O, bizim məktəbə 7-ci sinifdə gəlmişdi.
Gəldiyi ilk gündən də hamımızla isnişdi, mehriban oldu. Siniflə
keçirdiyimiz bütün tədbirlərdə, yay tətillərində getdiyimiz bütün
səfərlərdə fəallıq edirdi. Qısa zamanda sinfin həm oğlanları, həm də
qızları ilə yaxınlaşmışdı. Hətta illərlə bizimlə bir yerdə oxuyan
yoldaşlarımızın çoxundan daha yaxın olmuşdu. Sinifdəki bəzi oğlanlar
ara-sıra qızlara söz də atırdılar: -Neçə ildir, sizinlə oxuyuruq, hələ
bir bazar bizimlə görüşüb kəlmə kəsməmisiniz, amma hər həftəsonu Elxanla
bulvardasınız. Bizi ona bilmədiyimiz bir səbəb bağlayırdı. Özümüz də
hiss etmədən sinfin demək olar ki, bütün qızları onu çox istəyir, ondan
ötrü darıxırdıq. Elxan həm dərslərini yaxşı oxuyur, həm də öz
mehribanlığı və tərbiyəsi ilə müəllimlərin sevimlisinə çevrilirdi. Bu
mehribanlıq zaman keçdikcə qəribə bir doğmalığa dönürdü. Onda hələ
sevginin dadını bilmir, bir oğlana könül verməyin nə demək olduğunu
anlamırdıq… Nə az, nə çox, düz dörd il bir sinifdə oxuduq. Bu dörd ildə
aramıza təzə gələnlər də çox olmuşdu, gedib başqa şəhərlərdə, başqa
məktəblərdə oxuyanlar da. Elxan isə ildən-ilə sinif yoldaşlarımızın
arasında daha çox hörmət qazanmış, daha da çox parlamışdı. Universitetə
hazırlaşmağa başlayanda onunla bir repetitorun yanına gedirdik. Sözləşib
hazırlıq vaxtımızı da bir saata salmışdıq. Məktəbə də, hazırlığa da
birlikdə gedir, birlikdə qayıdırdıq. Universitetə hazırlığın ən qızğın
vaxtında bizim ailəmiz də böyük bir skandal oldu. Anam atamın
telefonunda bir qadın mesajı tutmuşdu: -Yatmamışam, səni gözləyirəm…
Artıq ox yaydan çıxmışdı. Bütün qohum-əqrəba tökülüşüb anamı
sakitləşdirməyə çalışsa da, mümkün olmadı. Qərar qəti idi: O ayrılmaq
istəyirdi. Hətta mənim bu həyəcanlı vaxtımda hər şeyin alt-üst olacağı
qorxusu belə yox idi onda. O, qəti fikrini bildirdi və atamla ayrılmaq
qərarına gəldi. Ağır günlərdə Elxan mənə çox dəstək oldu. Universitetə
hazırlaşmaq fikrindən daşınmaq istədiyimi eşidəndə mənimlə ciddi söhbət
elədi, məni yenidən həyata mübarizəyə qaytardı. Beləliklə, yenidən
toparlanıb təhsil almaq fikrimi qətiləşdirdim… Həftələr, aylar keçdi.
Biz son zəng hazırlığına başladıq. O dövrdə də pal-paltar almağa Elxanla
birlikdə getdik, onun bəyəndiyi paltarı seçdim, o da mən bəyəndiyim
paltarı. Lap uzun illərin ər-arvadı kimi. Son zəng günü qızların ən
gözəli mən, oğlanların ən yaraşıqlısı o idi. Sevincimiz yerə-göyə
sığmırdı. Biz orta məktəbi bitirib həyata atılır, universitetə qəbul
olub peşə sahibi olmağa tələsirdik. Tədbirimizin şirin yerində Elxan
məni bir kəınara çəkib ürəyini açdı: -Dörd ildir bir sinifdə oxuyuruq.
Bu illər ərzində sənə sevgim-məhəbbətim dama-dama göl olub. Səni əvvəl
bir sinif yoldaşı kimi çox istəmişəm, sonra bir dost kimi. İndi isə bu
əlamətdar gündə hiss etdiklərimi dilə gətirmək istəyirəm. Elxan
danışdıqca ürəyim ağzıma gəlir, qulaqlarıma kimi qızarırdım. Onun dediyi
sözlərin arasındakı nəfəs dərmələr bir il qədər uzun gəlirdi mənə:
-Bilirsən, açığı mənim səndən xoşum gəlir. Sənin gözəlliyin, tərbiyən,
əxlaqın məni heyran edib. İstəyirəm anama gəlin olasan. Ürəyim köksümə
sıxmırdı. Əlim-ayağım od tutub yanır, nə edəcəyimi, nə deyəcəyimi
bilmirdim. Elxan cavabımı gözləmədən məni öpdü. Beləcə, mən ilk öpüşün
dadını duyub ilk məhəbbətin sevincini yaşadım. Eıxanın boynuna sarılıb
onun sevgilisi olmağa, onunla evlənməyə razılıq verdim. Hər ikimiz
universitetə yüksək nəticələrlə qəbul olunduq. Ballarımız arasında çox
fərq yox idi. İkimiz də eyni universitetin eyni fakültəsini yazdıq.
Yayda da nişanımız oldu. Nişandan sonra Elxan bizim evin əziz qonağına
çevrilmişdi. Demək olar ki, hər gün bizə gəlir, atam gedəndən sonra
kişisiz qalan ocağımıza kişi nəfəsi gətirirdi. Bir-iki gün gəlməyəndə
anam özü zəng eləyib onu çağırır, gözəl yeməklər bişirir, başına pərvanə
olurdu. Onların arasındakı mehribanlığı görüb bəzən zarafat da edirdim:
- Bahoo, mamam heç məni bu qədər əzizləmir. Elxanla anam gülüşürdülər:
-Nədi, paxıllıq eləyirsən? Elxan universitetdə birinci növbə, mən ikinci
növbə oxuyurdum. Bəzən elə olurdu ki, Elxan dərsdən çıxıb bizə gedirdi.
Mən evə gedəndə o, bizdə olurdu. Artıq dərsdən çıxıb onu bizdə görməyə
öyrəncəli idim… Bir dəfə elə oldu ki, axırıncı dərsimiz boş oldu, mən
xəbər-ətər eləməmiş evə gəldim. Qapının zəngini basdım, qapını üzümə çox
gec açdılar. Evə girən kimi Elxan da, anam da məni sorğu-suala
tutdular: - Niyə tez gəldin, Bəs qayib yazılmazmı? Heç olmasa, bizə
xəbər eləyərdin… Onların üz-gözünün qıpqırmızı qızarması məni
şübhələndirmişdi, amma ağlıma gələn fikirləri şeytan dürtməsi bilib
özümdən uzaqlaşdırmaq istəyirdim: - Deyəsən, mənim gəlməyimi
istəmirdiniz, geri qayıda bilərəm, problem yoxdur. Elxanla anam mənim
ikibaşlı sözüm qarşısında bir neçə saniyəlik özlərini itirdilər. Anam
tez-tələsik məni qabaqlamaq istədi: -Yaxşı, yaxşı, dədən kimi hər sözdən
söz çıxartma. Biz narahat olduq. Dedik, birdən icazəsiz gələrsən, qayib
yazarlar sənə. Mısmırıq sallama, gəl çörəyini ye! O gündən sonra bütün
beynim qarışdı. Qara-qura şübhələri özümdən qovmaq istədikcə onlar daha
çox gəlirdilər üstümə. Bir gün qərarımı qətiləşdirdim: Onları
yoxlamalıydım! Evin açarının surətini çıxardım. Elxanla universitetin
qabağında həmişəki vaxtda-o, dərsdən çıxanda, mən dərsə gedəndə
görüşdük. - Bizə gedirsən? -Hə, sən nə vaxt gələcəksən? - Bu gün dərsdən
çıxanda qızlarla bir az gəzişmək istəyirik. Sən get otur bizdə, mən
axşam gələcəm. Yaxşı, danışdıq… Birinci dərsdən sonra evimizə getdim.
Yavaş-yavaş hiss elətdirmədən, çox sakitcə qapımızı açdım. Nə qonaq
otağnda, nə mətbəxdə heç kim yox idi. Barmaqlarımın ucunda yataq otağına
tərəf getdim. Yataq otağından sevişmə səsləri gəlirdi. Dünya başıma dar
olurdu, gördüklərimin yuxu olması üçün nələrdən keçməzdim. Qapını
yavaşca araladım. Anam nişanlımın qoynunda xumarlanırdı… *** Uzun müddət
müalicə aldım. Universitetdə təhsilimi bir illik dondurdum. Atam nə
qədər xahiş etsə də, ona nə nişanımın qayıtma səbəbini nə də anamla
yaşamaqdan niyə imtina etdiyimi demədim. Heç onunla da yaşamağa razılıq
vermədim. İndi tələbə qızlarla kirayədə qalırıq. Təhsilimə yenidən
başlamışam. Eyni zamanda, bir nəşriyyatda korrektor kimi çalışıram. Özüm
özümə söz vermişəm: Həyatda hər şeyin ola biləcəyinə özümü inadırmalı
və yenidən yaşamağa, yenidən həyat atılmağa hazır olmalıyam!