Arvadının telefonunda başqa kişidən olan mesajları tutan kişi onun başını kəsib

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 439
Səs ver:
(səs: 1)

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı övladının gözü qarşısında həyat yoldaşını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Elman Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qadinlar.Biz ittiham aktı əsasında həmin cinayət işinin təfərrüatlarını təqdim edir.

 

"Ya get işinlə məşğul ol, ya da kişisənsə, pencəyini götür bu evdən çıx”

 

Elman Hüseynov istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. O, ifadəsində 1992-ci ildə qohumu Hüseynova Tamilla Adil qızı ilə ailə qurduğunu deyib: "Biz ailə qurduqdan sonra Sumqayıt şəhərində qayınanama məxsus birotaqlı evdə yaşamağa başladıq. 1993-cü ildə İradə, 1994-cü ildə Səbinə, 2005-ci ildə Əli adlı övladlarımız dünyaya gəldi. Mən Bakı-Sumqayıt marşrutu üzrə sürücü işləyirdim. Hər iki qızımız ailə qurub ayrı yaşayırdılar. Son 7-8 ayda ailədə söz-söhbətlər, narazılıqlar yaranmışdı. Bir gün kürəkənim Rauf qızım İradənin əxlaqsız olduğunu bildirib "bu ev elə başdan ayağa fahişəxanadır” dedikdə aramızda mübahisə yarandı. Rauf mənə arvadım Tamillanın başqa kişi ilə Şəki şəhərində otellərin birində kef çəkməklə mənə  xəyanət etdiyini dedi. Daha sonra Raufun atası Rəşid mənə arvadımın "Mersedess-Benz” markalı maşına minərkən gördüyün söylədi. Mən arvadımdan həmin maşına minib-minmədiyini soruşduqda Tamilla acıqlı tərzdə "sənə dəxli yoxdur” dedi. Tamillanı sevdiyimdən mənə xəyanət edəcəyinə inanmırdım. Raufla olan söhbətdən sonra o, qızımız İradəni boşadı. Qızım ayrılıb yaşamaq üçün başqa ünvana köçsə də, harada yaşadığını məndən gizlədirdi. Hadisədən təxminən 2 ay əvvəl mətbəxdə paltaryuyan maşın görüb həmin paltaryuyanın kim tərəfindən alındığını soruşdum. Arvadım hədiyyə edildiyini deyib mənə aidiyyəti olmadığını bildirdi. Son vaxtlar Tamilla evə gəlmirdi. Ondan harada qaldığını soruşduqda "ya get işinlə məşğul ol, ya da kişisənsə, pencəyini götür bu evdən çıx” cavabını  verdi. Arvadım Bakı şəhərində müxtəlif ünvanlarda təmizlik işləri görürdü. Evə gəlməyən günlərdə də işinin çoxluğu ilə əlaqədar həmin ünvanlarda gecələdiyini güman edirdim. Martın 15-də axşam işdən qayıdarkən Tamillanın yenə evdə olmadığını görüb qızım Səbinə və qayınanamdan onun harada olduğunu soruşdum. Onlar yerini bilmədiklərini dedilər. Martın 21-də Tamilla evə gəldikdə ondan bu günlər ərzində harada olduğunu soruşdum. O, acıqlı cavab verərək istədiyi insanla olduğunu, ondan söz soruşmağa ixtiyarım olmadığını dedi. 2013-cü ilin aprel ayının əvvəllərində aramızda növbəti söz-söhbət yarandı. Sevdiyi şəxsin kim olduğunu soruşduqda Tamilla onun cavan, savadlı, vəzifəli və pullu olduğunu, bir-iki gündən sonra mənimlə boşanacağını deyib "istədiyim vaxt sevgilimlə görüşə gedirəm, günlərlə onunla qalıram, bunu sənə dəfələrlə demişəm. Əgər peysərsənsə, mənimlə bir evdə qalıb yaşa, kişisənsə, pencəyini götür evdən get” söylədi. Aprelin 15-də işdən qayıdarkən Tamillaya onu sevdiyim üçün hərəkətlərini ona və uşaqlarımıza bağışladığımı, olub-keçənləri unudub mehriban yaşamağı, etdiyim səhvləri təkrar etməyəcəyimi, ailəmizi maddi cəhətdən tam təmin etməyə çalışacağımı təklif etdikdə arvadım yenə kobud cavab verib artıq münasibətlərin bitdiyini, boşanmağa hazırlaşdığını dedi. Aprelin 16-da saat 22:30 radələrində işdən qayıtdım. Tamilla evdə yox idi. Qayınanamdan onun harada olduğunu soruşduqda o, xəbəri olmadığını dedi. Şam edib otaqda yerdən sərilmiş döşək üzərində yatan azyaşlı oğlumuz Əlinin yanında uzandım. Həmin vaxt otaqdakı divanda qayınanam Aleksandra-Şura yatmışdı. Təxminən bir saatdan sonra Tamilla gəlib paltarlarını dəyişərək oğlumuz Əlinin yanında uzandıqda arvadımdan gecə vaxtı haradan gəldiyini, bu saymazyana hərəkətlərini nə vaxtadək davam etdirəcəyini soruşdum. Tamilla mobil telefonuna gələn və özünün göndərdiyi sevgi mesajlarını, başqa kişi ilə gəzinti və istirahətdə olarkən birgə çəkdirdiyi çoxsaylı müxtəlif şəkilləri göstərib həmin şəxsi sevdiyindən mənimlə yaşamaq istəmədiyini, boşanmaq üçün məhkəməyə ərizə də verdiyini deyib oğlum Əlinin yanında uzanaraq yatdı. Mobil telefonda olan sevgi mesajlarını, şəkil və çəkilişləri gördükdən sonra arvadımın mənə xəyanət etdiyinə, söylənənlərin isə həqiqət olduğuna bir daha inandım. Arvadım Tamillanın qorxub-çəkinmədən həyasızcasına görüşdüyü kişi ilə çəkdirdiyi şəkilləri və sevgi mesajlarını göstərərək mənə acıq verib hissiyyatıma toxunduğundan onu qəsdən öldürmək qərarına gəldim. Mətbəxə keçib siqaret çəkərək xeyli fikirləşdikdən sonra qayınanam Aleksandra-Şuranın oyanıb ayaqyoluna getdiyini gördüm. Bu zaman mətbəxdən qara dəstəkli bıçağı götürüb otağa qayıtdım. Tamillanın yanında yatan oğlum Əlini arvadımın yanından bir qədər kənara çəkib özümə Tamillanın yanında yer elədim. Dizimi yerə qoyaraq onun boğaz nahiyəsindən yapışıb döşəməyə sıxdım. Əlimdəki bıçaqla onun boğaz nahiyəsindən zərbə endirdim. Zərbədən Tamilla yuxudan oyanıb qışqırdıqda oğlum Əli də səsə oyandı. Buna baxmayaraq, sağ əlim ilə onun başını tutub yerə sıxaraq dəhlizdən otağa düşən işıq altında sol əlimdəki bıçaqla boğaz nahiyəsini kəsməyə başladım. Bunu görən oğlum qışqırıb-ağlayaraq "ata vurma, ata vurma” deyib paltarımdan yapışaraq məni kənara çəkməklə hərəkətimə mane olmaq istədi. Ona acıqlanıb dəhlizə keçməyi tələb etdim və Tamillanın boğazını oğlumun gözləri qarşısında kəsərək onu öldürdüm. Oğlum Əlinin qışqırıq səsinə qayınanam ayaqyolundan çıxaraq otağa daxil olub işığı yandırdı. Qızını al-qan içərisində gördükdə nə üçün belə etdiyimi soruşub ona tibbi yardım göstərilməsi üçün kömək çağırılmasını tələb etdi. Tamillanın artıq öldüyünü deyib, vanna otağına keçdim. Qana bulanmış əlimi və bıçağı yuyaraq Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng edib namus üstündə arvadımı bıçaqla qətlə yetirdiyimi bildirib yaşadığım ünvana polis əməkdaşlarının göndərilməsini xahiş etdim”.

 

"Pulum yoxdur, get, trasda dur pul qazan, uşaqlarına bax”

 

İstintaq zamanı ifadə vermiş Hüseynova İradə Elman qızı atasının  yaxşı pul qazansa da, evi dolandırmadığını deyib: "Gündəlik evə 2 çörək pulu verməklə kifayətlənirdi. Anam dolanışıq üçün pul tələb etdikdə atam "pulum yoxdur, get, trasda dur pul qazan, uşaqlarına bax” deyib anamla dalaşırdı. Atam da, bibilərim də anamın xəyanət etdiyini bilirdilər. Atam anama "kiminlə görüşürsən görüş, amma boşanıb məni evdən qovma” deyirdi. Anam atamın onun bütün hərəkətlərini qəbul etdiyini görüb daha da sərbəstləşdi”.

 

Azyaşlı şahid Hüseynov Əli Elman oğlu da ifadəsində göstərib ki, atası işləsə də, anasına hər gün 2 manat verib: "Həmin pulla anam bizi təmin edə bilmədiyindən Bakı şəhərində imkanlı qadınların evində təmizlik işləri aparıb evi dolandırırdı. Anam məni oxuduğum məktəbə aparıb xarici markalı avtomaşına mindirərkən, həmin avtomaşının sürücüsü ilə tanış olmuşdum. Onun adı Elşən idi. Elşən mənə paltar, yemək alıb gəzinti və istirahətə apardığına görə ona "ata" deyirdim. Anam tapşırmışdı ki, Elşən barədə atam Elmana bir söz deməyim. Mən də deməmişdim. Hadisə günü qəflətən qışqırıq səsi eşidib ayıldım. Bu zaman atam Elmanın əlində bıçaq anamın saçından tutub arxaya dartdığını, bıçaqla boğazından vurduğunu, boğazını kəsməyə başladğını görüb qorxdum. Qışqırıb "ata bəsdir, ata vurma” deyib onun paltarından yapışdım. Lakin atam dəhlizə getməyimi tələb etdi və gözümün qarşısında  anamın boğazını kəsib öldürdü”.

 

Şahid Hüseynova Tamilla Adil qızının anası Hüseynova Aleksandra Konstantinovna ifadəsində göstərib ki, kürəkəni qızı Tamilla ilə uşaqlarının gözü qarşısında pul üstündə daim söz-söhbət salıb dava-dalaş edib: "Bu, uşaqların tərbiyəsinə mənfi təsir etdiyindən atalarına hörmət etmirdilər. Nəticədə İradə 15 yaşında, Səbinə isə 17 yaşında qoşulub qaçaraq ailə qurub, bu yolla gündəlik dava-dalaşlardan uzaqlaşdılar. 2012-ci ilin təxminən aprel-may aylarında Tamilla mənə Elşən adlı şəxslə sevişdiyini, bir-birinə qarşı təmiz hisslərinin olduğunu, Elşəni tanıyandan sonra Elmana hərəkətlərinə görə nifrət edib onunla yaşaya bilmədiyini, bu səbəbdən boşanacağını dedi. Qızım Elşənlə tez-tez müxtəlif rayonlara istirahətə gedib günlərlə evə gəlməsə də, mən bunu Elmandan gizlədirdim. Qızımın Bakıda xadimə işlədiyi evlərdə və ya rəfiqələri ilə bir yerdə olduğunu deyib onu aldadırdım.  Hadisə vaxtı ayaqyolunda olarkən Əlinin və qızımın vahiməli qışqırıq səsini eşidib dərhal ayaqyolundan çıxaraq otağa qaçdım. Bu zaman Elmanın qızımı bıçaqladığını gördüm, qışqıraraq "Elman nə etdin, nə üçün 3 uşağı yetim qoydun, nə üçün qızımı öldürdün?” deyib təcili yardım çağırmasını istədim. Elman Tamillanın öldüyünü deyib mətbəxə keçdi”.

 

Şahid Məmmədov Elşən Fikrət oğlu isə ifadəsində 2012-ci ilin iyun-iyul aylarında sosial şəbəkə olan "odnaklassnik”də Tamilla ilə tanış olduqlarını deyib: "Həmin vaxtlar Tamilla özünün 28 yaşı olduğunu və ərindən boşandığını söylədi. Biz mütəmadi olaraq görüşürdük. Tamilla mənə 15 yaşında ərə getdiyini, iki uşağının olduğunu, bir ünvanda yaşasalar da, əri ilə heç bir münasibəti olmadığını, ərinin mətbəxdə gecələdiyini, maddi cəhətdən ona və uşaqlarına heç bir kömək etmədiyini, bu səbəbdən ərindən asılılığı və çəkinəcəyi olmadığını bildirirdi. Tamillanın xüsusi evlərdə təmizlik işləri apardığını biləndə buna imkan verməyərək onu maddi cəhətdən təmin etdim. Evdə işlərini yüngülləşdirmək üçün ona paltaryuyan maşın da aldım. Tamilla mənə ərindən boşanacağını deyirdi. Mən isə ona ərindən boşanmamağı, boşanarsa belə, onunla ailə qurmayacağımı bildirirdim”.

 

Məhkəmənin hökmü

 

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə cinayət işini hərtərəfli araşdırdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, Elman Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

(səs: 1)
Şərhlər: 8
Baxılıb: 5 439
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri