Heç adi siğə də elətdirmirlər yatağa girməzdən qabaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 474
Səs ver:
(səs: 0)
Qadınlar.Biz Sevinc Elsevərin maraqlı yazısını sizlərə təqdim edir.
 
 
Azərbaycanlıları tənqid eləyəndə yazı yaxşı "like" yığır. Gəlin, bir az tənqid eləyək özümüzü.
 
Nağıllarımızdan danışacam. Biri bir az gop eləyən kimi bizdə belə deyirlər: "Nağıl danışma e mənə, uşaq-zad yoxdu qabağında "...
 
Kim deyir ki, nağıllar uşaqlar üçündü? Nağılları vaxtilə böyüklər özləri üçün uydurublar. İsti odun ətrafında oturublar, od çırta-çırtla yanıb, bunlar da ağızlarına gələni danışıblar, olub nağıl. Uşaqlar o zamanlarda erkən yatırdılar, indiki kimi o yana qovanda, adamın üstünə gəlmirdilər.
 
Nağıllar böyüklərin əyləncəsiydi. Nağıllar da filmlər kimidi. Ailə içində danışıla bilən, camaat içində danışıla bilən, qrup içində, dostlar arasında, yaxud elə iki nəfər arasında danışıla bilən. Lətifələr də elə bu cürdü. Elə lətifə var ki, hətta ərin arvadına danışması ayıbdı. Amma biz bu lətifələrin hamısını əzbər bilirik. Çünki ərlər arvadlarına, arvadlar ərlərinə danışır lətifələri.
Azərbaycan xalq nağıllarının 5 cildliyi buraxılıb. Özünü öldür, yaxanı cır, istəyirsən göyə dırmaş filan yerinlə, o 5 cildliyin içində elə bir nağıl tapmazsan ki, uşağına oxuya biləsən - içində qan, ölüm, baş kəsmək, arvadbazlıq və s. olmasın. Nağıllarımızın əksəriyyəti çoxarvadlılığı təbliğ edir. Bu lap dəhşətdi! Qəhrəman bütün bəlalardan keçir, qorxulu əjdahaları, divləri öldürür, axırda üç arvad almaqla mükafatlandırılır. Minimum 3 arvaddı. Bu nağıllar müxtəlif dövrlərdən keçib gəlib, əlbəttə. Orta əsrlərdə Azərbaycanda mövcud olmuş pis ənənələri də süngər kimi özünə hopdurub. İndi bu nağılları əl dəymədən, olduğu kimi uşaqlara təqdim eləsək, biz nəinki onları qorxudarıq, ödləri ağızlarına gələr, biz onları tərbiyəsiz, qəddar böyüdərik.
 
Qayınatalar gəlinlərinə tamah salır, oğlunun arvadını əlindən almaq üçün oğlunu öldürür, atasının taxtına sahib olmaq üçün oğul atasını öldürür. Eyş-işrət dizəcən. Baxırsan nağılın içi islamdan gələn motivlərlə doludu. İçində siğə qardaş olmaqdan, üç arvadlılıqdan filan danışılır. O yandan da nağılın qəhrəmanları kefi-damaqdadırlar. Heç adi siğə də elətdirmirlər yatağa girməzdən qabaq.
 
Nağılçı çoxlu yalan-palanla, çoxlu əcaib məxluqlarla, hadisələrlə doldursa da nağılı, insan münasibətləri realdı. Dialoqlar o qədər dəqiq işlənir ki, nağılçının bu yalan-palanın fonunda real həqiqətləri danışdığına adamın şəkk-şübhəsi qalmır. Və bunu düşündükcə adam dəhşətə gəlir ki, həmin insan münasibətləri günümüzdə də olduğu kimi qalmaqdadı. Ögey analar yenə qəddardı, bacı bacının paxıllığını çəkir, qardaş qardaşın ipini kəsir, qızına, gəlininə göz dikən atalara, qardaşlaracan var cəmiyyətimizdə. Gözümü açandan nənələrimdən, anamdan bu məsəli eşidirəm mən: bacı, bacı olsaydı, bacının altına it küçüyü atmazdı. Bu "Üç bacı" nağılındadı. Üç bacı bir padşahın arvadı olurlar. Sonbeşik bacı padşahdan kəkillərinin yarısı qızıl, yarısı gümüş uşaqlar doğur, böyük bacıları paxıllıqdan ölür, partlayır. Uşaqları götürüb yerinə it küçükləri qoyurlar ki, padşah bunları ondan az sevməsin.
 
Əslində bu nağıllar böyük, ağlı başında olan adamlar üçün olanda heç bir problem yoxdu. Böyüklər üçün bu nağıllar nəinki tərbiyəli, həm də əyləncəlidi. Bütün nağıllarımızın sonunda şər məğlub olur, xeyir qalib gəlir. Günahkarlar cəzasına çatır, layiqlilər səadətə.
 
Amma bu nağılları amandı, uşaqlarınıza oxutmayın! Hətta Göyçək Fatma nağılını da uşaqlarınıza oxutmayın. Bu nağıldakı vəhşilik, qəddarlıq, mən böyük adamam, məni qorxudur. Göyçək Fatmanın qardaşı çevrilib inək olur, ögey anası bunu bilə-bilə ərinə dirəşir ki, inəyi kəs, ər də inəyi kəsir, yazıq Göyçək Fatma inəyin sümüklərini yığıb qarıya gətirir, qarı sümükləri basdırıb deyir: qorxma, qardaşın indi də xoruz olacaq! Axırda da o yazıq oğlan heç yada düşmür ki, təzədən döndərib adam eləsinlər. Bu nağılı uyduran adamın sadizmlə əlaqəsi olmadığına təəccüblənir adam. Hiçkok qələt eləyir, yəni. Markiz de Sad da onun yanında.
(milli az)
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri