlandıq, ən yaxşı baxıcı kimi sizi məsləhət gördülər.
Xanım yerində qurcalanıb bir az da özündənrazı gorünüş alaraq, uydurmamıza öz reallığını əlavə etdi:
- Bəli, mən bu ölkənin bir nömrəli baxıcısıyam. Allahşükür Paşazadənin
razılığıyla çıxmışam, burda da onun hesabına oturub işləyirəm.
Təbii ki, "heyrətlənməliydik”.
Alt-üst bədənlə işləmək vergisi…
Yeganə xanım sürücümüzə üzünü tutub: "Sən bayırda gözlə”, - deyir. Mən,
”qalsın, problem yoxdu”, - desəm də, qaş-gözlə çox özəl suallar
verəcəyini bildirir. Deyəsən, bir balaca çətinə düşürük: diktofon
sürücümüzün cibində olduğundan, o da mənimlə içəridə qalmaqda israr
edir. Xanım üz-gözünü turşudur:
- A kişi, mən burda Amerika
açımram ki! Alt-üst bədənindən girirəm, çünki qurbanı olduqlarımız mənə
alt-üst bədənlərlə bağlı əcayib suallar verir. Biz müştərinin bədəni ilə
işləyirik.
Sürücü çarəsiz qalıb, otaqdan çıxır. Mən də bu
"alt-üst” bədənimin nə olduğunu və qurbanıolduqlarımız üçün nə maraq
doğuracağını düşünə-düşünə donub yerimdəcə qalıram
Keçək, ömründə bircə dəfə də olsun falçı qapısı tanımayan adamlara belə məlum olan ilkin mərhələyə. Yəni sual atəşinə:
"Adın? Ananın adı? Ailəlisən və ya ayrılmısan? Neçə yaşın var? Uşaq var, ya yox? Harda işləyirsən?..”
Bunlar öz yerində, amma bu məqamda özünün ət ürpəşdirən intim
suallarıyla falçımız doğrudan da butun mənalarda Yeganə olduğunu mənə
danılmacayaq şəkildə isbat edir.
Şablon suallarıyla məni
xeyli yorduqdan sonra gözlərini yumur. Çox çəkmədən əcayib səslərin
müşayiəti ilə sir-sifətini əyib elə hala salır ki, qorxmağıma
baxmayaraq, qəşş eləməməkdən ötrü dodaqlarımı dişləyib yara eləmək
zorunda qalıram.
Gözlərini açan kimi deyir:
- Anal, oral sekslə məşğul olmusan? Bilirsən, qurbanı olduqlarım soruşur bunları ki, mənə doğru cavab versinlər.
Yox, artıq bu dəfə gülməkdən özümü saxlamağa istedadım çatmır. Rəsmən şok!
Qısa özətlə avtobioqrafiyamı aldıqdan sonra "gördüyü” ilk faktları sadalamağa başlayır.
- Üç-dörd dəfə yoldaşınla ayrılmaq qərarına gəlib, sonra fikrindən
daşınıbsan. Axırda ayrılmağın yeganə yol olduqunu görmüsüz. Əslində isə
özünüz də bilməmisiniz ki, bu sizə olunan əməl-cadudandı… Nəsə, artıq
bunlar keçmişdə qalıb. İndi bilmirəm, o vaxtdan qalan caduların
nəticəsindəndi, yoxsa sonradan edilən cadulardandı, üstündə əməl,
yollarında bağlılıq var.
Xırdaca xərci var – 1500 manat
- Bu əməllər mənə nədə mane olur?
- Arzu, əməl, niyyət. Belə baxırsan, normal adamsan, amma xırdalıqlara
girəndə görürsən ki, ayaqlarının altı qaranlıqdı. İndi neyləyək?
Eyni sual dolu saxta baxışlarla mən də çiyinlərimi çəkib, yazıq-yazıq qadının gözlərinin içinə baxıram.
Cavab yubanmadan falçımızdan gəlir:
- 1500 manat!!! On beş günə səni edəcəm anadangəlmə. Bədənindəki dəyişiklikləri özün hiss edəcəksən.
- Axı mənim səhhətimdə heç bir problem yoxdu?
- Ay qız, sənin üstündə özünün də bilmədiyin şeylər var.
Artıq bazarlığa başlamağın vaxtı çatıb.
- Heç olmasa, minə düşün, özünüz də yəqin ki, baxanda görürsünüz də, maddi imkanım zəifdi.
Üzünə it də baxmayan qızları ərə verirəm
Yeganə xanımın üzünün ifadəsi büsbütün dəyişir və üstümə güllə kimi açılır:
- Mən də varlı yerin qızıyam, varlı ailənin gəliniyəm. Sizin pula
qalmamışam. Amma nə edim ki, Allah-taala məni bu işə təyin edib. Mən
belə xırda işlərə girmirəm ee… İndi belə baxıram, bədbəxt gəlinsən.
Allah yolunda kömək etmək istəyirəm. Ən aşağısı, on minlik iş görürəm.
Elə qızlar var, adını it də çəkmir, mən onların üzərində işləyib 9 aya
ərə verirəm. Amerikadan, İrandan, Türkiyədən zəng edirlər, gəlib
aparırlar məni. Bəh-bəhlə gedib, bəh-bəhlə gəlirəm. Qara adamlarla
işləmirəm mən. Olur ki, nömrəmi ordan-burdan çırpışdırırlar (Bu arada,
deyəsən, bizi tanınmaza-bilməzə qəbul etdiyini, elə bizim də "qara adam”
olduqumuzu unudur).
Baxan kimi görürəm: bakirə deyillər…
Davam edir:
- Adam var, gəlib deyir ki, dörd villam var, kömək elə, yaxşı qiymətə
satım, ikisinin pulunu sənə verəcəm. Razılaşmıram. Axı mən makler
deyiləm. Biri gəlir ki, beş diplomum var, kömək elə, keçim vəzifəyə.
Baxıram, əsgərliyə getməyib, boynuma çəkmirəm. Naxçıvandan yaxşı imkanı
olan bir qadın yanıma qızı ilə gəlmişdi. Deməli, hər səhər qızı iş adı
ilə evdən çıxıb bir rəssamın yanına gedir, normal qadın kimi yoxaaa…
Orda pis işlərlə məşğul olur. Təbii ki, mən baxan kimi bunu gördüm,
anasını çölə çıxartdım, qızla tək danışdım. Qız ağlayıb dedi ki, mən
manyakam, mənə kömək elə. Bir aya manyaklığını götürüb, qızı təmizlədim.
Ərə getdi. Dörd-beş minim cibimdə… Belə müştərilərim çox olur. Hamısına
da kömək edirəm. Analarıyla gəlirlər, baxan kimi görürəm, bakirə
deyillər, analarını çölə çıxarıb özləriylə işləyirəm. Yazdığımı yazıram,
yerdə nə problem qaldısa, həkimini-filanı tapıb, düz-qoş edir, ərə
verirəm.
Yanıma daha çox qızıl axtaranlar gəlir. Bir qırıq
təyyarə var ee, Kürdəmirə çatmamış rayonun girişində. Həəə, xatırladım,
Hacıqabul rayonunda. Hərbi hissəyə yaxın yerdə bir bağ var, onun sahibi
vəzifəli adamdı. Baxıcılar onu aldadıb ki, həyətində qızıl var, qoyun
oğlu qoyun bir ildi əsir-yesirdi qızıl axtarmaqdan. Gəlib məni apardı.
Gedib göstərdim ki, buranın filan yerlərində qızıl olub, amma sizdən
əvvəl tapıb çıxarıblar. Sağ olsun, balıqdan belə, necə lazımdı,
hörmətimi edib məni yola saldı. Mən olmasaydım, bədbəxti hələ də soyurdu
fırıldaq baxıcılar.
Cin vurmuş kimi diksinir…
Falçımızın ürəyini açılmış görüb soruşdum: "Siz cinlərlə işləyirsiniz?”
Cin vurmuş kimi diksinib üstümə qışqırdı: "Dur çıx çölə!” Çöl demişkən,
deyəsən sürücümüzü xatırladı: "Onu isə içəri çağır”. Mən qapıya çatanda
arxadan bir də soruşdu:
- Adın nə oldu sənin?
- Sona.
- Sona, sənin öz ailən tərəfindən sənə cadu olunub. Ailəndə şübhələndiyin biri var?
- Nə bilim, bəlkə də…
- Yaxşı, bunu gələn dəfə danışarıq.
Maykanı gətir, ona dua yazacam
Sürücünü çağırırıq. Deyir: "Bu qız Allaha şükür etsin ki, bu qədər
əməl, cadu ilə sağ-salamat qala bilib. Apar bunu yeddi piri gəzdir,
gətir yanıma. Sonra qiymətini danışarıq, işi çox olduğuna görə xərci
böyükdü. İndi gəl otur, sənə də baxım. – Bir az fikrə dalandan sonra
falçımız xırdalayır: - Bahoo… Bu nədi? Sən də eyni dərddəsən ki!
Yollarında bağlılıq var. Mənə bir maykanı, bir ətir, bir də qızıl gətir,
üzükdən başqa nə olur-olsun. Maykanı yazacam, iyirmi gün əynindən
çıxarmayacaqsan.
Sürücümüz dilini dinc saxlamır:
- Bunu bir həftəlik yazmaq olmaz? Ailəli adamam, kir basar, iylənib eləyərəm, arvad çıxıb gedər, qalaram başıma döyə-döyə.
-Yaxşı, gecələr çıxara bilərsən. Amma bu, elə-belə dua deyil aaa… Göz-nəzər, niyyət, əməl duasıdı.
Gözü əlində varlı xanım və cibdə sıfır qəpik…
Beləcə, gəlib çatdıq işin ən önəmli yerinə. Cibdə sıfır qəpik və
qarşımızda gözünü əlimizə dikmiş imkanlı xanım. Yavaş-yavaş ayağımızı
qapıya tərəf sürüyürdük ki, masanın üzərindəki "Quran”ı açıb, üstümüzə
çımxırdı:
- Halallıq haqqını qoyun
"Quran”ın arasındakı bir dollarla on manatlıq diqqətimdən yayınmır.
Pirlərdən çıxıb gələndən sonra haqqını verəcəyimizi, hazırda cibizmizdə
pul olmadığını deyirəm. Adam əlini masanın üzərindəki külqabına atanda
işin ciddiyyətini anlayan sürücümüz əlini tələsik cibinə salıb bir manat
çıxardır. Bu arada xanım manatlığı götürsə də, biədəb söyüşlərlə bizi
yamanlamağa davam edir.
Belə, özü demişkən, bəh-bəhlə yola
salınıb maşına oturmuşuq artıq. Amma Yeganə xanım arxamızdan hələ də
söyüb, haqqını halal etmədiyini qışqırırdı.