Sitarənin gəlmədiyini görən Sahibov oyuna gəldiyini anlayıb.
Keçən şənbə günü Bakıda eşqbazlıq etmək istəyən adam oyuna gəlib. Paytaxt "kəniz”lərindən biri macəra axtaran kişini aldadıb. Eşqbazlıq alınmasa da, unudulmaz xatirə və adrenalin 100% var idi.
Qadinlar.Biz xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, Nərimanov rayon 17-ci polis bölməsinə 45 yaşlı Cəlilabad rayon sakini Məmməd Sahibov (ad və soy ad etik normalara görə dəyişdirilib) müraciət edib. Müraciət edən şəxs naməlum kişi və qadın tərəfindən döyülərək, bıçaqla hədələndiyini deyib. Onun sözlərinə görə, ondan 200 manat və mobil telefonunu alıblar.
Amma istintaq zamanı məlum olub ki, kişi yalan deyir.
Aydın olub ki, o, may ayının 31-də saat 23.00-da Təbriz küçəsi 95 ünvanında yerləşən parkda telefonda tanış olduğu Sitarə adlı qadınla görüşüb. Sahibov onunla intim münasibətdə olmaq istədiyini söyləyib. Cavabında isə Sitarə bunun müqabilində 50 manat istəyib. Kişi pulu verib, amma Sitarə ona bir qədər gözləməli olacağını söyləyib, Sahibovu skamyaya əyləşdirib gedib. İlk 10 dəqiqə sakit otursa da, yarım saat keçdikdən sonra Sitarənin gəlmədiyini görən Sahibov oyuna gəldiyini anlayıb. Acıqlanan kişi "102”yə zəng edərək qarət olunduğunu deyib.
Əlbəttə ki, polis idarəsinin əməkdaşları Sitarənin axtarışı ilə məşğul olmayıblar, Sahibov 50 manatı ona özü verib. Eşqbaza isə gələn dəfə qadınlarla daha ehtiyatlı olmağı məsləhət görüblər.(oxu.az)