Günel: "Uşağımın atasını hamı tanıyır"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 666
Səs ver:
(səs: 2)
Qadınlar.Biz xəbər verir ki, bir neçə gün öncə ana olan Günel Ələkbərova teleqraf.com saytına müsahibə verib.

Müğənni yenicə doğulan qızı Məryəmxanımdan, onun atasından, kilo almasından və səhnəyə nə zaman qayıdacağından danışıb.

- Günel xanım, hazırda özünüzü necə hiss edirsiniz? Qızınız necədir?

- Şükür Allaha, hər ikimiz də yaxşıyıq. Balaca da hər gün bir az daha böyüyür (Gülür).

- İlk dəfədir övlad sahibi olursunuz. Çətin deyil, ümumiyytlə, ana olmaq necə hissdir?

- Bu hissləri sözlərlə ifadə etmək mümkün deyil. Allah bütün subay və övlad arzusunda olan hər kəsə qismət etsin. Analıq tam başqa və fərqli duyğudur, gözəl daddır.

- Ana olmağınız ani oldu, yoxsa bunu əvvəlcədən planlaşdırmışdınız?

- Övlad Allah tərəfindən verilən paydır, planla deyil. Qərara gəldik ki, bizə övlad lazımdır. Hər ikimizin də istəyi və atasının rizası ilə uşağı dünyaya gətirdim.

- Qızınızın gələcəkdə bacı və qardaşlarının olmasını istəyirsiniz?

- Əlbəttə ki, Məryəmxanımın bacı və qardaşları olacaq. Övlad sahibi olmaq elə gözəl bir duyğudur ki. Niyə də olmasın?!

- Valideynləriniz nikahdan kənar övlad dünyaya gətirməyinizi necə qarşıladılar?

- Bütün ailə üzvlərim uşağımın atasını tanıyırdılar. Çünki biz onunla üç il idi ki, münasibətdə idik. İlk başdan ailəmdə anam narazı idi. Narazılıq oğlanın evli olmasından dolayı idi. Amma vallah, xoşbəxtlik "ZAQS”la deyil. Əsas odur ki, kəbinimiz var, övladım halallıqla dünyaya gəlib. O, övladının arxasındadır, ata kimi özünü doğruldur. Bunu hamı da görür. Artıq ailəm də ona güvənir. Ona görə də hazırda heç bir narazılıq yoxdur. Onu da deyim ki, indi Məryəmxanım nəinki ailəmin, hətta bütün nəslimin maraq və diqqətindədir.

- O, qızına soyadını verib?

- Əlbəttə ki, verib. Elə şey olar ki, verməsin?! Atası onunla nəfəs alır. Qızım məndən daha çox atasının istəyi ilə dünyaya gəlib.

- Qeyd etdiniz ki, uşağınızın atası evlidir. Məryəmxanım onun neçənci övladıdır?

- Üçüncü.

- Gələcəkdə münasibətlərinizi rəsmiləşdirmək niyyətiniz var?

- Hər şey qismətdəndir. Evliliyi, xoşbəxtliyi nikahla bağlamaq lazım deyil. Bilirsiniz ki, mənim ilk evliliyim nikahla, yəni rəsmi qaydada olmuşdu. Amma həmin evlilik sadəcə, bir kağız üzərində idi. İnsan xoşbəxtliyi üçün bir kağız parçası heç nəyi həll etmir. O qədər nikahla evlənib, daha sonra ayrılanlar var ki... Yenə də deyirəm ki, əsas uşağımı halallıqla dünyaya gətirməyimdir. Qızım bütün ailəmizin, nəslimizin sevincidir. Ailəmizə günəş doğub, Allah qızımı bədnəzərdən saxlasın. Hamıya övlad qismət olsun.Yəni əsas bunlardır. Bir kağız parçası heç nəyi həll etmir. Nikaha girirlər, bir aydan sonra ayrılırlar ki... bu mənim də başıma gəlib. Kimliyindən və şəxsiyyətindən asılı olmayaraq, kimsə mənim körpəm haqqında nəsə xoşagəlməz söz desə, o adamı parçalayaram. Mən bir yana, atası edər bunu!

- Məryəmxanım kimə bənzəyir?

- "Papa"sına oxşayır. Üzünün yumruluğundan isə mənə bənzəyir. Allah bəxtini, taleyini gözəl etsin qızımın. Bütün uşaqlar xoşbəxt olsun!

- Uşağı niyə hamıdan gizlədirsiniz?

- Bizdə adət var, 40 gündən sonra uşağı göstəririk. Bütün dostlarım, rəfiqələrim uşağı görmək istəyirlər. Onlar hamısı xəstəxanaya gəlmişdilər. Onda qızımızı görməmişdilər. Hamı "şəkil, şəkil” deyirdi. Bir həftə bundan öncə İnstagram-a dostlarımın istəyi ilə qızımın şəklini qoydum. Məryəmxanımın bir həftəsi də 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi gününə təsadüf etmişdi. Qızımın şəklini qoymaqla bütün internet saytlarında paylaşıldı. Hətta maqazin proqramları da göstərdilər. "Papa”sı da bir az narazılıq elədi ki, paylaşma, uşağın 40-ı çıxardı, sonra qoyardın. Sözüm onda deyil. Deməli, mənəvi cəhətdən kasad insanlar şəklə xoşagəlməz şərhlər yazdılar. Halbuki, özlərinin soyları, kökləri bilinmir ki, kimdirlər. Bu kimi xoşagəlməz sözlər isə doğrudan da, insanı qıcıqlandırır. Övladım haqqında kiminsə nəsə deməsinə yol vermək istəmirəm. O insanlara demək istəyirəm ki, Allah onlara da belə gözəl pay versin.

Amma halallıqla, mənim kimi. Onlar da başa düşsünlər ki, övlad sahibi olmaq nə deməkdir. Sonra oturub, kiminsə körpəsini müzakirə etsinlər. Heç kim heç kimin həyatını bilmir. Mən şəxsi həyatımı gizli saxlayıramsa, bu o demək deyil ki, mənfi nəsə var. Xeyr, mənim həyatımda mənfi heç nə yoxdur. Normal həyat tərzi yaşayıram. Haqqımda ağızlarına gələni danışanlara üzümü tuturam – heç olmasa, Allahdan qorxun. Oturub, internetdə kimlərisə müzakirə edirlər. Öz keçmişlərindən, özlərindən-sözlərindən xəbərsiz insanlardır. İnandırım sizi, həmin o adamlar məni görəndə, şəkil çəkdirmək üçün min cildə girirlər.

- Uşağınızın atası adının açıqlanmasını özü istəmir?

- Əksinə, o, deyir ki, uşağın 40-ı çıxandan sonra birgə şəkillərimizi yayımlayaq. Qızımızın doğum evindəcə atası ilə fotosessiyasını etdirmişdik. Biz hər yerə birgə getmişik, indi də gedirik. O, uşağın şəkillərini öz saytına yerləşdirəcək. Hətta Məryəmxanımın şəklini öz Facebook-unda paylaşmışdı. Sonra çıxardı ki, uşağa nəzər dəyər.

- Əgər belə deyilsə, niyə onun adını ciddi-cəhdlə gizlədirsiniz?

- Onun adını deməyə nə ehtiyac var? Onsuz da onu hamı tanıyır. Bununla özümü niyə reklam edim ki? Onun adını açıqlamaq istəməməyim, ondan irəli gəlmir ki, uşağım qanunsuz dünyaya gəlib. Uşağım halallıqla dünyaya gəlib. Onun dağ kimi atası var. Uşağım üç il münasibətdə olduğum bir şəxsdəndir. Onu da hamı tanıyır. Sadəcə, bu mənim şəxsi həyatım olduğuna görə, hamiləliyimi gizli saxladım. Efirə də çıxmırdım. Məncə, düzgün deyil ki, hamilə vəziyyətdə efirə çıxasan.

- O, ailəsindən boşanıb?

- Yox, boşanmayıb. Hələlik kağız üzərində evlidirlər. Vallah, ayrılıb deyəndə ki, biz bir yerdəyik də. O, ailəsindən ayrılmasaydı, hər halda indi biz bir yerdə olmazdıq. Onlar sənəddə evlidirlər. Bilirsiz, bunlar şəxsi məsələlərdir, mən danışmaq istəmirəm. Əsas odur ki, uşağım halallıqla dünyaya gəlib. Biri var ki, uşağın kimdən olduğu bilinmir, o başqa məsələ. Amma mənim uşağım 3 il bərabər olduğum və dəyər verdiyim insandan dünyaya gəlib. Bütün hiss və münasibtlər də qarşılıqlıdır. Başqalarının da şəxsi həyatına qarışmaq istəmirəm. Yəni heç kimin haqqına girmək istəmirəm.
 
- Gələcəkdə Məryəmxanımın ögey bacı-qardaşı ilə görüşməyinə, ünsiyyətdə olmağına icazə verəcəksiniz?

- Onların görüşməyinə, ünsiyyətdə olmağına heç vaxt mane olmaram. Əksinə.
 
- Səhnəyə nə zaman qayıdacaqsınınız?

- İnşallah. Uşağın atası da səhnəyə qayıtmağıma etiraz etmir. Çünki o, mənə hər zaman dəstək olub. Hər zaman yanımda olub. Onu bütün şou-biznes tanıyır. Çünki bütün məclislərə, hər yerə mənimlə birlikdə gedib. Xasiyyətində qısqanclıq var, amma sənətimə mane olmur. Həm də mən ona əvvəldən demişdim ki, heç bir zaman sənətimi atmayacağam. Düzdür, ailə birinci yerdədir. Amma əgər sənətim mənə mane olmursa, övladıma vaxt ayıra bilirəmsə, hər bir işimi çatdırıramsa, niyə də oxumayım?! O, buna qəti qarışmır.

- Uşaqdan sonra kilo almısınız?

- Ana olmazdan öncə 53 kiloqram idim. Hamiləlik zamanı 73 oldum. Hazırda isə 63 kiloqramam. İnşallah, uşağımın 40-ı çıxandan sonra arıqlayacağam. Birdən-birə kilo ata bilmərəm. Çünki uşağa süd verirəm, bunun üçün də normal qidalanmaq lazımdır. Amma onu da deyim ki, həddən artıq kilo almamışam.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 666
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri